Ermənistanda son Ukrayna hadisələrindən dərin təşviş başlayıb - “Azərbaycan və Türkiyə hazırlaşır”...

12 Sentyabr 2022 18:24 (UTC+04:00)

Məlum olduğu kimi, ötən həftə ərzində Ukrayna ordusu uğurlu əks-hücum əməliyyatları keçirərək bir sıra vacib əraziləri azad edib. Belə ki, Ukrayna kilid rolu oynayan İzyum şəhərini geri aldığını açıqlayıb. Rusiya ordusunun İzyum şəhərindən çıxarılması Qərb mətbuatında “Rusiya ordusunun mart ayında paytaxt Kiyevdən çıxarılmasından sonra rus qüvvələrinin ən böyük məğlubiyyəti” kimi şərh edilib.

Məlumata görə, minlərlə rus əsgəri geri çəkilərkən döyüş sursatı və texnikanı tərk edib. Ən son məlumata görə, Ukrayna ordusu 3000 kv.km ərazisini işğaldan azad edib.

Maraqlıdır ki, Ukrayna ordusunun əldə etdiyi uğurlardan erməni deputatlar daha çox narahat olurlar. Bunu onunla əsaslandırırlar ki, əməliyyatlar Qarabağa təsir edəcək. “Ermənistan” parlament fraksiyasından deputat Andranik Tevanyanın bununla bağlı narahatlığı diqqəti cəlb edir: “Ukrayna qambiti. Ukraynadakı hərbi əməliyyatlar birbaşa Ermənistan və Qarabağa təsir edəcək. Azərbaycan və Türkiyə Ukrayna hadisələrini diqqətlə izləyir və hazırlaşır. Hücuma hazırlaşırlar. Hansı istiqamətdə deməyə ehtiyac var..? Bəs Ermənistanda nə edirlər? Ermənistanda daha çox faciəvi qeyri-ciddilik, cinayətkar hərəkətsizlik və qeyri-adekvatlıq hökm sürür”.

Maraqlıdır, erməni tərəfi niyə bu qədər narahatdır?

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Elşən Manafov bunu bir sıra amillərlə əlaqələndirdi: “Əvvəla, Ukrayna ordusunun uğurları taktiki səciyyə daşiyir. Bu isə o deməkdir ki, Rusiya ilə müharibənin gedişində Ukraynanın xeyrinə hələ əhəmiyyətli strateji dəyişikliklər baş verməyib. Bunu Qərb və NATO hərbi analitikləri belə etiraf edirlər. Digər tərəfdən Qərbdən olan hərbi, maliyyə və siyasi dəstək olmasaydı Ukrayna Rusiyaya qarşı uzun müddət müqavimət göstərmək iqtidarında olan dövlət deyil. Zira insan resursları, hərbi, iqtisadi güc müqayisəyə gəlməyəcək dərəcədə Rusiyanın xeyrinədir. Təkcə ABŞ-ın Ukraynaya bu müddət ərzində etdiyi hərbi və maliyyə dəstəyinin ümumi məbləği 14 milyard dollara çatmaqdadır. Qərbin Rusiyaya münasibətdə tətbiq etdiyi iqtisadi sanksiyalar isə proqnozlaşdırılan nəticələri doğurmayib. Ermənistanda Ukraynada yaşananların fonunda yaranan narahatlıq isə məhz revanşistləri narahat edir. Rusiyanın Ukrayna cəbhəsində uduzacağı təqdirdə, Rusiyanın Cənubi Qafqazda da nufuz dairəsi daralacaq. Paşinyan tərəfdarları bu minvalla perspektivdə bölgənin Qərbin təsir dairəsinə düşəcəyinə ümid edirlər. Bunu Paşinyan hələ muxalifətdə olarkən erməni parlamentindəki çıxışları zamanı dəfələrlə bəyan edib. Onu bu ölkədə iqtidara gətirən bəlli dairələr də məhz Ermənistanı KTMT və Aİİ-dən kənarlaşdırmaq məqsədi ilə ediblər. Qərb bu gün də Paşinyan iqtidarına dolayısı yolla dəstək verməkdə davam edir. ABŞ Minsk Qrupunu yenidən diriltmək istəyir və s. Ukraynanı Rusiya ilə münasibətlərdəki problemləri dəyirmi masa arxasında müzakirələrdən çəkindirən ABŞ nədənsə Ermənistana gəldikdə, Qarabağla bağlı MQ çərçivəsində Rusiya ilə əməkdaşlığa hazır olduğunu bəyan edir. Humanitar yardım adı altında Qarabağdakı seperatçı rejimə təkcə bu il 2 milyon dollar yardım edib. Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusu nümayişkəranə şəkildə Şuşaya olan səfərdə iştirak etmir. Azərbaycana bir tərəfli mövqe sərgilənir. Halbuki, Azərbaycan tərəflərdən kiminsə yanında yer alaraq digərinə qarşı çıxış etmir. Çoxvektorlu xarici siyasət həyata keçirir. Azərbaycanın perspektivdə öz ərazi bütövlüyünün tam bərpa olunması ilə bağlı siyasəti də müasir dünya nizamı uğrunda qarşıdurmada əks mövqelərdə duran tərəflərin hansınasa meyliliyi rakursunda qurulmayacaq. Olsa-olsa Qarabağdakı seperatçı rejimin tör-tökuntulərini Azərbaycan ərazisindən uzaqlaşdirmaqdan ibarət olacaq. Qarabağ ermənilərinin təhlükəsizliyinə isə Azərbaycan dövləti ən yuksək səviyyədə zəmanət verməyə hazırdır”.

Politoloq onu da qeyd etdi ki, təhlükəsizliyin təminatı heç bir vəchlə statusla bağlı məsələləri özündə ehtiva etməyəcək.

Vidadi ORDAHALLI