İrəvanda revanşistlərin siyasi qətllər və terror dalğası - sülh prosesi təhlükədə...

15 Avqust 2022 16:45 (UTC+04:00)

Ermənistanın paytaxtı İrəvanda “Surmalu” topdansatış ticarət mərkəzində baş vermiş partlayış nəticəsində yaralananların sayı 57 nəfərə çatıb. Bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilir ki, bir nəfər ölüb, 57 nəfər isə yaralanıb. Yaralananların 36-nın vəziyyəti orta ağırdır.

Digər 21 nəfərin vəziyyəti isə qənaətbəxş qiymətləndirilir. Qeyd edək ki, partlayış yerli vaxtla saat 13:23-də qeydə alınıb. Partlayışdan sonra ticarət mərkəzində yanğın olub. Dağıntılar altında hələ də xeyli insanın qaldığı bildirilir. Təcili tibbi yardım, hüquq-mühafizə orqanlarının əməkdaşları ərazidə xilasetmə əməliyyatlarını davam etdirirlər.

Ermənistanda baş verən bu partlayışla bağlı müxtəlif versiyalar səslənir. Bir çox ekspertlər bunun terror aktı olduğu qənaətini bölüşür. Hətta belə fikirlər səslənir ki, bununla Ermənistandakı revanşist qüvvələr Paşinyan hökümətini Azərbaycan və Türkiyə ilə sülh prosesindən çəkindirmək istəyirlər. Ermənistan tarixində belə hadisələr çox olub.  Münaqişənin mövcud olduğu zamanda Ermənistan hakimiyyətinin konstruktiv mövqe tutmaq istəyini bilən radikal millətçilər ölkə parlamentini güllə baran edib, bir çox rəsmiləri qətlə yetirdsilər. Bu baxımdan maraqlıdır, Paşinyan normallaşma prosesinə doğru addımlar atacağı təqdirdə, Ermənistanda siyasi qətllər və bu yöndə olan başqa terror aktları təkrarlana bilərmi?

Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki,  baş verən hadisənin terrorla əlaqəsi yoxdur: “Keçmiş ittifaq respublikalarının hər yerində baş verən və müəyyən qədər səhlənkarlaqla əlaqəsi olan bir hadisədir. Ermənistanda terror dalğasının çox da genişlənəcəyinə inanmıram. Çünki hələləlik danışıqlar elə  mərhələdədir ki, ortada ciddi nəticənin olması qeyri-mümkündür. Paşinyan hər- hansı bir addımı atmaqdan qorxur. Hətta müəyyən  razılaşmalar olsa belə, sonradan onların icrası düyünə düşür. Paşinyan ən adi addımları belə atmağa çəkinir. Yaxın müddətdə sülh danışıqları ilə bağlı hər-hansı irəliləyişin olmasını da gözləmirəm. Həm Brüsel, həm  Moskvada olacaq görüşlərdə ciddi nəticənin əldə ediləcəyinə inanmıram. Bu proseslər müəyyən qədər bu cür  ağır templə davam edəcək. Hər kiçicik addım belə zaman istəyəcək.  Paşinyan qəti addım atmaq kimi iradə və gücə sahib deyil. Yalnız təzyiqlər olarsa, bu proseslər sürətlənə bilər. Bunu da ilk  növbədə Rusiya göstərməlidir. Həmin ölkə də Ukraynada elə vəziyyətdədir ki, bunu edə bilmir. Ermənistanda terror dalğası  ilə prosesə mane olmaq cəhdlərinə inanmıram. Ola bilər ki, xaricdə diplomat və dinc  insanlara qarşı terror törətmək səriştəsi olan ermənilər İrəvanda özlərini eyni qətiyyətlə  aparmasınlarsınlar. Müxalifətin də elə bir gücü yoxdur. Ukrayna müharibıəsi gələn ilin birinci rübündə yekunlaşmalıdır. Bundan sonra Rusiyanın normallaşma prosesinə təsiri güclənəcək. Yalnız bundan sonra Ermənistandan müəyyən konstruktivlik gözləməyə dəyər. Ona kimi Ermənistanda kiminsə silsilə terrorlara əl atacağına inanmıram”.

Məhəmmədəli QƏRİBLİ