Ukrayna savaşının ardınca dünya növbəti qorxunc müharibə təhdidi ilə üz-üzə...

12 Avqust 2022 20:32 (UTC+04:00)

Ukraynada davam edən hərbi əməliyyatlar fonunda dünya yeni müharibə ocağı ilə üz-üzədir. Söhbət Çinin Tayvana hərbi müdaxilə ehtimalının artmasından gedir. Çin hökuməti bildirir ki, Tayvanla dinc birləşmə uğursuz olarsa, Çin güc tətbiqi ssenarisindən əl çəkməyəcək və Pekin xarici qüvvələrin təxribatlarına cavab vermək hüququnu özündə saxlayır.

Çin hökuməti bu xüsusda bəyan edir: “Tayvanın müstəqilliyinə nail olmaq cəhdləri adanı ancaq uçuruma aparacaq və tayvanlı həmvətənlərə ciddi ziyan vuracaq. Çin xalqının, o cümlədən tayvanlı soydaşların ümumi maraqlarını qorumaq üçün biz Tayvanın ayrılmasına və müstəqilliyinə qətiyyətlə qarşı çıxmalı və vətənin dinc yolla birləşməsinə kömək etməliyik”.

Qeyd edək ki, Çinin bu addımı ABŞ və Avropa ölkələri tərəfindən rədd edilir. Məsələ ilə bağlı bu günlərdə “Böyük yeddilər” qrupuna daxil olan ölkələr Çinin bu hərəkətini pisləyən bəyanat yayıblar. Bəyanatda Çinin “eskalasiya reaksiyası”nın regionda gərginliyin artması və sabitliyin pozulması ilə nəticələnə biləcəyi vurğulanır. “Böyük yeddilər” rəsmi Pekini regionda status-kvonu təktərəfli formada dəyişmək cəhdlərini dayandırmağa, məsələləri dinc yolla həll etməyə çağırıb. “Böyük yeddilər”in Pekindəki diplomatik nümayəndələri sözügedən bəyanatla əlaqədar Çin Xarici İşlər Nazirliyinə çağırılaraq, onlara rəsmi Pekinin etirazı və narazılığı bildirilib. Bundan başqa, Pekin Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) üzvü olan ölkələrinin XİN rəhbərlərinin Kambocada keçirilən görüşü çərçivəsində Çin və Yaponiya xarici işlər nazirlərinin görüşünü ləğv edib. Çinin xarici işlər naziri Van İn isə qeyd edib ki, “Böyük yeddilər”  qrupuna daxil olan ölkələrin xarici işlər nazirlərinin Tayvan bəyanatı sadəcə tullantı kağız parçasıdır: “İnanıram ki, bəyanat beynəlxalq ictimaiyyətin dəstəyini və müsbət reaksiyasını heç vaxt almayacaq. Onlar yığışaraq Tayvan boğazındakı cari vəziyyətə dair qondarma bəyanat qəbul ediblər. Çin “bəyanat”a sərt etiraz edir. Çünki o, doğrunu yanlışa, ağı qaraya qarışdırır. Əgər bu cür yanaşma davam edərsə, regionda və dünyada sülhə ciddi zərbə dəyəcək”. Çinin özünün suverenliyini, ərazi bütövlüyünü qoruduğunu, beynəlxalq münasibətləri tənzimləyən əsas normaları təmin etdiyin deyən nazir bildirib ki, dövlətlər arasındakı münasibətlərdə “Cəngəllik qanunları”nın hökm etməsinə imkan vermək olmaz. Xatırladaq ki, rəsmi Pekinin sərt etirazına və xəbərdarlığına baxmayaraq, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi avqustun 2-3-də Tayvanda səfərdə olub. Rəsmi Pekin Birləşmiş Ştatları “Vahid Çin” siyasətini, Çinin ərazi bütövlüyünü və suverenliyini pozmaqda, regionda vəziyyəti gərginləşdirməkdə ittiham edib. Çin Tayvana qarşı bəzi iqtisadi sanksiyaların tətbiqinə başlayıb. Bundan başqa, Çin ordusu Tayvan adası ətrafında ballistik raketlər, qırıcı və bombardmançı təyyarələr cəlb olunmaqla irimiqyaslı hərbi təlimlər keçirib. Təlimlər avqustun 15-ə kimi uzadılıb.

Baş verənlərlə bağlı “Financial Times” nəşri yazır ki, Çin yeni müharibəyə başlasa, Qərbin buna müdaxiləsi mütləq yeni dünya savaşına rəvac verəcək: “Keçmişdə Tayvan üzərində ABŞ-Çin müharibəsi real ehtimal kimi görünürdü, ancaq bu fərziyyələr ancaq ehtimal olaraq qalırdı. Ancaq indi daha çox ekspert bunun yalnız ehtimal yox, həm da mümkün olduğuna inanır. Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunun Asiya üzrə direktoru Ceyms Krabtri deyib ki, yaxın onillikdə ABŞ və Çin arasında hansısa hərbi qarşıdurmanın olacağı ehtimalı daha yüksəkdir.
Yüksək rütbəli Qərb məmurları belə şeyləri ictimai yerlərdə söyləmək üçün çox ehtiyatlıdırlar, lakin bir çoxları özəl olaraq Krabtrinin bədbinliyini bölüşür. 2021-ci ildə ABŞ-ın Hind-Sakit Okean bölgəsindəki komandiri admiral Fil Devidson Konqresə “növbəti altı il ərzində Çinin Tayvana “işğal” etməsi ilə bağlı “aydın” təhlükə gördüyünü bildirib. Bundan sonra ABŞ-da da müharibənin olması ehtimalı daha çox dilə gətirilib.
Çin hökumətinin ritorikası, şübhəsiz ki, millətçi və döyüşkəndir. Çinin ABŞ-dakı səfiri Qin Qanq Nensi Pelosinin keçən həftə Tayvana səfərinə cavab olaraq Xalq Azadlıq Ordusunun başlatdığı təlim zamanı çəkilən videonu tvitter səhifəsində paylaşıb. Mesaj aydın idi.
Yaxınlaşan müharibə qorxusu Çin, ABŞ və Tayvanın özündəki dəyişikliklərdən qaynaqlanır. Si Cinpin 2012-ci ildə hakimiyyətə gəldikdən sonra Pekinin xarici siyasəti nəzərəçarpacaq dərəcədə aqressivləşib. Çin Cənubi Çin dənizində hərbi bazalar inşa edib və Çin əsgərləri Himalay dağlarında atışmalarda hind əsgərlərini öldürüblər. Çinin amansız hərbi güclənməsi ölkənin indi Amerikadan daha çox döyüş gəmisinə sahib olması deməkdir. Tayvanla mümkün “birləşməni” gözləməyə hazır görünən sələflərindən fərqli olaraq, Si Cinpin bu məsələni “nəsildən-nəslə ötürülə bilməyən” tarixi missiya adlandırıb. Xalqın gözləntiləri o qədər böyük idi ki, bəzi çinli millətçilər Xalq Azadlıq Ordusunun Pelosinin təyyarəsini vurmamasından məyus olmuşdu.
ABŞ-da da münasibət dəyişib. Vaşinqtonda partiyalararası razılaşmanın mövcud olduğu yeganə məsələ Çinin qarşıdurma üçün getdikcə daha təhlükəli rəqibə çevrilməsidir. Tramp dövründə Çin mallarına tətbiq edilən tariflər Bayden administrasiyası tərəfindən qorunub saxlanılıb. Həm Tramp, həm də Bayden administrasiyası Tayvanla əlaqələrini genişləndirib. Bayden ABŞ-ın rəsmi “strateji qeyri-müəyyənlik” siyasətindən uzaqlaşaraq Çinin işğalı halında Tayvanı müdafiə etmək üçün ABŞ-ın mübarizə aparacağını üç dəfə bildirib. Çinin güc tətbiq etməsi təkcə Tayvan üçün deyil, Çinin özü üçün də faciə ola bilər. Bu, hər tərəfdən kütləvi insan tələfatına, tayvanlılarla Çin əhalisi arasında daimi uçurumlara və Çinin onilliklər boyu inkişafını təhlükə altına alan qlobal iqtisadiyyatın çökməsinə gətirib çıxaracaq”.

Tahir TAĞIYEV