Azı iki səbəb ABŞ-ı bölgəmizdə zəiflətmişdi, Pelosi "lap düzəltdi"

21 Sentyabr 2022 20:36 (UTC+04:00)

Nelsi Pelosinin Ermənistana səfəri və Ermənistanda səsləndirdiyi məsuliyyətsiz bəyanatlar ABŞ-Azərbaycan münasibətlərində bir sərin rüzgar əsdirdi. Hətta vəziyyət o yerə çatdı ki, Azərbaycan XİN səviyyəsində ona etiraz bildirildi.

Ancaq etiraf etmək lazımdır ki, ABŞ-ın bizim bölgəmizdəki mövqeyi bu səfərdən əvvəl də zəif idi. Bunun bir sıra obyektiv səbəbləri var. Birincisi, 44 günlük Vətən müharibəsinin gedişində, biz haqlı olaraq öz ərazilərimizi işğaldan azad edəndə ABŞ heç bir dəstək ifadə etmədi. Eyni zamanda, Minsk qrupunun həmsədri kimi də uğurlu fəaliyyət ortaya qoya  bilmədiyi üçün həmin təsisat tarixin arxivinə göndərildi. Həmçinin, dünyanın super gücü olan ölkə kimi, BMT-nin 4 qətnaməsinin həyata keçməsi və ümumiyyətlə haqqın bərqərar olmasında heç bir prinsipiallıq nümayiş etdirmədi. Bütün bunlar azmış kimi, Nelsi Pelosinin də bölgəyə balanssız səfəri və həmin səfər çərçivəsində İrəvanda səfeh-səfeh danışması ABŞ-ın bölgədəki zəifləyən nüfuzunu daha da zədələmiş oldu. Əslində Pelosinin səfərdəki məqsədi ABŞ-ın mövqeyini gücləndirməkdən ibarət idi, ancaq əks effekt alındı. Bütün bunlara görə Pelosi ABŞ-ın qarşısında hansı məsuliyyəti daşımalıdır?

Təhlükəsizlik məsələləri üzrə ekspert Elşən Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin İrəvanda Azərbaycan əleyhinə səsləndirdiyi qəbuledilməz bəyanatlar ilk növbədə Amerikanın dövlət maraqlarını zədələyir, ABŞ-ın Cənubi Qafqazdakı etibarını dərindən sarsıdır. Konqres rəhbərinin səfər çərçivəsində Azərbaycan əleyhinə fikirlər səsləndirməsi isə ABŞ-ın ölkəmizlə qurduğu strateji tərəfdaşlıq əlaqələrinin ruhuna ziddir. Çünki son 30 ildə Azərbaycanla ABŞ arasında formalaşıb inkişaf edən əlaqələr nəinki ikitərəfli, həmçinin, regional və qlobal müstəvidə narahatlıq doğuran bir sıra məsələlərdə həlledici olub. Hər iki ölkə terrorizmə qarşı mübarizədə eyni mövqedən çıxış edib, bir çox münaqişə ocaqlarının aradan qaldırılmasına xidmət edən sülhyaratma əməliyyatlarında iştirak edib, dünyanın enerji təhlükəsizliyinin təmin olunmasında bir-birinə dəstək veriblər. Yəni bununla demək istəyirəm ki, Azərbaycan ABŞ üçün hər zaman etibarlı tərəfdaş olub. Təəssüf ki, biz Qarabağla bağlı taleyüklü məsələnin diplomatik yollarla həllində və 44 günlük haqq savaşımızda ABŞ-dan adekvat davranışları görmədik. Nəinki karyerasının, hətta ömrünün son günlərini yaşayan Pelosi bu məsuliyyətsiz addımları ilə ABŞ-ın onsuz da zəifləyən mövqeyini darmadağın etdi. Ədalətdən və demokratiyadan danışan N.Pelosi indiyədək bir dəfə belə olsun Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar siyasətə, Azərbaycan ərazilərinin 30 ilə yaxın işğal altında qalmasına, yüz minlərlə azərbaycanlının etnik təmizlənməyə məruz qalmasına və Ermənistanın məsuliyyət daşıdığı digər ağır cinayətlərə münasibət bildirməyib. Belə birtərəfli addımlar və əsassız bəyanatlar bölgədə kövrək sülhün möhkəmlənməsinə deyil, gərginliyin artırılmasına xidmət edir. ABŞ ənənəvi olaraq günahı “demokratiya”nın üstünə atıb deməyə çalışacaq ki, bunlar Vaşinqtonun rəsmi mövqeyini ifadə etmir. Ancaq belə deyil. Biz belə nağıllıarı çox eşitmişik. Yaxşı olardı ki, ABŞ itirilən maraqlarının və reputasiyasının bərpası üçün ciddi addımlar atsın. Ən azından, Pelosinin səhvlərini etiraf etsin. Bunu etməsə, qoca qarının etdiklərinə görə məsuliyyəti özü daşımalı olacaq. Sürüşkən bir Ermənistana görə Azərbaycan kimi ölkə ilə münasibətləri  korlamaq ABŞ-ın siyasətinə qəti uyğun deyil”.

Məhəmmədəli QƏRİBLİ