İndi bütün Lənkəran rayonunun Velədi kənd camaatı Elməddin Anar oğlu Məmmədlinin adı ilə fəxr edir. Çünki o, öz qanı bahasına Vətən müharibəsində qazanılan Zəfərdə qəhrəmanlıq salnaməsi yazmaqla müqəddəslik zirvəsinə ucalıb. Vətən sevgisi ilə boya-başa çatan, məqamında ondan oğul adını alan Elməddinin ömrü yolu qısa olsa da, həmişə böyük bir millətin qürur, iftixar yeri kimi xatırlanar. Doğma kəndində bu yurdunun qəhrəman oğlunun xatirəsinə bulaq kompleksi ucaldılıb. Hər bir velədilili üçün adn yeri hesab olunun bulaq kompleksini açılış mərasiminə yüzlərlə adam gəlmişdi.
Mərasim dövlət himninin səslənməsi və Vətən uğrunda canını fəda edən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlandı. Bulaq kompleksinin açılış lentini İcra başçısı Taleh Qaraşov şəhidin atası Anar Məmmədovla birgə kəsib dedi:-Vətən sevgisi əxlaqi keyfiyyətdir, onun uğrunda şəhid olub əbədiyyətə qovuşanlar bu sevginin ən kamil formasını yaşayanlardır. Vətən müharibəsində lənkəranlı gəncləri də xüsusi əzm və cəsarətlə döyüşüb, düşmən hücumlarının qarşısını mərdlik və qəhrəmanlıqla dəf ediblər. Elməddin tək qəhrəmanlar bir daha göstərdilər ki, Vətən təkcə müəyyən sərhədlər daxilində coğrafi məkan deyil, o, xüsusi sevgiyə layiq müqəddəs torpaqdır. Şəhidimizin bulaq xatirə kompleksinin açılışı onun doğum günündə baş tutur. Elməddin bütün xalqın qəlbində özünə taxt qurub. Bu gün şəhidimizin xatirəsinə inşa olunan bulaq kompleksinin açılışında yüzlərlə sadə vətəndaşımızın, hətta onu heç zaman görməyən insanların iştirakı bunu söyləməyə əsas verir. Şəhidlərimiz xalqımızın qəlbində daim var olacaq sevgi qazanıblar.
Şəhid atası Anar Məmmədov çıxışında bildirdi ki, Elməddin mənim oğlum olsa da, indi həm də doğma Azərbaycanımızın fəxridir. Çünki o, Vətən yolunda şəhid olmağı bacardı. Oğlumun həyat yolu qısa oldu, amma sevilən ömür kimi Vətənə bağlandı. Elməddinin xatirəsini əziz tutduğunuz üçün hamıya minnətdaram. Hər yerdə şəhid atası olaraq hörmətlə, ehtiramla qarşılanır, böyük qayğı görürəm. Bütün bunlara görə isə o, dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərindən təşəkkür edirəm. Dövlət tərəfindən Elməddinin layiq görüldüyü "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Füzulinin azad olunmasına görə" medallar isə doğmalarına böyük təsəllidir.
Çıxışlardan sonra məktəblərin ifasında Vətəni, onu qanı hesabına yaşadan qəhrəmanlarının şərəfinə şerliər səsləndi, Elməddinin yatdığı müqəddəs yer ziyarət edildi, önünə tər çiçək dəstələri qoyuldu.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü