Prezident Qarabağda yeni əməliyyatların keçirilə biləcəyini bəyan etdi...

13 Avqust 2022 17:35 (UTC+04:00)

“Biz öz torpağımızda istənilən əməliyyatı istənilən zaman apara bilərik”. Bunu Prezident İlham Əliyev AzTV-yə müsahibəsində deyib.

Ölkə başçısı qeyd edib ki, bir neçə saat ərzində davam edən “Qisas” əməliyyatı cəza tədbiri idi: “Azərbaycan şəhidinin qanı düşmənlərə baha başa gəldi və onlar bunu unutmamalıdır. Əgər yenə də buna oxşar təxribat törədilərsə, cavab da eyni olacaq və heç kim bizə mane ola bilməz, heç kim bizi durdura bilməz. Biz öz torpağımızda istənilən əməliyyatı istənilən zaman apara bilərik. Sadəcə olaraq, “Qisas” əməliyyatının çox təsirli, ancaq qısamüddətli olması onu göstərir ki, bizim gücümüz də yerindədir, eyni zamanda, biz yeni müharibə istəmirik. Çünki İkinci Qarabağ müharibəsi gücümüzü göstərdi və biz istədiyimizə hərbi və ondan sonra hərbi-siyasi yollarla nail olduq. Digər arzularımıza da çatacağıq, zaman gələndə onlara da çatacağıq. Bizim gündəliyimizdə həm taktiki, həm strateji addımlarımızın təsbit edilməsi reallıqdır. Əminəm, Ermənistan da bilir ki, biz bilirik nəyi nə vaxt etmək lazımdır və nəyi deyiriksə, onu da edirik”.

Bütün bunlar bir daha onu göstərir ki, Ermənistan öhdəliklərə əməl etməsə, təxribatlara əl atsa növbəti hərbi əməliyyatlar qaçılmaz olacaq.

Məsələyə münasibət bildirən hərbi ekspert Ramil Məmmədlinin fikrincə, ölkə başçısı bununla həm Ermənistana, həm də onları himayə edən mərkəzlərə ciddi mesaj vermiş oldu: “Bəli, biz öz ərazimizdə istənilən vaxt hərbi əməliyyatlar keçirə bilərik və kimsə bunu əngəlləyə bilməz. Qarabağ beynəlxalq hüquqa görə Azərbaycan ərazisidir. Azərbaycan mərhələ-mərhələ bütün əraziləri öz nəzarətinə keçirir. Avqustun 3-də Ermənistanın törətdiyi təxribata cavab olaraq ordumuz bir sıra vacib yüksəkliklərə nəzarəti bərpa etdi. Bunu kimsə əngəlləyə bimədi. Əminliklə deyirəm ki, qanunsuz erməni silahlı birləşmələri Qarabağı xoşluqla tərk etməyəcəklərsə, onları ordumuz zor gücü ilə çıxaracaq. Onsuz da İkinci Qarabağ müharibəsindən sonra bütün hərbi strateji üstünlüklər bizim xeyrimizədır. Separatçılar sülhməramlıların arxasında gizlənib nəyisə dəyişə bilməyəcəklər. Bəziləri nəyisə bilmədən, dərk etmədən niyə Xankəndiyə, Ağdərəyə, Xocalıya hələ də daxil ola bilməməyimizdən danışır. Prezident doğru olaraq vurğuladı ki, hər şeyin vaxtı var. Azərbaycan 44 günlük müharibə ərzində kifayət qədər böyük bir ərazini işğaldan azad etdi. Yerdə qalan məsafə baxımından kiçik ərazi də erməni separatçılarından təmizlənəcək. Onsuz da proseslər buna doğru gedir. Həm taktiki, həm də strateji baxımdan. Sadəcə, təmkinli və soyuqqanlı olmaq lazımdır”.

Hərbi ekspert onu da qeyd etdi ki, Ermənistan bu xəbərdarlıqdan nəticə çıxarmalıdır.

Vidadi ORDAHALLI