Müştəri kredit borcunu vaxtından xeyli əvvəl qaytarmaq istəyir, Accessbank imkan vermir - nə baş verir?..

10 Avqust 2022 08:40 (UTC+04:00)

Maliyyə sıxıntılarını həll etmək istəyənlər adətən banka müraciət edir. Bankdan kredit götürən şəxsin tək istəyi tez bir müddətdə götürdüyü vəsaiti geri qaytarmaqdır. Kredit götürən şəxslər əllərinə düşən əlavə vəsaiti belə banka ödənişinə yönəldir ki, borcu azalsın.

Kredit ödənişini vaxtında ödəyə bilməyən şəxslərin cərimələndiyi hər kəsə bəllidir. Amma vaxtından tez ödəniş edən vətəndaşın bank tərəfindən cərimə olunması eşidənləri şoka salır. Belə ki, Araz Nəzər adlı şəxs  sosial şəbəkə hesabında problemini ictimailəşdirib. O qeyd edir ki, “Accessbank”dan götürdüyü krediti tez bağlayıb. Lakin bank krediti vaxtından əvvəl bağlayarkən, növbəti iki ayın faizini də alıb: “Bu, göstərilən xidmət üçün mənfi haldır. Krediti tez bağlayan müştəri bir daha ordan kredit götürməz”.

Ekspertlər bildirir ki, bankın vaxtından tez ödəniş edən şəxsdən növbəti ayın faizini tələb etməsi düzgün deyil. Doğrudan da ağlasığmaz tələbdir. Müştəri məhz iki ay əvvəl bağlayır ki, faiz çıxılmasın, qabağa düşsün, bank isə bağlanmış borcun iki ay sonrakı faizlərini də alır.

Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov qeyd etdi ki, sözügedən məsələ bizim qanunvericilikdə, təəssüf ki, birmənalı öz əksini tapmayıb: “Ona görə də bəzi banklar bundan sui-istifadə edir. Amma ümumilikdə qanunvericiliyin ruhundan çıxış edərək vətəndaşlara, yəni istehlakçıya qarşı bu müddəa məhkəmə tərəfindən etibarsız hesab edilməlidir. Əgər kimsə gedib bankdan istehlak krediti götürür, vaxtından əvvəl qaytarırsa, bank ondan buna görə faiz hesablaya bilməz”.

Ə.Həsənovun sözlərinə görə, bu, istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanundan və Mülki Məcəllənin ümumi prinsiplərindən irəli gəlir: “Ancaq sahibkara bunu aid etmək olmaz. Sahibkara qarşı bank belə edirsə, qanun pozmur. Əgər hər hansı bir vətəndaş sözügedən halla üzləşibsə, məsləhət görürəm ki, Mərkəzi Banka şikayət etsin, ordan nəticə ala bilmədikdə isə məhkəməyə müraciət etsin”.

Günel CƏLİLOVA