Dünyanın ərzaq böhranı ilə üzləşmək təhlükəsinin getdikcə artmasına dair edilən xəbərdarlıqların sayı çoxalır. Məsələyə yenidən nəzər salan məşhur “The Times” nəşri Beynəlxalq Hesablaşmalar Bankının (BIS) ekspertlərinə istinadən yazır ki, Rusiya neftindən imtina ilə qlobal ərzaq böhranı başlaya bilər.
Beynəlxalq Hesablaşmalar Bankı xəbərdarlıq edib ki, Avropa ölkələrinin Rusiyadan yanacağın tədricən ləğvi planları taxılın bioyanacaq kimi geniş istifadəsinə səbəb ola bilər. Bu da, öz növbəsində, Ukraynada xüsusi əməliyyat başlayandan sonra artan ərzaq qıtlığının daha da böyüməsinə səbəb olacaq. Həmçinin bu qərar xam neftin bahalaşması şəklində qlobal iqtisadiyyata əlavə təsir göstərəcək: “Davamlı olaraq yüksək neft qiymətləri taxıl və digər məhsulların bahalaşmasına təsir göstərə bilər. Əsas heyvan yemi olan bitkilərlə bağlı qiymət dəyişiklikləri isə tez bir zamanda digər ərzaq məhsullarının qiymətlərində də əks oluna bilər”. Avropa statistika agentliyi olan “Eurostat”ın məlumatı da bioyanacaq kimi istifadəsi artan taxılın getdikcə bahalaşdığını göstərir. Qurum bildirir ki, Avropa İttifaqı ölkələrində çörək heç vaxt indiki qədər baha olmayıb. Belə ki, cari ilin avqust ayında ötən illə müqayisədə orta hesabla 18 faiz artım olub. “Eurostat”da inflyasiyanın səbəbi kimi Ukraynadakı vəziyyət, bu ölkənin taxılının qıtlığı və enerji böhranı göstərilir. Bildirilir ki, Avropa İttifaqında çörəyin qiymətindəki artım avqust ayında 10 faizə yüksələn inflyasiyanı keçib. Məlumata görə, Ukrayna xüsusi əməliyyatla əlaqədar limanlarından gübrə və məhsul göndərə bilmədiyi üçün qlobal ərzaq təchizatı kəsilib və bu da vəziyyətə ciddi təsir edir. bu vəziyyətdə əksər ölkələr, o cümlədən də Avropa hələ də inflyasiya əsiri olmaqda davam edir. Bu günlərdə aparılan sosioloji sorğunun nəticələrinə görə, respondentlərin yalnız 6 faizi ümumi qiymət artımını öz üzərlərində hiss etmirlər. Rəyi soruşulanların üçdəbiri etiraf ediblər ki, qiymət artımı onlara “daha güclü” zərbə vurub. Avropalıları daha çox narahat edən ərzaq məhsullarının, yanacağın və enerji daşıyıcılarının bahalaşmasıdır. Sorğuda iştirak edən dörddə üçü inflyasiyanın onların ailə büdcəsinə təsirindən narahatdır. Rəyi soruşulanların yarısı bildirib ki, onların ailələrində ümumi xərclər azaldılıb, digər 40 faiz isə bunu həyata keçirmək barədə planlarını açıqlayıblar. Respondentlərin 90 faizi endirimlər təklif edən bazarın öyrənilməsindən sonra alış-veriş etmək niyyətindədirlər. Sorğuda iştirak edənlərin üçdəbiri restoranlara, dörddəbiri isə mədəni tədbirlərə gedişi artıq azaltdıqlarını bildirib. Respondentlərin təqribən 20 faizi əlavə qazanc imkanlarını nəzərdən keçirirlər. Beynəlxalq Hesablaşmalar Bankı isə artan enerji və ərzaq qiymətlərinin Avropa ilə yanaşı, dünyanın əksər ölkələrdə rekord inflyasiyaya səbəb olduğunu bildirib. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı isə bildirir ki, dünyada ac insanların sayı üç il ərzində - 2019-cu ildən bəri 828 milyon nəfərə çatıb. Qurumun baş direktoru Qu Donqyun bəyan edib ki, vəziyyət getdikcə pisləşir: “Biz hazırda ərzaq əldə etmək böhranı risqi, eləcə də önümüzdəki aylarda ərzaq mövcudluğu böhranı ilə üzləşə bilərik”. Onun sözlərinə görə, kənd təsərrüfatı sistemləri kövrəkdir və tədarük zəncirləri təzyiq altındadır: “Dünya ərzaq böhranı ilə üzləşə bilər. Qida təhlükəsizliyinin miqyası qorxuludur. Aclıq səviyyəsi qəbuledilməz dərəcədə yüksəkdir. Son iki ildə aclıq Ukrayna ətrafında baş verən hadisələr, qlobal və milli iqtisadi sarsıntılar, planetin hər küncünə təsir edən iqlim böhranı da daxil olmaqla münaqişə və sabitliyin pozulması nəticəsində kəskin şəkildə artıb”.
BMT-nin baş katibi Antoniu Quterreş də ərzaq böhranının getdikcə daha qaçılmaz olduğunu vurğulayır: “Dünya birliyi Rusiya gübrələrinin bazarlara çıxışı problemini həll etməlidir, əks halda gələn il dünya ərzaq qıtlığı ilə üzləşəcək. Gübrə bazarlarını normallaşdırmasaq, 2023-cü ildə qida sektorunda problemlərlə üzləşəcəyik”. Baş katib əlavə edib ki, BMT ərzaq və gübrə ixracı qarşısındakı maneələri aradan qaldırmağa tam sadiqdir. Qeyd edək ki, hazırda hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının əsas şərtlərindən biri etibarlı ərzaq təminatıdır. Ölkəmizdə bu məsələ daim dövlətin diqqət mərkəzində saxlanılır. Bu da təsadüfi deyil. Azərbaycan nəzərə alır ki, son illərdə dünyada baş verən qarşıdurmalar, müharibələr, miqrant axını, enerji daşıyıcılarının qiymətinin kəskin artması, aparıcı ölkələrin maliyyə bazarlarında baş verən neqativ meyillər, koronavirus pandemiyasının dünyanın başı üzərini alması, əhalinin sayının çoxalması nəticəsində ərzaq məhsullarına olan tələbat daha da artıb. Eyni zamanda, iqlim dəyişkənliyi, su ehtiyatlarının məhdudluğu və digər səbəblərə görə əsas ərzaq məhsullarının dünya bazarlarında qiymətləri artmağa başlamış, bəzi ölkələrdə ərzaq qıtlığı özünü açıq şəkildə büruzə verib. Bu fonda Azərbaycan dövlətinin reallaşdırdığı siyasət ölkəmiz ərzaqla təminat sarıdan təhlükələrlə qarşılaşmayacaq. Xüsusən də Rusiyadan sifariş verilən qədər taxıl daxil olması Azərbaycana əlavə üstünlüklər qazandırır. Bu, o deməkdir ki, əhalimizi ciddi qıtlıq gözləmir. Elə sahələr var ki, məsələn, heyvandarlıq məhsulları və quş əti ilə ölkə özünü tam təmin edir. Ərzaq təhlükəsizliyi təminatının prioritet sahə olduğunu bəyan edən dövlət bu sahəyə getdikcə daha çox diqqət yetirir. Xüsusən də işğaldan azad edilmiş ərazilərdə bu il 50 min hektar sahədə taxıl-əkilib becərilib. Növbəti ildə 100 min hektar əkilməsi nəzərdə tutulub. Torpaqlar minalardan təmizləndikcə əkin sahələri də artırılacaq. Bu da ölkənin zəruri əraq məhsulları ilə təminatında mühüm rol oynayacaq.
Ramil QULİYEV