Putinin yeni və qəti resepti - həll açarı Rusiyanın məsləhəti ilə ikitərəfli delimitasiyadır...

21 Sentyabr 2022 21:10 (UTC+04:00)

Rusiya prezidenti Vladimir Putin xarici səfirlərin etimadnamələrinin təqdim edilməsi mərasimində Azərbaycan-Ermənistan sərhədində baş verən toqquşmalara da toxunub. Bildirib ki, Rusiya Moskvaya yaxın ölkələr arasında sülh yolu ilə nizamlanmanın tərəfdarıdır. Putin tərəfləri təmkinli olmağa çağırıb.

Daha sonra Rusiya prezidenti delimitasiya barədə danışıb və düşüncələrini belə əsaslandırıb: “Həllin açarının Moskvanın məsləhət dəstəyi ilə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiyanın peşəkar, birgə işində olduğuna əsaslanmaq lazımdır”.

Maraqlıdır, Putin bununla nə demək istəyir? Putinin sözlərindən belə məlum olur ki, delimitasiya prosesi yalnız onun moderatorluğu ilə həyata keçirilməlidir və digər xarici qüvvələrin iştirakı istisnadır.

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən “SƏS” Media Qrupunun rəhbəri, politoloq Bəhruz Quliyev hesab edir ki, Putinin məlum fikirləri Ermənistana yönəlik mesaj xarakterlidir: “Fakt budur ki, son proseslərdə, xüsusilə Ermənistanın Azərbaycana qarşı təxribat-diversiya cəhdlərinin qarşısı alındıqdan sonra Qərb dairələri, xüsusilə ABŞ regiona müdaxilə etməyə və öz yerini tutmağa cəhdlər göstərir. Təbii ki, mövcud vəziyyətdə həmin faktor Rusiyanın maraqlarına cavab vermir. Belə ki, Rusiya region dövləti olması ilə yanaşı, həm də prosesdə əsas iştirakçı, yaxud vasitəçi qismində çıxış edir. Əslində Vladimir Putin həmin ifadəsi ilə Ermənistanın hərbi-siyasi rəhbərliyinə mesaj yollayıb ki, ağıllı olsunlar və prosesin digər cinahların maraq dairələrinə keçməsində bu qədər canfəşanlıq göstərməsinlər. Yəni bununla Putin eyham vurub ki, Ermənistan ciddi təhlükələr qarşısında qalacaq. Məlumdur ki, 44 günlük müharibədən sonra imzalanmış bəyanatların hər birində Rusiyanın vasitəçiliyi var. Məhz Rusiya bölgədə dəyişilən reallıqlarda öz rolunu oynamağa çalışır. İstər sərhədlərin delimitasiyası və demarkasiyası məsələsində, istərsə də bu məsələdə dövlətlərarası komissiyaların yaradılmasında, görüşlərin keçirilməsində Moskva Bakı ilə İrəvan arasında mühüm vasitəçiliyini edir. İndi həmin vasitəçiliyin, yaxud hazırkı dövrə qədər əldə edilmiş razılaşmaların birdən-birə əlindən çıxaraq digər siyasi mərkəzlərin əllərinə keçməsi Moskva üçün qəbulolunmaz prinsipdir”.

B.Quliyevin fikrincə, Ermənistanın vassallığı bu dəfə də özünü göstərdi: “ABŞ Konaqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin ölkəyə səfəri zamanı Nikol Paşinyan hökumətinin canfəşanlığı, habelə anti-Rusiya xarakterli çıxışların sürətlə artması da belə deməyə zəmin yaradır. O mənada ki, artıq Rusiya açıq-aşkar şəkildə ABŞ-la konfrontasiyada olduğunu etiraf edir. Putinin də bəyanatının digər məğzi bu reallığı ehtiva etməkdədir. Bir tərəfdən Ukraynada davam edən hərbi əməliyyatlar həmin faktı sübut edir və görünən həm də budur ki, konfrontasiyanın daha bir tərəfi Ermənistana transfer olunmağa başlayıb. Təbii ki, region ölkəsi olaraq Rusiya buna heç vaxt imkan verə bilməz və lazım gəldiyi anda Ermənistana çox ciddi dərs də keçə bilər. Nəzərə alsaq ki, Cənubi Qafqaz regionunda yalnız Rusiya deyil, həm də Türkiyə faktoru var və bu iki ölkə arasında ciddi yaxınlaşmalar mövcuddur, habelə ABŞ-la bağlı siyasətdə də fikirlər paralellik təşkil edir, bu zaman Ermənistanın siyasi oriyentasiyasını dəyişməsi İrəvana çox baha başa gələ bilər”.

Politoloq onu da əlavə etdi ki, bu baxımdan proseslər bir az da belə davam edərsə, Ermənistan ciddi təhlükələr qarşısında qalacaq.

Vidadi ORDAHALLI