Adı tariximizə ayrı bir zinət verən Dərbənd qalası - Narın qala xalqımızın mənəviyyatını, milli ruhunu özündə ifadə edir. Bu abidənin UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edildiyi məlumdur. Rusiya Federasiyasında yerləşən bu qədim qala Azərbaycan xalqının qədim tarixi irsinin ayrılmaz bir parçasıdır.
Təəssüflər olsun ki, bir sıra hallarda ölkəmizin sərhədlərindən kənarda yerləşən bu kimi abidələrimizə elə də qayğı göstərilmir. Yayılan məlumatlara görə, XV əsrin Dərbənd qalasına plastik pəncərələr qoyulub. Tariximizə “müasir baxış” əlbəttə bizi narahat edir. Qeyd edilənə görə, Rusiya Federasiyasının Dərbənd şəhərində yerləşən, orta əsrlərə aid “Narın-Qala” qəsrinə plastik pəncərələrin vurulması yerli sakinlərin etirazına səbəb olub. “Narın-Qala”nın YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil olmasına baxmayaraq, tarixi tikiliyə müdaxilə edilib. Yerli fəallar unikal memarlıq nümunəsi olan qəsrin mühafizə edilməsi üçün lazımı və təxirəsalınmaz addımların atılımasını tələb ediblər.
- “Tarixi abidəyə müdaxilə qəbuledilməzidir”
AMEA-nın Sosiologiya və Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru, BAO başqanının müavini, siyasi şərhçi Faiq Ələkbərli “Bakı-Xəbər”ə bildirdi ki, bu məsələ çox həssas yanaşma tələb edir və tarixi abidəyə “plastik” pəncərə qoyulması mənfi haldır. O hesab edir ki, Narın qalada hər hansı bir restavrasiya işləri aparmağa istəyirdilərsə, ən azından bu sahədə böyük təcrübəsi və xeyriyyəçilik ənənələri olan Heydər Əliyev Fonduna müraciət edə bilərdilər.
O qeyd etdi ki, Narın Qalanın bu vəziyyətdə “bərap” edilməsi normal deyil: “Şübhəsiz ki, Dərbənd qalasına bu cür yanaşma qəbul edilən hal deyil. Çünki Dərbənd qalası-Narın qala bizim tarixi abidəmizdən biridir və bu cür tarixi abidəyə “plastik ”pəncərələrin qoyulması bütün hallarda, memarlıq baxımından da ziddir, tarixi abidənin adına və simasına da yaraşmır. Ona görə də, əlbəttə, müvafiq qurumların bu məsələyə qarışması lazımdır. Buna uyğun olaraq da yəqin ki, müvafiq qurumlar müəyyən addımlar atacaqlar. Hesab edirəm ki, Azərbaycan hökuməti də kənrda olan tarixi abidələrimizin, onların öz tarixin, milli memarlıq xüsusiyyətlərinin qoruması məsələsinə ciddi yanaşmalıdır. Hər halda Azərbaycanın özünün müvafiq fondları var. Məsələn, Heydər Əliyev Fondu dünyanın bir çox ölkələrində mədəni abidələrin bərpasını həyata keçirib. Bu fond dünyada abidələrin bərpası işində çox aktiv iştirak edib, bu gün də iştirak edir. Çox yaxşı olardı ki, Narın qalanın rəhbərliyi restavrasiya ilə bağlı dəstək üçün Heydər Əliyev Fonduna müraciət edəydi. Çünki buna ehtiyac var. Bu abidə UNESCO-ya daxildir və onun bərpasında bu qurum da aktiv iştirak edə bilərdi. Əlbəttə, Narın qala da daxil olmaqla Dərbənddəki digər tarixi abidələrin bərpa işində Heydər Əliyev Fondu böyük rol oynaya bilər. Fonda müraciət olunsaydı o bu işi öz üzərinə götürərdi. Bu həm də Azərbaycanın öz tarixi abidələrinə sahib çıxması olardı. Bu da, şübhəsiz ki, Dərbənddəki azərbaycanlılar üçün də müsbət bir addım olardı. Tarixi abidələrə sahib çıxmaq oradakı insanlara da sahib çıxmaq anlamındadır. Dərbənbdəki insanlarımızın da bu məsələlərə müdaxilə etməsi, ona münasibət bildirməsi müsbət haldır. Qeyd edildiyi kimi, Narın-Qala UNESCO-nun dünya irs siyahısına daxildir. Bu baxımdan, bu qalanın əhəmiyyəti bizim üçün doğrudan da çox böyükdür. Biz nə olur olsun, hazırkı Azərbaycan sərhədlərindən kənardakı abidələrimizə də sahib çıxmalıyıq, onların bərpasına öz töhfələrimizi verməliyik”.
F.Ələkbərlinin sözlərinə görə, tarixi abidənin ona yaraşmayan şəkildə deyil, qayda-qanunlar, beynəlxalq standartlar çərçivəsində bərpa edilməsinə çalışmalıyıq. “Bilirik ki, bu məsələ ictimailəşibsə öz müsbət həllini tapacaq. İnsanlarımızın haqlı etirazı da müsbət qarşılanacaq, reaksiya veriləcək. Əlbəttə, Dərbənddəki yerli qurumlar bu qalanın tarixi memarlıq xüsusiyyətinə uyğun bərpasına çalışmalıdır. Tarixi abidəyə müdaxilə qəbuledilməzdir. Ümid edirəm ki, yaxında bu məsələ öz həllini tapacaq”- deyə F.Ələkbərli vurğuladı.
İradə SARIYEVA