Azərbaycanda uşaq və gənclərin fiziki, mənəvi inkişafı dövlətin xüsusi diqqət mərkəzindədir, bu istiqamətdə ardıcıl, məqsədyönlü və səmərəli tədbirlər həyata keçirilir.
Məlum olduğu kimi, “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır”, - deyən Ümummilli lider Heydər Əliyev uşaq və gənclərin layiqli vətəndaş kimi formalaşmasına böyük diqqət yetirirdi. Xatırladaq ki, Ulu öndərin təşəbbüsü ilə Azərbaycan 1994-cü ildə BMT-nin Uşaq Hüquqları Konvensiyasına qoşulub, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib, “Bakı SOS uşaq kəndi” salınıb və digər zəruri işlər görülüb.
- Müasir dönəmdə biz uşaq və gənclərimizi “canlı bomba” sayılan internetlə üz-üzə qoymuşuq
Bu gün ölkəmizdə uşaqların sağlamlığı, inkişafı, təhsili, onların hüquqlarının qorunması üçün genişmiqyaslı işlər görülür. Uşaqların mənəvi-fiziki inkişafında təhsilin rolu danılmazdır. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın icrası sayəsində təhsil tariximizdə ilk dəfə olaraq dövlət büdcəsi hesabına ümumtəhsil məktəblərində 5 yaşlı uşaqların məktəbə hazırlığına başlanılıb.
Bütün bunlara baxmayaraq bəzi ekspertlər hesab edir ki, müasir dönəmdə biz uşaq və gənclərimizi “canlı bomba” sayılan internetlə üz-üzə qoymuşuq. Əllərində telefon, internetə çıxış və yaşlarına uyğun olmayan, tərbiyələrini pozacaq videolar, fotolar seli.Təbii ki, bir çox valideynlər övladları bu tələyə düşməsin deyə zərərli saytlara girişi məhdudlaşdırıblar. Amma bəzən çox güvəndiyimiz YouTube-da belə əxlaqsız qadınların səs yazıları daxil olan videolar, senzuradan kənar söhbətlər, görüntülər yer alır.
- XXI əsr uşaqlarının və gənclərin ən böyük sevgisi telefonlaradır…
Beynəlxalq NHS Digital hesabatında açıqlanıb ki, şagirdlər sosial mediadan istifadə etdiyi üçün vaxtında oyana bilmir, dərsləri zəifləyir, sağlamlıq problemi yaranır. Görünən budur ki, XXI əsr uşaqlarının və gənclərin ən böyük sevgisi telefonlaradır. İndi bütün valideynlər uşaqlarının telefona bağlılığından əziyyət çəkir. Körpələr belə telefon gördüsə, almayana qədər sakitləşmir.
Bu gün elə bir zamanda yaşayırıq ki, sosial media nəinki uşaqlarımıza, bizim özümüzə də mənfi təsir göstərir. Belə ki, sosial media bizi dost, tanış və yaxınlarımızdan təcrid etməklə yanaşı, səhhətimizə də mənfi təsir göstərir. Amma bunun qarşısını almaq asan məsələdir. Bəzi valideyinlər deyir ki, onlar uşaqlarını sosial mediaya yaxın buraxmır: “Çünki bunun onların fiziki sağlamlığına, zehni qabiliyyətlərinin zəifləməsinə, psixologiyasına mənfi təsir etdiyini bilirik. Qohum və tanışların, eləcə də məktəb müəllimlərinin davamlı olaraq sosial mediadan istifadə edən uşaqlar haqqında dedikləri sözügedən hesabatda əksini tapanları təsdiqləyir. Düşünürük ki, bu hal internetdən və mobil tətbiqlərdən nəzarətsiz və məhdudiyyətsiz olaraq istifadə edən uşaqlarda yaranır. Biz uşaqları yalnız dərsləri üçün zəruri olan əlavə informasiyaları almaq, dizayn sahəsində qabiliyyətləri inkişaf etdirmək, xarici dil bilgilərini genişləndirmək, müxtəlif sənət nümunələrinin necə yaradıldığını öyrənmək, boş vaxtlarında musiqiyə qulaq asmaq və uşaq filmlərinə baxmaq üçün gadgetlərə yaxın buraxırıq. Bu zaman vaxt məhdudiyyəti tətbiq edirik. Onlara nadir hallarda kompüterdə oyun oynamaq fürsəti veririk. Kompüter oyunları seçəndə də çalışırıq ki, bu, daha çox onların zehni qabiliyyətini inkişaf etdirəcək oyunlar olsun. Məsələn, şahmat, qrafiklər qurmaq və s. kimi".
- Uşaqları, informasiya əldə etmə hüququnu pozmadan, zərərli informasiyadan qorumalıyıq
İKT üzrə müstəqil ekspert Elvin Abbasov hesab edir ki, virtual dünyanın sərhədləri genişləndikcə təhlükələr də eyni miqyasda artır: “Övladlarımızı rəqəmsal mühitin təhlükələrindən qorumağa çalışdıqca sanki internet həyatımıza daha da nüfuz edir. Valideynlər övladlarını internetin təhlükələrindən qorumaq, onların sosial, ruhi və fiziki sağlamlıqlarının zərər görməməsi üçün ciddi səy göstərməlidirlər. Bu istiqamətdə maarifləndirici tədbirlər keçirilməli, mütəxəssislər uşaqların üzləşdiyi kibertəhdidlər və onlardan müdafiə üsulları mövzusuna geniş yer verməlidirlər. Virtual mühit zorakılıq, istismar və bullinqin artması ilə yanaşı, antisosial şəxsiyyət pozğunluğunun da yaranmasına səbəb ola bilər. Bu aləmin xeyirli olduğu qədər zərərli tərəfləri də həddən artıq çoxdur. Məsələn, təhlükəli oyunlar, ekstremizm çağırışları, geniş yayılan pornoqrafiya, işgəncə, qəddarlıq səhnələri, narkotik və spirtli içkilərin, terrorizm, vandalizm, pis vərdişlərin təbliğatı, vulqar söz və ifadələrin işlənməsi və s. kimi bir çox arzuolunmaz “məlumatlarla” zəngin mövzular uşaq psixologiyasına və sağlamlığına mənfi təsir etməklə onlarda qorxu, təlaş, vahimə kimi hisslərin yaranmasına, uşaqların kibercinayətkarların hədəfinə çevrilməsinə səbəb olur”.
Beynəlxalq təşkilatların bu istiqamətdə apardığı araşdırmalara diqqət çəkən mütəxəssis qeyd edir ki, əldə olunan nəticələrə görə, hər yarım saniyədə 2 uşaq ilk dəfə internetə daxil olur: “10 yaşdan aşağı uşaqların 50 faizinin ağıllı telefonu, 3-4 yaşlı uşaqların dörddə birinin öz planşeti və ya kompüteri var. Uşaqların informasiya əldə etmə hüququnu pozmadan zərərli informasiyadan qorumaq, təhlükəsizliyini və kibermüdafiəsini təmin etmək üçün xüsusi texnoloji tədbirlərin görülməsi şərtdir”.
Bu nəticəyə gəlirik ki, uşaqların sərbəst şəkildə internetdən istifadəsi qəti qadağandır. İnternetdə saat limitləri var ki, valideynlər bundan istifadə edə bilərlər. Bunu uşaqlarla qəddar, sərt formada yox mülayim şəkildə danışmaq, davranmaq və internetin zərərlərini aydın şəkildə izah etmək lazımdır.
Məhəmmədəli QƏRİBLİ
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.