Qazaxın Əskipara kəndinin dibində rus bazasının tikintisinı təsdiqlədilər

6 Avqust 2022 13:21 (UTC+04:00)

Məlumatlara görə, Rusiya ordusunun ikinci blokpostu Ermənistan-Azərbaycan sərhədinin Qazax istiqamətində, Əskipara kəndində tikilir. Kənd soveti bu prosesin icrasını təsdiqləyib. Ermənistan Müdafiə Nazirliyi isə tikintinin Ermənistan-Rusiya əməkdaşlığı çərçivəsində həyata keçirildiyi bildirib.

Rusiya hansı səbəbdən bu addımı atır, məqsəd nə ola bilər? Niyə bunu məhz Azərbaycan-Ermənistan sərhədi istiqamətində, hazırda erməni işğalında olan Əksiparada tikir?

“Onların orada blokpost tikməsi o demək deyil ki, biz öz torpaqlarımızdan, o kəndlərdən əlimizi üzmüşük”

Məsələni şərh edən hərbi ekspert Tərlan Eyvazov baki-xeber.com-a bildirdi ki, Qazaxın 7 kəndinin işğalı Sovet dövrünün sonlarında baş verib, insanlarımız orada böyük basqılara məruz qalıb, evlərə od vurulub və qadınlar, kişilər, uşaqlar evlərin içində diri-diri  yandırılıb. “Təbii ki, o dövrdə buna qarşı Sovet hökuməti, rəsmi Moskva heç bir tədbir görməyib. Məsələ burasındadır ki, o dövrdə istər Rusiya ilə bizim aramızda, istərsə də digər respublikalar arasında belə hallar olurdu. Məsələn, Naxçıvanın Kərki kəndi, yaxud Gədəbəyin içindəki Başkənd ora tabe idi və sair. Belə hallar olub. O da logistika ilə bağlı idi. Təbii ki, bu hadisələrdən sonra Qazaxın 7 kəndi hələ də Ermənistanın işğalındadır. Digər məqam isə ondan ibarətdir ki, bildiyimiz kimi, Ermənistan özünün sərhədlərinin mühafizəsini Rusiya sərhədçilərinə həvalə edib, özü qorumur. Yəni buna imkanı çatmır. Vətən müharibəsi bizim qələbəmizlə sona yetəndən sonra onun “narahatlığını” əsas gətirib Rusiya ordusu Ermənistan ərazisində sərhəd boyunca qoşun yerləşdirməyə başladı. Onlar da qorxuya düşürdülər ki, ola bilsin, Azərbaycan öz torpaqları üzərindən Ermənistanın üstünə gəlsin. Bayraqlar ucaltılar ki, bura keçmək olmaz. Rusiya ordusunun ikinci blokpostu məhz deyilən yerdə inşa etməsi məsələsi təsdiq olunub. Əvvəllər də bir neçə dəfə belə xəbərlər çıxdı ki, guya həmin ərazilər bizə qaytarılıb. Amma faktiki hələ qaytarılmayıb. Son baş verən hadisələrlə yanaşı o məntəqələrlə bağlı da danışıqlar gedir, danışıqlar sona çatmayıb. Ona görə də, məxsusi olaraq ruslar araçılıq missiyasını davam etdirərək orada blokpost tikirlər. Yəqin ehtiyat edirlər ki, ola bilər, bu yüksəklikləri aldığımızdan, Qubadlının Eyvazlı kəndində olduğu kimi biz o torpaqlara da girə bilərik. Ehtiyat etdikləri üçün indidən öz tədbirlərini görürlər ki, belə bir hadisə olmasın. Onların orada blokpost tikməsi o demək deyil ki, biz öz torpaqlarımızdan, o kəndlərdən əlimizi üzmüşük”.

O kəndlərin bizim olduğunu qeyd edən T.Eyvazovun sözlərinə görə, orada bizim şəhidlərimiz olub, o yerlər bizim üçün müqəddəs yerlərdir. Onun sözlərinə görə, təbii ki, danışıqlar nəticəsində istər Naxçıvanın Kərki kəndi, istərsə də digər belə məntəqələrimiz alınıb özümüzə qaytarılacaq. “Amma müəyyən danışıqlar gedir. Sərhəd məsələsində istər İranla, istər Rusiya ilə bizim belə sərhəd dəqiqləşməmiz olub, onlarla bu işi bitirmişik. Gürcüstanla 30 ildir ki, 60 faizdən çox sərhədimiz dəqiqləşdirilib, amma təxminən 40 faiz dəqiqləşdirmə başa çatmayıb. Dövlətlər arasında belə hallar olur. Xüsusən də Ermənistanla bizim hələ Sovet dövründən aramızda olan bu məhəlli münaqişə indiyə qədər də davam edib. Ona görə də, burada müəyyən qədər məsələlər var. Amma xəritələr mövcuddur. Rusların da təsdiq etdiyi kimi, bu xəritələr keçmiş Sovet respublikalarının xəritələridir. Bu xəritələrə də uyğun olaraq biz həmin ərazilərimizi vaxtaşırı qaytaracağıq. Bu da vaxt tələb edən bir işdir. Bu son  hadisələr də onu göstərdi ki, üçtərəfli razılaşmada erməni tərəf öz üzərinə öhtəlik götürsə də, ona əməl etmir. Bu məsələlər də yavaş-yavaş öz həllini tapacaq, Azərbaycan dövləti, Azərbaycan xalqı heç vədə özünün halal torpağını kiməsə güzəştə getməyəcək”- deyə T.Eyvazov bildirdi.

İradə SARIYEVA