Azərbaycanda siyasi mədəniyyət səviyyəsi hansı faktorların təsiri altında dəyişir...

9 Avqust 2022 18:37 (UTC+04:00)

Hər bir cəmiyyətdə yüksək siyasi mədəniyyətin olması vacib elementlərdəndir. Siyasi ədəbiyyatda siyasi mədəniyyətə verilən izah ondan ibarətdir ki, mənəvi mədəniyyətin tərkib hissəsi olan siyasi mədəniyyət politologiya elminin mühüm anlayışlarından biridir.

Politoloji elmə "siyasi mədəniyyət" terminini ilk dəfə XVII əsrdə alman filosofu İohan Herder gətirib. O özünün "Bəşəriyyətin fəlsəfə tarixi ideyaları" əsərində siyasət və mədəniyyətin qarşılıqlı təsiri məsələsinə toxunub, "siyasi mədəniyyət", "yetkin siyasi mədəniyyət" və "siyasi mədəniyyətin daşıyıcıları" anlayışlarının siyasi-politoloji mahiyyətini tədqiq edib. Siyasi mədəniyyətin inkişafında mühüm rol oynayan Amerika alimi T.Almond siyasi mədəniyyət dedikdə, "fərdi mövqelərin və müəyyən sistem üzvlərinin siyasi fəaliyyətinin hərəkət və məqsədlərinin məcmusu"nu nəzərdə tutur.

Ümumilikdə, siyasi mədəniyyət cəmiyyətin mənəvi potensialının tərkib hissələrindən biridir. Bu o deməkdir ki, bunu ümumi mədəniyyətdən ayırmaq müəyyən mənada şərtidir, çünki mənəvi mədəniyyətin hüquqi, əxlaqi, estetik və s. sahələri bu və ya digər formada siyasi mədəniyyətə daxildir. Siyasi mədəniyyətin inkişafının ən mühüm şərtlərindən biri siyasi plüralizmin həyat normasına çevrilməsinə geniş imkan yaradılması və digəri aşkarlığın genişlənməsidir. Azərbaycanda son 30 ildə bu istiqamətdə böyük işlər görülüb. Ölkədə çoxpartiyalı sistem mövcuddur. Məsələ ondadır ki, Azərbaycan 70 il SSRİ-nin tərkibində olub. 80-ci illərin sonlarında gedən proseslər yeni abu-hava yaratdı. Artıq bəlli idi ki, təkpartiyalı sistemlə siyasi idarəçiliyi davam etdirmək mümkün olmayacaq. Azərbaycan cəmiyyətində yeni siyasi mədəniyyət formalaşmağa başladı. Azərbaycanda siyasi mədəniyyətin formalaşmasını şərti olaraq 3 mərhələyə bölmək olar: 1992-1999-cu illər, 2000-2005-ci illər və 2005-ci ildən başlanan mərhələ.

Əsasən Azərbaycanın müstəqillik əldə etməsindən sonra formalaşan siyasi mədəniyyət azərbaycançılıq kontekstində özünün fərqli xüsusiyyətləri ilə seçilir. Azərbaycanın siyasi mədəniyyəti özünün dövlətçiliyə möhkəm sədaqət, rəhbərin güclü tərəflərini tez müəyyənləşdirmək və populizmə tez məruz qalmamaq məharəti ilə seçilməyə başladı. Müstəqillikdən bu günə qədər Azərbaycanda fəaliyyət göstərən müxalifət siyasi partiyaları öz mübarizə üsullarını xeyli təkmilləşdiriblər. Azərbaycan cəmiyyətində siyasi mübarizənin və siyasi münasibətlərin keyfiyyətcə yeni cəhətini müşahidə etmək olur. Əhalinin populizmə meyilli təbəqəsinin kəmiyyətcə azalması, siyasi sistemlə münasibətdə müxalifətin reallığı qiymətləndirmə cəhdlərinin artması, həmçinin daha dinc mübarizə və mədəni mübarizə üsullarına yer ayırması diqqəti cəlb edir. Əvvəllər bir sıra partiyaların fəaliyyətində populizm özünü daha çox göstərirdisə, artıq bundan əsər-əlamət qalmayıb. Çünki cəmiyyət də dəyişib. Cəmiyyət hansısa populist fikirlərə söykənən vədlərin arxasınca getmir. Çünki bunun reallığa uyğun olmadığını dərk edir. Bu, təkcə bizdə belə deyil. Bir çox dünya ölkələrində də analoji tendensiyalar müşahidə olunur. İnsanlar daha realist və praqmatik mövqedən çıxış edirlər. Bu, istər inkişaf etmiş ölkələrdə, istərsədə inkişaf etməkdə olan ölkələrdə oxşardır. Necə deyərlər, Azərbaycanda siyasi mədəniyyətin formalaşma mərhələsi artıq başa çatıb. Bu xarakterik siyasi mədəniyyətdən kənarda heç bir siyasi fəaliyyət təsəvvür olunmur.

Maraqlıdır, Azərbaycanda siyasi mədəniyyət səviyyəsi hansı faktorların təsiri altında dəyişir? Son illər bu istiqamətdə görülən işlər praktiki baxımdan hansı formada özünü göstərir?

Məsələyə münasibət bildirən AVCİYA-nın vitse-prezidenti, professor Məhərrəm Zülfüqarlı bununla bağlı bir sıra məqamlara toxundu: “80-ci illərin sonunda Azərbaycanda milli azadlıq hərəkatı gücləndi. Milli azadlıq hərəkatı nəticəsində 1991-ci ilin oktyabrında Azərbaycan dövlət müstəqilliyini bərpa etdi. Buna qədər artıq siyasi proseslər gedirdi, partiyalaşma prosesi başlamışdı. Çoxpartiyalı sistem demokratik cəmiyyətin əsasıdır və onsuz mümkün deyil. Ancaq Azərbaycanda siyasi partiyaların formalaşmasında müəyyən qüsurlar var idi. Yəni, burada ideologiyadan daha çox insanlar şəxsiyyət ətrafında birləşirdilər. Bu da sonradan öz mənfi nəticələrini göstərdi. Digər tərəfdən, bizdə partiyalar əsasən regional əsasda formalaşdı. Partiya sədri hansı bölgədəndirsə, əsasən o regiondan olan insanlar ora yığışırdılar. Bütün bunlar partiyalaşmaya mənfi təsir edirdi. Bunun nəticəsidir ki, 50-dən artıq partiya siyasi qeydiyyatdan keçsə də, cəmi 3-4 partiya bütün ölkə üzrə təmsil olunur. Digər partiyalar isə bir qovluqdan və bir də onun sədrindən ibarətdir. Bütün bunlar cəmiyyətdə çoxpartiyalı sistemə inamı azaldıb. İnsanlar hansı partiya daha güclüdürsə, ona stafka edir. İdeoloji əsası zəif olan, təsir dairəsi böyük olmayan partiyalarda təmsil olunmurlar”.

Vidadi ORDAHALLI
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.