BDU-nun müəlliminə "bizi pula görə kütləvi kəsdi" ittihamı...

20 İyun 2022 19:01 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, Bakı Dövlət Universitetinin bir qrup tələbəsi müəllimin onları kütləvi şəkildə imtahandan kəsməsi ilə bağlı iddia qaldırıb. İddiada bildirilir ki, sözügedən universitetin Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültəsinin tələbələri kafedra müəllimi Sədaqət Əhmədova tərəfindən pul almaq üçün imtahandan kütləvi şəkildə kəsilib.

Tələbələrin məlum hadisə ilə bağlı yaydığı məlumatda qeyd edilir ki, müəllim onlara imtahanla bağlı səs yazısı göndərib. Səs yazısında bildirilir ki, imtahandan kəsilənlər üç-beş min manat arası pul ödəsələr, məsələ həllini tapacaq.

Məsələ ilə bağlı BDU-nun mətbuat xidmətindən bildirildi ki, tələbələrdən 3-5 min manat rüşvət tələb etməkdə ittiham olunan BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi Sədaqət Əhmədova işdən azad olunub: “Sədaqət Əhmədovanın əmək müqaviləsinə xitam verilib”.

Təhsil eksperti Nizami Hüseynov qeyd etdi ki, bizim ali və orta ixtisas təhsili müəssiələrimiz tələbələrin problemləri ilə birmənalı şəkildə maraqlanmır və onların yanında deyil. Tələbələrin narazılıqlarını sosial şəbəkədən, elektron resurslardan görüb, müşahidə edirik: “Diqqət çəkən məqam isə odur ki, aidiyyəti qurumlar və ali, orta ixtisas təhsili müəssisələri bu məsələlərə münasibət bildirir. Sanki Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan 250 mindən artıq tələbənin həyatı onlar üçün mənasızdır. Çox təəssüf ki, rəsmi qurumlar tələbələrin sessiya, dövlət imtahanı, diplom işləri ilə bağlı narahatlıq və narazılıqlarına fikir bildirmir. İmtahanların keçirilməsi, diplom işlərinin yazılması kimi çox çətin, eyni zamanda da vacib tələbləri var. Biz, bütün dünyada olduğu kimi. pandemiyanın tədrisdə yaratdığı çətinlikləri nəzərə almalıyıq. Amma aparılan monitorinqlər onu göstərir ki, bizim ali və orta ixtisas təhsili müəssisələrimiz tələbələrin problemləri ilə birmənalı şəkildə maraqlanmır və onların yanında deyil. Məhz bu günlərdə orta ixtisas təhsil müəssisələrində imtahanların gedişi, təşkili, yoxlanılması obyektiv olmur. Birmənalı şəkildə burada təhsil alanlardan əsassız tələblər var. Xüsusilə biz orta ixtisas təhsil müəssisələrini qeyd etməliyik ki, burada tələbələrdən çox ciddi şəkildə, əsassız tələblər var – pul və s. kimi…

Ümumiyyətlə, tələbələrin haqlı və ya haqsız olduqlarının qərarını vermək lazımdır. Təəssüf ki, aidiyyəti dövlət qurumları tələbələrlə bağlı hər hansı məsələdə münasibət bildirmir və bu da tələbələrdə qıcıq yaradır”.

Günel CƏLİLOVA