Rusiya vitse-premyerindən Ermənistana əsaslı çağırış - Azərbaycanla yolu açın, 5 milyardı alın...

20 Sentyabr 2022 17:28 (UTC+04:00)

Rusiya baş nazirinin müavini Aleksey Overçuk İrəvanda keçirilən IX Rusiya-Ermənistan Regionlararası Forumda iştirak edib.

Forumda çıxış edən A.Overçuk bir sıra məqamlara toxunub və o cümlədən, çıxışı zamanı üçtərəfli sazişlərdə nəzərdə tutulan regionda nəqliyyat xəttlərinin açılmasını ermənilərə xatırlatdı. O, Azərbaycanla Ermənistan arasında avtomobil və dəmir yollarının açılmasının təxminən 4,5-5 milyard dollarlıq Rusiya sərmayəsinin Ermənistan bazarına daxil olmasına şərait yaradacağını bəyan etdi: “Üçtərəfli sazişlərdə nəzərdə tutulan regionda nəqliyyat əlaqələrinin açılması Ermənistanın iqtisadi inkişafı və bura investisiyaların axını üçün yeni imkanlar açacaq”.

Görünən odur ki, Rusiya tərəfi belə açıq tədbirlərdə nəqliyyat xəttlərinin açılmasının vacibliyini dolayı da olsa Ermənistanın diqqətinə çatdırır. Bu isə o deməkdir ki, nəqliyyat xəttlərinin açılması təkcə Rusiya və Azərbaycanın xeyrinə olmayacaq. Bundan eyni zamanda bu və digər formada Ermənistan da faydalanacaq.

Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Fuad İbrahimovun fikrincə, Ermənistan tərəfi sağlam düşünməyi, qərar qəbul etməyi bacarsaydı, indiyə qədər sözügedən məsələlər həll olunardı: “Çox təəssüflər olsun ki, Ermənistanda hakimiyyətdə olanlar xəstə düşüncəyə malik olduqları üçün sağlam siyasət yeritməkdən uzaqdılar. Bu gün Ermənistanın iqtisadi nöqteyi-nəzərdən tamamilə defolt vəziyyətinə düşməməsi, xəritədən silinməməsi məhz sözügedən qərarlardan keçir. Ermənistanın iqtisadi varlığı həmin kommunikasiyaların açılmasından keçir. Yalnız o zaman bu ölkənin iqtisadiyyatı çıxılmaz durumdan xilas ola bilər. Azərbaycanla Ermənistan arasında avtomobil və dəmir yollarının açılmasından sonra təkcə Rusiya sərmayəsi ölkəyə gəlməyəcək. Eyni zamanda, Türkiyə və digər ölkələrin Ermənistana sərmayə axını baş verəcək. Yəni, bunun multipkatip effekti olacaq. Ermənistanda məhsul istehsalında və onun ixracında, o cümlədən ölkəyə idxal olunan məhsullarda nəqliyyat xərclərinin payı böyükdür. Hardasa bu maya dəyərin 30 faizi qədərdir. Çünki ölkədə daşımalar əsasən avtomobil nəqliyyatı vasitəsi ilə həyata keçirilir. Ancaq dəmir yolları fəaliyyətə başlasa Ermənistanın daşıma xərcləri aşağı düşəcək. Bütün bunlar Ermənistan iqtisadiyyatında müsbət mənada özünü göstərəcək. Hesab edirəm ki, nəqliyyat-kommunikasiya xəttlərinin açılması Ermənistan üçün yeganə çıxış yoludur və bunun alternativi yoxdur. Həmçinin, region ölkələri üçün bunun faydası böyük olacaq. Bunun sayəsində Rusiya bəzi Yaxın Şərq və Balkan ölkələri ilə əlaqə quracaq”.

Bir sözlə, iqtisadçı-ekspert hesab edir ki, Ermənistanın taleyi öz əlindədir.

Vidadi ORDAHALLI