Laçından çıxan ermənilər kilsəni korlayır ki, sonradan bunu Azərbaycanın üstünə atsınlar…

12 Avqust 2022 17:42 (UTC+04:00)

Məscid və kilsə qatili olan haylar son 30 ildə Azərbaycan ərazilərindəki dini ibadət ocaqlarını vandalcasına dağıtmaqdan doymayıb, sonrakı dövrlərdə bu əməllərini davam etdiriblər. Bildiyimiz kimi, Laçın şəhərini, Laçının Zabux və Sus kəndlərini erməni ailələri tərk etməyə başlayıb.

Məsələ burasındadır ki, bu insanlar əvvəlki mərhələdə kəndləri tərk edərkən evləri yandırıb məhv ediblər. Özləri də deyirdilər ki, evləri yandırmaq barədə separatçıbaşı Araik Arutyunyandan gizli göstəriş alıblar. Amma onlara edilən son xəbərdarlıqdan sonra evləri yandırmaqdan əl çəkib, indi də kilsənin canına düşüblər. Belə ki, Laçını tərk edən ermənilərin vandallığını əks etdirən daha bir video yayılıb. Ermənilər kilsənin üzərindəki xaç ornamentləri fasaddan sökərək çıxardırlar. Ermənilər kilsəyə qarşı bu vandalizm aktını ona görə edirlər ki, sabah beynəlxalq təşkilatlar qarşısında çığır-bağır salıb kiləsinin üzərindən xaç işarələrini Azərbaycanın, azərbaycanlıların sökdüyünü desinlər.

AMEA-nın Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri Qasım Hacıyev “Bakı-Xəbər”ə bildirdi ki, ermənilər son dövrlər kilsə ilə bağlı böhtanlara çox əl atırlar, çünki artıq başqa cür böhtanlara, qarayaxmalara dünyanı inandıra bilmirlər: “Ona görə də, tez-tez din amilindən, kilsə faktorundan yapışırlar. Başqa böhtanlara dünya ictimaiyyəti reaksiya vermir. Bu səbəbdən də artıq elmi saxtakarlıqları, mədəniyyətlə bağlı uydurmaları, azərbaycanlıların guya onlara qarşı təhdidlər etdiyi kimi cəfəngiyyatları reaksiyasız, təsirsiz qalır. Müasir dünya hayların yalançı, saxtakar olduğunu artıq yaxşı bilir, sadəcə üzə vurmur, çünki ermənilər bəzi dünya dövlətlərinə istifadə üçün lazımdır. Yeri gələndə, Azərbaycana şər atmaq üçün ermənilərin əli ilə “dağıdılan kilsə” məsələsindən istifadə edirlər. Dünya özü də yaxşı bilir ki, işğal dövründə Azərbaycan ərazisindəki xristian dini məbədlərini, kilsələri ermənilər dağıdıb. Amma ermənipərəstlikdən əl çəkmirlər”.

Q.Hacıyev hesab edir ki, Azərbaycanın qələbəsindən sonra dünyada ermənilərin iç üzləri daha çox açıldı və onların əsl xarakterləri üzə çıxdı. Bu səbəbdən də, ermənilərin əlacının dini müstəvidə böhtan atmağa qaldığını deyən Q.Hacıyev qeyd edir ki, xristian dünyasının diqqətini yalnız kilsə ilə bağlı məsələyə yönəldə bilirlər: “Ermənilər bu gün Zabuxdan köçərkən kilsənin fasadından xaçları sökürlər, bu təsadüfi deyil. Çünki köç başa çatandan sonra haray salacaqlar ki, azərbaycanlılar filan kilsənin üzərindən xaçları söküb. Müharibə iki ilə yaxındır ki, başa çatıb. Onların son iki ildə çalışdıqları odur ki, xristian ölkələrinə “fağır, yazıq ermənilərin mədəniyyətini burada türklər sıxışdırır” uydurmasını çatdırsınlar. Bunun üçün də müxtəlif yollardan istifadə edirlər. Müharibədən sonra onlar alban kilsələrini “erməni kilsəsi” kimi qələmə verərək böyük hay-küy qaldırdılar, hətta UNESCO belə əl-ayağa düşdü”.

Q.Hacıyev deyir ki, kilsə məsələsindən xaricdəki erməni diasporu və xaricdəki anti-Azərbaycan qüvvələri sui-istifadə edir. “Yadınıza gəlirsə, o vaxt Şuşa kilsəsini ermənilər özləri zədələdilər və yalandan hay-küy qaldırdılar ki, Azərbaycan hərbiçiləri kilsəni vurub. Başqa alban-xristian kilsələrinə qarşı etduklərini də bizim ayağımıza yazdılar. Laçında baş verənlər təsadüfi deyil və bu da hayların icra etdiyi məkrli ssenarinin davamıdır. İşğal dövründə Cəbrayılda kiçik bir ziyarətgah düzəltdilər, sonradan onu da “qədim xristian abidəsi” kimi təqdim edib hay-küy saldılar. İndi də, dediyim kimi, bunu Laçında edirlər. Əslində Laçındakı kilsə ilk orta əsrlərdə yaranan alban kilsəsidir. Söhbət Ağoğlan kilsəsindən gedir. Ağoğlan və Amaras bir-birinə oxşar, bənzər kilsələrdir, onlar eyni vaxtda tikilib. İşğal dövründə Ağoğlan kilsəsinin şəkilini çəkib gətirib bizə göstərdilər. O zaman dedilər ki, ermənilər o kilsələrə ikonalar daşıyırlar, Qriqoryanlığı təmsil edən şəkillər, plakatlar gətirib içəridə yerləşdirirlər. Eyni zamanda kilsəsinin fasadında da xeyli dəyişikliklər edirdilər, erməni xaçları vururdular. Biz o zaman bu barədə yazdıq, çıxışlar  etdik, bütün dünyaya çağırış etdik ki, ermənilər alban-xristian kilsələrini  saxtalaşdırırlar, onları erməni qriqoryan kilsəsinə oxşatmaq istəyirlər. İndi də getməyə məcburdular, gedərkən də kilsənin üzərinə sonradan qoyduqları Qriqoryan xaçlarını söküb aparırlar. Bunu ona görə edirlər ki, sabah bizə böhtan atsınlar”.

Suda boğulan saman çöpündən yapışar misalını nümunə gətirən professor Hacıyev hesab edir ki, ermənilər gedərkən Azərbaycana həm mənəvi, həm də maddi ziyan vurmaq istəyirlər. O bildirdi ki, kilsələrin içini də daşıyıb aparıblar, bu da o deməkdir sabah bizə böhtan, şər atsınlar. Q.Hacıyev deyir ki, medianın indidən bunu ictimailəşdirməsi çox müsbət haldır. Onun sözlərinə görə, ən müxtəlif dillərdə ermənilərin əməlləri ifşa edilməlidir ki, alban-xristian abidələrini saxtalaşdırıblar və gedərkən də o abidələrə ciddi ziyan vurublar. Onun fikrincə, bunu dünya ictimaiyyəti bunu bilməli və erməni vandalizminə sərt yanaşmalıdır.

İradə SARIYEVA