"Bolt" niyə cərimələndi - haqsız rəqabət, ya ucuz taksini bazardan çıxarmaq planı?..

10 Avqust 2022 09:34 (UTC+04:00)

Məlum olduğu kimi, “Bolt Services AZ” MMC-yə maliyyə sanksiyası tətbiq olunub. Belə ki, “Delivery Azerbaijan” MMC tərəfindən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə “Bolt Services AZ” MMC-nin qanunsuz üsullarla digər bazar subyektlərini bazardan çıxarmaqla haqsız rəqabətə yol verdiyi barədə müraciət daxil olub.

Bununla bağlı müvafiq araşdırma aparılıb və “Bolt Services AZ” MMC haqqında antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb. Məlumata görə, işə baxılması zamanı “Bolt Services AZ” MMC-nin onunla eyni bazarda fəaliyyət göstərən və ya həmin bazara daxil olmaq istəyən digər bazar subyektlərinin təsərrufat qərarlarının qəbul edilməsinə qanunsuz təsir göstərdiyi və bununla da “Haqsız rəqabət haqqında” Qanunun tələblərini pozduğu müəyyən edilib.

Qeyd edək ki, son zamanlar “Bolt”  taksi şirkətindən şikayətlərin sayı getdikcə çoxalır. Şikayətlər həm müştərilərdən, həm də sürücülərdən gəlir. Narazılıq sürücülər və müştərilər arasında uçurumun yaranmağına səbəb olur.

Maraqlıdır, “Bolt” haqsız rəqabət apararaq qanunu pozur, yoxsa ucuz taksi xidmətinin qarşısına sədd çəkilir? Adıçəkilən taksi şirkətinə tətbiq edilən sanksiya taksilərdə gediş haqqının artmasına səbəb olacaqmı?

Nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı bildirib ki, şirkətlər “UBER”-ə, “Bolt”-a görə tənəzzülə uğrayıb, işini dayandırıb: “Məlumdur ki. “Bolt”, “UBER” aqreqator şirkətləridir, Azərbaycanda da fəaliyyət göstərirlər. Son zamanlar isə onlar rəqabət qaydalarını pozur. Statistika da bunu göstərir. Bazarda inhisarçılıq yaradırlar. Belə olan halda aidiyyəti qurumların bununla bağlı tədbir görməsi müsbət haldır. Biz aylardır, illərdir danışırıq ki, onlar bazarda haqsız rəqabət aparır, digər şirkətləri sıxışdırıb bazardan çıxarırlar. Neçə-neçə şirkət UBER-ə, “Bolt”-a görə tənəzzülə uğrayıb, işini dayandırıb. Yəni bu qədər keyfiyyətsiz və ucuz taksi xidməti dünyanın heç yerində yoxdur. Sürücüləri istismar edirlər, bazarda qiymətləri süni şəkildə ucuzlaşdırıb bütün müştəriləri özlərinə cəlb edirlər".

Həmsöhbətimiz hesab edir ki, hazırkı bazar qiymətləri ilə taksi xidmətləri arasında heç bir əlaqə yoxdur: “Bazarda yanacağın qiyməti bahalaşıb, işçi qüvvəsi, ərzaq, ehtiyat hissələri bahadır. Hər şey bahalaşıb, taksi xidməti isə get-gedə ucuzlaşır. Deməli, burada açıq maraqlar hiss olunur. Arxasında erməni iş adamlarının dayandığı bu şirkət Azərbaycanda özbaşınalıqla məşğuldur. Süni şəkildə qiymət endirilir. Bu şirkət sürücüləri öz təsirinə salır, gündəlik 25 manat qazanmaq üçün nə qədər gedişə məcbur edir. O gedişləri etmək üçün insan psixologiyası ona hazır olmalıdır, fiziki cəhətdən sürücü ona hazır deyil axı. Yorulur, qəzalar törədir. Bu səbəbdən də qeyd edilən sahə ilə ciddi məşğul olmaq lazımdır”.

Günel CƏLİLOVA