Kütləvi informasiya vasitələri və elm-təhsil proqramları...

22 Sentyabr 2022 17:43 (UTC+04:00)

Elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının hazırlanması xüsusi bacarıq və qabiliyyət tələb edir. Xalqın ideologiyasının təbliğində bu tip proqramların rolu əvəzsidir.

Şübhəsiz ki, bu cür proqramlar köhnə üsulda qala bilməz və bu sahədə çox ciddi yeniliklərin olması arzuediləndədir. Bu sahədə olan verilişlərin yeni dünya düzəninə uyğun şəkildə təkmilləşdirilməsi də çox vacibdir. Əlbəttə, Azərbaycanda müxtəlif layihələr çərçivəsində bu istiqamətdə mühüm işlər görülür. Ekspertlərin fikrincə, ölkəmiz tarixən dünyanın elm-mədəniyyət ocaqlarından biri olub və indən sonra da bu yolda irəliləməkdə maraqlıdır. Ekspertlər deyirlər ki, bu sahənin təbliğində isə elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının daha da təkmilləşdirilməsinə ciddi ehtiyac var.

Televiziyalarda elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının hazırlanması istiqamətində görülən işlərin vəziyyəti, səviyyəsi ekspertləri tam qane etməsə də bu sahədə nailiyyətlər də az deyil. Bir sıra mütəxəssislərə görə, Azərbaycanın ali təhsil müəssisələri, Akademiyada çalışan alimlər müəyyən addımlar atıb, müxtəlif proqramların üzərində işləyib və zaman-zaman bəlli nəticələrə nail olublar. Alimlərin bu sahədə daha da irəli getməsinin zəruri olduğunu vurğulayan ekspertlərin fikrincə, bu sahədə çoxlu işləmək tələb olunur.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov deyib ki, son illər ölkədə elmi-kütləvi, mədəni-maarif  və təhsil proqramlarının hazırlanması istiqamətində mühüm işlərin icrası prosesi intensivləşdirilib:“Hesab edirəm ki, bütün bunlar yetərli deyil. Nəzərə almaq lazımdır ki, hazırda hər bir ölkənin inkişafı onun təhsili və elminin inkişafı ilə bilavasitə bağlıdır. Doğrudur, Azərbaycanda da müəyyən işlər görülür, amma dünyada da bu sahədə daha çox yeniliklərə imza atılır, uğurlar qazanılır. O baxımdan ölkədə bu proseslərin daha sürətləndirilməsinə ehtiyac var. Son illər xüsusilə də bir sıra universitetlərin inkişafının şahidiyik. Əsas odur ki, daha geniş işlər görməyə, daha ciddi addımlar atmağa imkanımız və münbit şəraitimiz var. Unutmaq olmaz ki, ölkə bu baxımdan həm də güclü iradə sahibidir. İnanıram ki, biz zamanla daha böyük uğurlara nail olacaq və məqsədlərimizə çatacağıq. Ona görə də elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının hazırlanması istiqamətində ciddi islahatların keçirilməsi labüddür”.

İSBAM sədri Samir Adıgözəlli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bu cəmiyyətdə ən həssas qarşılanan mövzudur. Hər bir ölkə elmi, mədəniyyəti, təhsili ilə tanınmalı olduğunu vurğulayan S.Adıgözəlli hesab edir ki, həm TV-lərdə, də ali məktəblərdə, AMEA-da elmin təbliği ilə

bağlı proqramlar  hazırlanır, amma o proqramların təsir dairəsi daha gücləndirilməlidir. “Hesab edirəm ki, telekanallarda elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının hazırlanması sahəsində ciddi problemlər mövcuddur. Halbuki, bu proqramları təkminləşdirmək olar. Ümumiyyətlə, elm-təhsil proqramların sayı artırılmalıdır. Onların sayı cüzidir və eyni zamanda da zəifdir. Belə proqramların sayı da artırılmalıdır. Burada bir incə məqam var. Nədən ibarətdir? Bu proqramları mütəxəssis rəyi olmadan kor-koranə edirlər, burada qətiyyən maarifçilik xəttinə əməl olunmur. İllər əvvəl elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının hazırlanması işi çox yüksək səviyyədə idi. Çünki onları ya mütəxəssislər hazırlayırdı, ya da ki, mütəxəssis məsləhəti ilə hazırlanırdı. Adam o proqramlardan nə qədər informasiya əldə edirdi. Bu gün isə vəziyyət bu sahədə elə də ürək açan deyil”.

S.Adıgözəlli qeyd edir ki, telekanallarda bu verilişlərin zəif olmasının səbəblərindən biri bu sahədə kadrların olmamasıdır. İSBAM sədrinin sözlərinə görə, televiziyalarda kadr potensialı elə də güclü deyil, bu yöndə kadrlar formalaşmalıdır. S.Adıgözəllinin dediyinə görə, Azərbaycan TV-lərində hazırlanan bu tip verilişlərin ideyası, mahiyyəti milli olmalıdır. “Çox təəssüflər olsun ki, bizdə bir sıra hallarda milli xüsusiyyətlər nəzərə alınmır. Elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının hazırlanmasında birmənalı olaraq bunlar nəzərə alınmalıdır ki, biz bu proqramı Azərbaycan üçün hazırlayırıq. Sirr deyil ki, bu layhələrin bir çoxu başqa ölkələrin televiziyalarından götürülüb. Halbuki, bizim mütəxəssisləri bu işə cəlb etməklə çox maraqlı proqramlar yaratmaq olar. AMEA və başqa elm-təhsil, mədəniyyət müəssisələrinin özləri də telekanallara layihələr təqdim etməlidir. Yaxud da bu cür proqramlar həyata keçirməlidirlər ki, sahənin təbliğatına dəstək ola bilsinlər. Bu sahədə çox işlər görmək olar, amma təşəbbüslər nədənsə çox zəifdir. Amma vaxtilə ziyalılar özləri buna təşəbbüs edirdi. Bizim elm adamları böyük məktəblər yaratdılar və o məktəblərin çoxlu davamçıları oldu. Təəssüf ki, hazırda bu ənənələr də ortada yoxdur. Bu istiqamətdə həyata keçirilən elmi-kütləvi, mədəni-maarif proqramlarımızın sayının yetərli olmaması narahatlıq doğurmaya bilmir. Elmin inkişafı vacibdir. Eyni zamanda da elm, təhsil və mədəniyyət sahəsinin təbliğatı güclənməlidir” - deyə S.Adıgözəlli qeyd etdi.

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.