Şuşada qadağan edilmiş biznes növlərinin siyahısına reaksiya...

13 Avqust 2022 09:32 (UTC+04:00)

Məlum olduğu kimi, "Şuşa şəhərinin ərazisində qadağan olunmuş sahibkarlıq fəaliyyəti növlərinin Siyahısı” təsdiq edilib. Baş nazir Əli Əsədov bu barədə Qərar imzalayıb. Qərara əsasən, “Şuşa şəhərinin ərazisində qadağan olunmuş sahibkarlıq fəaliyyəti növlərinin Siyahısı” təsdiq edilir. Siyahıya əsasən 35 sahibkarlıq növü Şuşa şəhərində fəaliyyət göstərə bilməz.

Belə ki, bitkiçilik və heyvandarlıq, ovçuluq və bu sahələrdə xidmətlərin göstərilməsi, barama qurdunun yetişdirilməsi və barama istehsalı, arı balının və arı mumunun istehsalı, bitkiçilik sahəsində xidmətlərin göstərilməsi istisna olmaqla),  mineral sular və digər suların butulkalarda istehsalı, dərinin aşılanması, rənglənməsi və hazırlanması, kağız və karton istehsalı, təsərrüfat-məişət və sanitariya-gigiyena təyinatlı kağız məmulatlarının istehsalı, koks və təmizlənmiş neft məhsullarının istehsalı, rezin və plastmas məmulatların istehsalı, yeməkxana saxsı qablarının, digər təsərrüfat və tualet saxsı ləvazimatlarının istehsalı, maşın və avadanlıqların istehsalı, avtomobil, qoşqu və yarımqoşquların istehsalı, ictimai yerlərdə zibilin zibil yeşiklərinə yığılması və onların daşınması, küçələrin, yolların, maşın dayanacaqlarının və s. süpürülməsi və sulanması, taxılın, emal olunmamış tütünün, toxumların və heyvanlar üçün yemin topdan satışı, diri heyvanların topdan satışı, dəri və gönün topdan satışı qadağan olunan biznes subyektləri arasındadır. Həmçinin, kənd təsərrüfatı maşınlarının və avadanlıqlarının topdan satışı, meşə materiallarının, tikinti materiallarının və sanitar- texniki avadanlıqların topdan satışı və məhsulların istehsalı, satışı qadağandır.

Ekspertlər də bildirir ki, tullantıların və qırıntıların istehsalı, topdan satışının mədəniyyət paytaxtı Şuşada həyata keçirilməsi düzgün deyil. Bu səbəbdən də Şuşada bəzi təsərrüfat sahələri mövcud olmayacaq.

Iqtisadçı ekspert Akif  Nəsirli qeyd etdi ki, Azərbaycan hökuməti  Şuşada əhalinin məskunlaşması ilə  yanaşı, şəhərin görkəmini, tarixini itirməməsini də qarşıya məqsəd olaraq qoyub. Şuşa şəhərində bəzi məhsulların satışı, o cümlədən bitkiçiliklə məşğul olmaq, diri mal-qaranın satılması qadağan olunub: “Bunu etməkdə məqsəd şəhəri muzey kimi qoruyub saxlamaqdır. Nəzərə almaq lazımdır ki, Şuşada beynəlxalq festivallar, tədbirlər keçirilir. Bu səbəbdən də şəhərdə diri heyvan satışı və digər sahibkarlıq fəaliyyətinin mövcud olması düzgün deyil. Çünki Şuşa mədəniyyət paytaxtıdır".

Günel CƏLİLOVA