Pelosidən sonra İrəvanda vəziyyət - “ABŞ ağır silahlarına bel bağlamayın”...

21 Sentyabr 2022 19:30 (UTC+04:00)

“ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Ermənistana səfərindən heç bir gözlənti yox idi. Doğrudur, hər gün ABŞ-dan belə yüksək rütbəli məmur Ermənistana gəlmir, amma bunu şişirtmək də olmaz”.

Bunu tanınmış politoloq Aleksandr İskəndəryan erməni mediasına açıqlamasında deyib.

İsgəndəryanın sözlərinə görə, Pelosinin ermənipərəst mövqeyi heç kimə sirr deyildi və bu mövqe heç dəyişməyib. İsgəndəryan Pelosinin səfərinin bölgədəki qüvvələr balansına necə təsir göstərəcəyi mövzusuna da toxunub: “Sadəcə bəzi prosesləri dayandıra, onu yavaşlada bilər, lakin aradan qaldıra bilməz. Düşünmürəm ki, biz ABŞ-dan kütləvi şəkildə silah tədarükünü gözləməliyik. Bu ciddi səslənmir. Gülləkeçirməz jiletlərin və ya gecəgörmə cihazlarının tədarükünü təsəvvür etmək olar, lakin Ermənistanın silahlarının 95%-dən çoxunu Rusiya Federasiyasından aldığı bir zamanda ağır silahların alınması fantastik görünür. Üstəlik, Pelosinin bütün bunlara dəxli də yoxdur”.

Ekspert Pelosinin Ermənistanın müdafiə naziri ilə görüşünü Ermənistanın hazırda üzləşdiyi təhlükəsizlik problemi ilə əlaqələndirib və Suren Papikyanın bir müddət əvvəl ABŞ-a səfər etdiyini və orada siyasi görüşlər keçirdiyini xatırladıb: “Onun səfərinin daxili siyasi komponenti də var. Tezliklə ABŞ-da seçkilər keçiriləcək və bu ölkənin erməni əsilli vətəndaşları çox vaxt birləşmiş şəkildə səs verirlər. Digər tərəfdən, erməni seçicilərin ABŞ-da seçkilərin gedişatını dəyişə biləcəyini söyləmək çətindir”.

Göründüyü kimi, erməni politoloq Pelosinin səfəri ilə bağlı illüziyaya qapılmağın doğru olmadığı qənaətindədir.

Məsələyə münasibət bildirən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev hesab edir ki, İsgəndəryanın dəyərləndirməsi reallığı əks etdirir: “Doğurdan da, Pelosinin İrəvan səfəri Ermənistanda elə bir ciddi dəyişikliklərə səbəb olmadı. Azərbaycan nə nəzarətə götürdüyü yüksəklikləri geri qaytardı, nə də hansısa güzəştlərə getdi. Ermənistan da faktiki ikiyə bölünüb. Zəngəzur dəhlizinin açılması da qaçılmazdır. Son proseslər onu deməyə əsas verir ki, zorla dəhliz açılacaq. Pelosi hələ 2019-cu ildə Konqresdə qondarma “erməni soyqırımı”nın qəbul olunmasına nail oldu. Bununla Türkiyəyə qarşı nəsə dəyişdimi? Yox. Ona görə də Pelosinin İrəvan səfəri nəyisə dəyişə bilməyəcək. O, sadəcə, qarşıdan gələn seçkilərdə erməni icmasının yekdil dəstəyini qazanmaq istəyir. Ancaq bu da nəyisə dəyişə bilməyəcək. Niyə? Ona görə ki, 330 milyon əhalisi olan ABŞ-da 1 milyon erməni seçkilərə həlledici təsir etmək gücündə deyil. Başqa bir tərəfdən, Pelosinin səfəri Rusiya-Ermənistan münasibətlərini gərginləşdirir. Rusiya gördü ki, Ermənistan hakimiyyəti istənilən vaxt onları sata bilər. Həmçinin, bu səfər Ermənistanın İranla münasibətlərini pisləşdirdi. İranda artıq belə fikirlər yaranır ki, ABŞ Ermənistan üzərindən ora hücum etmək istəyir. Vaxtilə deyirdilər ki, ABŞ Azərbaycan üzərindən İrana hücum edəcək. Prezident İlham Əliyev çıxışlarında qətiyyətlə bunu rədd etdi. O üzdən, Pelosinin gəlməsi sadəcə erməni cəmiyyətini bir az ruhlandırdı, başqa heç nə. Ermənistanda ağıllı adamlar anladılar ki, bu, praktiki olaraq nəyisə dəyişə bilməyəcək. Çünki Vətən müharibəsindən sonra tamamilə yeni reallıqlar yaranıb”.

Bir sözlə, partiya sədri hesab edir ki, Pelosiya görə ABŞ enerji və tranzit ölkə olan Azərbaycanla münasibətləri korlamaz.

Vidadi ORDAHALLI