Azərbaycanın Avropa ilə strateji “qaz müttəfiqliyinə” Kremldən rəsmi reaksiya gəldi...

12 Avqust 2022 21:05 (UTC+04:00)

Azərbaycanla Avropa İttifaqı arasında qaz ixracı ilə bağlı imzalanmış müqavilə Rusiya və Azərbaycan arasında müttəfiqlik barədə imzalanmış bəyannamənin şərtləri ilə ziddiyyət təşkil etmir.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat və çap departamentinin direktor müavini İvan Neçayev deyib.

Rusiya XİN rəsmisi sözügedən məsələ ilə bağlı bunları qeyd edib: “Söhbət iyulun 18-də Azərbaycan və Aİ arasında energetika sahəsində strateji əməkdaşlığa dair anlaşma memorandumundan gedir. Biz inanmırıq ki, belə bir sənaye sənədi Rusiya və Azərbaycan arasında 22 fevral (2022) tarixli Müttəfiq Əməkdaşlıq haqqında Bəyannamənin müddəalarına ziddir”.

Diplomat istənilən ölkənin öz neft-qaz siyasətini müstəqil yürütmək hüququnun olduğunu əlavə edib. XİN rəsmisi Azərbaycanın son illərdə sosial-iqtisadi inkişaf baxımından ciddi irəliləyiş əldə etdiyini və beynəlxalq investorların Bakıya böyük marağı olduğunu vurğulayıb.

Burada diqqəti çəkən məqam odur ki, Rusiya ilk dəfə olaraq Xarici İşlər Nazirliyi səviyyəsində Azərbaycanın iyulun 18-də Avropa Komissiyası ilə imzaladığı enerji sahəsində strateji tərəfdaşlıq haqqında anlaşma memorandimuna rəsmi münasibət bildirdi.

Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Fuad İbrahimov hesab edir ki, Rusiyanın rəsmi səviyyədə məlum razılaşmaya tez və ya gec münasibət bildirməyindən asılı olmayaraq, Azərbaycanla Aİ arasında razılaşma qonşu ölkənin enerji sektorunu təhdid etmir: “Ən azından ona görə ki, arada çox böyük fərq var. Rusiya Avropanın qaza olan tələbatının 40 faizini təmin edir. Rusiya əsasən Şimali Avropa ölkələrini qazla təmin edir. Eyni zamanda, qazın müəyyən hissəsini Türk Axını vasitəsilə ixrac edir. Azərbaycanın Avropaya qaz ixrac etməsi o demək deyil ki, biz Rusiyaya ciddi rəqibik. Bu, tamamilə yanlış yanaşmadır. O üzdən, savadı olan siyasətçi bütün bunları anlamalıdır. Çünki Azərbaycan Rusiya bazarına daxil olmur. Azərbaycan tələbatı qarşılamaq üçün sağlam rəqabət aparır. Bəzi dairələr çalışır ki, qaz ixracı məsələsində Azərbaycanı Rusiya ilə üz-üzə qoysunlar. Qaz bazarında hərənin öz payı var. Azərbaycan heç vaxt Rusiyanın verdiyi həcmdə qaz ixrac edə bilməz. XİN rəsmisinin açıqlaması onu göstərir ki, Rusiya Azərbaycanın Avropaya qaz ixracını artırmasından narahat deyil”.

Vidadi ORDAHALLI