Azərbaycanın beynəlxalq inteqrasiyasının mühüm istiqaməti - təşkilatların təkmilləşdirilməsi...

12 Avqust 2022 18:35 (UTC+04:00)

Bu gün Azərbaycanın dünya birliyinə inteqrasiyasının əsasında dayanan ən önəmli faktorlardan biri ölkəmizin son illərdə həyata keçirdiyi beynəlxalq layihələr və bu layihələrin nəticəsi olaraq Şərqlə Qərbi birləşdirən tranzit ölkə rolunda çıxış etməsidir.

Ümumiyyətlə, yerləşmiş olduğu regionun geosiyasi, geostrateji və iqtisadi cəhətdən dünyanın siyasi xəritəsində mühüm yer tutmasında Azərbaycanın rolu danılmazdır. Üstəlik, yürütdüyü balanslı siyasət nəticəsində bölgənin aparıcı ölkəsinə çevrilməsi ölkəmizin hər zaman qabaqcıl dünya dövlətlərinin baxış bucağında yer almasına səbəb olur. İstər qonşu dövlətlər, istərsə də Qərb və Şərq ölkələri ilə olan münasibətlərində siyasətinin ana xəttini isə özünün milli maraqlarını öndə tutmaq strategiyası təşkil edir. Belə olmasaydı, bu gün Azərbaycan dünyada hegemonluq savaşı aparan supergücdən birini seçmək zorunda qalardı ki, nəticədə qan qoxulu cəbhələşmədə tərəf olmaq taleyi yaşayardı.

Ümumiyyətlə, həyata keçirilən qlobal miqyaslı tədbirlər Azərbaycanın dövlətlərarası əlaqələrini gücləndirməklə bərabər, həm də ölkəmizin dünya miqyasında nüfuzunun daha da artırılmasını, Cənubi Qafqaz regionunda lider dövlətə çevrilməsini şərtləndirir.

Ölkəmiz hazırda dünya birliyinə inteqrasiyanın, beynəlxalq təşkilatlarla əməkdaşlığın gücləndirilməsi məqsədilə BMT, ATƏT, Aİ kimi nüfuzlu beynəlxalq təşkilatlar, habelə ABŞ, Rusiya, Almaniya, Türkiyə, İngiltərə, İran və digər dövlətlərlə sıx əməkdaşlıq edir. Bu əlaqələri, eyni zamanda, Azərbaycanın mövcud təhlükəsizlik mühitində ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə qarşı mümkün təhdidlərin nəzarət altında saxlanması və aradan qaldırılmasını zəruri edir. Azərbaycanın beynəlxalq təşkilatlarla etdiyi əməkdaşlığın unikallıqları da çoxdur. Ölkəmiz həm də yaxından əməkdaşlıq etdiyi təşkilatların strukturlarının formalaşmasına yaxından dəstək verir. Buna bir neçə misalı göstərmək olar.  Qoşulmama Hərəkatının (QH) Gənclər Sammitinin Şuşa sessiyası öz işinə bizim təşəbbüsümüzlə başlayıb. Sammit iştirakçıları 25-28 iyul tarixlərində keçirilmiş Bakı sessiyasında razılaşdırdıqları sənədləri Şuşada qəbul ediblər.

Şuşa Akkordu (Şuşa razılaşması) kimi adlandırılan sənədə əsasən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin QH sədri qismində təşəbbüsü ilə 2021-ci ilin 4 oktyabr tarixində təsis edilmiş QH Gənclər Şəbəkəsi əsasında QH Gənclər Təşkilatı yaradılıb. Daimi katibliyi Bakı şəhərində yerləşəcək QH Gənclər Təşkilatının nizamnaməsi və təşkilatın loqo və bayrağı da Sammitin Şuşa sessiyası çərçivəsində təsdiq edilib.

Tədbir çərçivəsində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, QH ölkələrinin nümayəndələrinin iştirakı ilə QH Gənclər Sammitinin nəticələri və QH Gənclər təşkilatının gələcək fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.

QH Gənclər Sammitinin bir neçə gün ərzində davam edən fəaliyyətinə Şuşa sessiyası ilə yekun vurulub.

Belə əməkdaşlıq modelinə başqa bir misalı da göstərə bilərik. İslam Əməkdaşlıq Təşkilatının Bakı şəhərində yaradılan Əmək Mərkəzi Təşkilata üzv ölkələr arasında əmək, məşğulluq, sosial müdafiə sahələrində əməkdaşlığa mühüm töhfə verir.

Bununla yanaşı, İspaniyanın paytaxtı Madrid şəhərində Parlamentlərarası İttifaqın 143-cü Assambleyası çərçivəsində Qoşulmama Hərəkatının (QH) sədri qismində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü əsasında Hərəkatın Parlamentlər Şəbəkəsinin təsis iclası keçirilib.

İclasa Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova sədrlik edib.

Qoşulmama Hərəkatına üzv dövlətlərin parlamentlərinin sədrləri, sədr müavinləri və deputatlarının iştirakı ilə keçirilmiş iclasda təşkilatın tarixində yeni səhifə açan və üzv dövlətlər arasında parlamentlərarası ölçünün inkişafına xidmət edəcək Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsi təsis edilib.

Hərəkatın fundamental dəyər və prinsiplərinin təşviqinə, təşkilata üzv dövlətlər tərəfindən qəbul edilmiş qərarlara parlament dəstəyinin təmin olunmasına, habelə Qoşulmama Hərəkatına üzv dövlətlər üçün ümumi maraq kəsb edən məsələlərin həllinə parlamentlərin töhfə verməsinə imkan yaradacaq bu Şəbəkə yaranmaqda olan qlobal risk və təhdidlərə qarşı mübarizədə yeni çoxtərəfli əməkdaşlıq platforması rolunu oynayacaq.

Tədbirdə çıxış edən Qoşulmama Hərəkatına üzv dövlətlərin nümayəndə heyətlərinin rəhbərləri təşkilatın sədri qismində Azərbaycan Respublikasının bu əhəmiyyətli təşəbbüsünü yüksək qiymətləndirib və Şəbəkənin fəaliyyətində aktiv iştirak edəcəklərini vurğulayıblar.

İclasın yekununda Madrid Bəyannaməsi yekdilliklə qəbul edilib. Bəyannamədə təsis edilmiş Parlament Şəbəkəsinin Hərəkatın fəaliyyətinə verəcəyi töhfə və həyata keçirəcəyi funksiyalar vurğulanır, Azərbaycanın təşkilata səmərəli sədrliyi alqışlanır, habelə Şəbəkənin növbəti iclasının 2022-ci ildə ölkəmizdə keçiriləcəyi razılaşdırılıb.

Bütün bunlar onu göstərir ki, ölkəmiz beynəlxalq birliyin müstəqil və tamhüquqlu subyekti kimi öz milli maraq və mənafelərini qarşılıqlı hörmət və ortaq faydalanma prinsipləri çərçivəsində həyata keçirir. Həyata keçirilən çoxvektorlu və uzaqgörən xarici siyasət nəticəsində Azərbaycanın beynəlxalq nüfuzu daha da artıb, eləcə də ölkəmizin beynəlxalq arenadakı mövqeyi möhkəmlənib.

Qeyd etmək lazımdır ki, inteqrasiya suveren dövlətlərin daxili və xarici siyasətinə böyük təkan verən, xalqların taleyində dönüş nöqtəsinə çevrilən bir prosesdir. Müstəqil Azərbaycan dövlətinin yaradıcısı, ümummilli lider Heydər Əliyevin yeni dünya düzənində regional və qlobal inteqrasiyanın strateji xəttini milli inkişafın prioritet istiqamətlərindən biri kimi önə çəkməsi, onu ardıcıl olaraq həyata keçirməsi, bu yöndə aparılan bütün fəaliyyətini müstəqilliyin möhkəmləndirilməsi və ölkəmizin dünyada özünütəsdiqinə nail olması bu gün hamı tərəfindən qəbul olunan gerçəklikdir.

Məhəmmədəli QƏRİBLİ
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.