Media azadlıqlarından sui-istifadələrlə mübarizə hamının işi olmalıdır... - Aydın QULİYEV yazır...

8 Avqust 2022 14:50 (UTC+04:00)

Söz, ifadə və ümumən media azadlığının məhdudlaşdırılması nə qədər yolverilməzdirsə, bu azadlıqlardan sui-istifadə, insanların şərəf və ləyaqətinin məqsədyönlü şəkildə alçaldılması da o qədər qəbuledilməzdir, qanunsuzdur. Media azadlığı heç də mütləq sərbəstlik, etik və qanun çərçivələrinin bilərəkdən və davamlı iqnor edilməsi demək deyil. Sadə desək, media azadlığı heç kimə "Qoçu Baloğlanın çəpişi" kimi istənilən şəxsin kişmiş kisəsinə baş uzatması və bu zaman cəzasız qalması kimi imtiyaz tanımır, tanıya da bilməz.

Həyata keçirilən maarifçilik, monitorinq işləri, tövsiyələr, peşəkarların nümunə göstərməsi və ictimai qınaq mexanizmləri saya salınmırsa və media azadlığından sui-istifadə cəhdləri davam etdirilirsə, bu zaman qanun çərçivəsində müvafiq dövlət orqanlarının addımlar atmasına ehtiyac yaranır. Təbii ki, bu şərtlər daxilində görülən tədbirlər anlayışla qarşılanmalıdır.

Media azadlığından sui-istifadə, reketçilik, şantaj, şəxsi həyata müdaxilə, insanların vulqarcasına təhqir edilməsi tək peşəkar medianın problemi deyil. Bu, cəmiyyətin, vətəndaşların, dövlətin, bütünlüklə hamının problemidir. Təbii ki, onunla hər kəs prinsipial mövqedə davranmalıdır.

Mediada, sosial şəbəkələrdə istənilən ölçüsüz və qaydasız davranışlar baş alıb getsə, bunun sonu nə olar? Buna media azadlığı demək olar?

Əsil media azadlığı, söz-ifadə azadlığı həm də cəmiyyət qarşısında, qanunlar, etik normalar, peşə prinsipləri qarşısında güclü MƏSULİYYƏTLİLİK deməkdir. Bu məsuliyyətlər olmayan yerdə anarxiya, xaos və "kim kimə gəldi vursun" kimi cəngəllik mühiti başlayar.

Söz, ifadə, ümumən media azadlığı ardıcıl qorunmalı və yanaşı olaraq sui-istifadə, reketçilik hallarına qarşı sərtliklə qanunçuluq tətbiq edilməlidir.

Burada prokurorluq orqanları iki məqama diqqət etməlidir. Birinci, məmurların obyektiv tənqidi media orqanları ilə işgüzar əməkdaşlıqdan imtina hallarını diqqətsiz buraxmaq olmaz. Yəni prokurorluq orqanları qayda-qanun pozuntularına yol vermiş media subyektlərinə çağırıb ünvanlı xəbərdarlıq etdikləri kimi, peşəkar tənqidi media ilə işgüzar əməkdaşlıqdan saymazyana imtina edən şirkət və dövlət məmurlarına da eyni qaydada xəbərdarlıq jestləri etsə, bu çox ədaətli olardı.

İkinci, bəzi məmurların öz qanunsuz əməllərini "guya dövlət sirri imiş kimi" bir pərdə altına alaraq tənqidi medianı təqib etmək cəhdlərinin də qanunsuz olduğuna reaksiyalar verilməlidir.

Media azadlığından sui-istifadə, reketçilik, media şantajçılığı və mənəvi terrorla mübarizə kompleks aparılmalı, ədalətli və qanuni olmalıdır.

Aydın QULİYEV