Qarabağ ermənilərinə nə status, nə də müstəqillik...

13 Avqust 2022 14:16 (UTC+04:00)

Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində deyib ki, Qarabağda yaşayan ermənilər düzgün addım atmalıdırlar: “Başa düşməlidirlər ki, onların gələcəyi ancaq Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir. Başqa cür mümkün deyil. Yəni, biz real həyatda yaşayırıq. Həm iqtisadi, həm coğrafi, həm nəqliyyat nöqteyi-nəzərindən Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, tarix nöqteyi-nəzərdən, beynəlxalq hüquq nöqteyi-nəzərindən tərkib hissəsidir”.

Dövlət başçısının sözlərinə görə, əgər Qarabağda kimsə yenə də hansısa populizm naminə, yaxud da kimdənsə qorxduğu üçün hansısa statusdan, müstəqillikdən söhbət aparırsa, bilmək lazımdır ki, o, erməni xalqının birinci düşmənidir: “Çünki Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə müstəqilliyi olacaq, nə də ki, hansısa xüsusi imtiyazı. Azərbaycan vətəndaşları necə, onlar da elə. Azərbaycan vətəndaşlarının hüquqları necə qorunursa, onların da elə. Azərbaycanda yaşayan xalqların hüquqları necə qorunursa, onların da elə. Yol ancaq budur”.

Prezidentin bu sözlərindən Qarabağda yaşayan ermənilər hansı nəticələri çıxarmalıdır?

Ana Vətən Partiyasının sədr müavini Arzuman Abdulkərimov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ermənilər Prezidentin bu çıxışından özləri üçün aydın və lazımi nəticə çıxarmalıdırlar: “Azərbaycan dövlətinin mövqeyi hər zaman belə olub. Biz Qarabağda əvvəldən  yaşayan erməniləri öz vətəndaşımız kimi qəbul etməyə hazır olduğumuzu bəyan etmişik. Onları Ermənistandan və kənardan qızışdıranlar olub və hazırda da var. Nəticəni özləri gördülər ki, hətta 30 illik işğal belə onlara “müstəqillik” qazandıra bilmədi. Dünyanın heç bir ölkəsi, hətta Ermənistanın özü belə onların “müstəqilliyini” tanımadı. 44 günlük müharibədən sonra isə bəzi qızışdırıcı qüvvələr Qarabağdakı ermənilərə xüsusi bir statusun verilməsini tələb edir. Prezident bir daha bəyan etdi ki, Qarabağdakı ermənilər üçün ən yaxşı status Azərbaycan vətəndaşlığı ola bilər. Hesab edirəm ki, ərazimizdə yaşayan ermənilər bu reallıqları lazımınca dərk edir. Artıq onlar tərəfdən vətəndaşlığımızı qəbul etməyə hazır olduqları ilə bağlı istəklər də səsləndirilir. Bu heç də o anlama gəlmir ki, hazırda Qarabağ ərazisində olan bütün ermənilər bizim vətəndaşımız ola bilər. Qanunsuz silahlı dəstələr və sonradan Qarabağa köçürülən ermənilər oranı mütləq tərk etməlidir. Yalnız Azərbaycan vətəndaşlığını qəbul etməklə bağlı şərtlərə uyğun gələnlər bizim pasportumuzu daşıya biləcək”.

Məhəmmədəli QƏRİBLİ