Rus diplomatlarının Ukrayna müharibəsinə açıq etirazları başladı - eynilə “Ərəb baharı” ölkələri kimi...

24 May 2022 17:42 (UTC+04:00)

Rusiyanın BMT missiyası rəhbərinin müşaviri Boris Bondarev ölkəsinin Ukraynaya qarşı müharibəsini açıq şəkildə pisləyərək istefa verib. Diplomat Rusiya Xarici işlər naziri Sergey Lavrovu da tənqid edib.

Bondarev qeyd edib ki, müraciəti gecikmiş ola bilər, amma bu, şəxsən onun üçün çox vacib idi:

“İyirmi illik fəaliyyət dönəmimdə xarici siyasətimizdə müxtəlif dönüşlərin şahidi olmuşam, amma ölkəmdən və işimdən heç vaxt fevralın 24-də olduğu qədər utanmamışam”.

Diplomat Rusiya prezidenti Vladimir Putini “təcavüzkar” adlandırıb.

Onun sözlərinə görə, bu müharibənin təşəbbüskarları yalnız bir şey istəyirlər - əbədi olaraq hakimiyyətdə qalmaq, dəbdəbəli saraylarda yaşamaq, dəbdəbəli yaxtalarda üzmək, etdiklərinə görə cəzasız qalmaq.

Bondarev “qeyri-peşəkar” adlandırdığı Rusiya Xarici İşlər Nazirliyinin işini də tənqid edib:

“Nazir Lavrov bu sistemin deqradasiyasının gözəl nümunəsidir. O, 18 il ərzində peşəkar və savadlı ziyalıdan həmişə ziddiyyətli bəyanatlar verən və dünyanı, o cümlədən Rusiyanı təhdid edən insana çevrilib. XİN bu gün diplomatiya ilə məşğul olmur - yalan və nifrət səpir, müharibəni alovlandırır. Diplomatiya Rusiya cəmiyyətinin real ehtiyacları ilə heç bir əlaqəsi olmayan dar bir dairənin şəxsi maraqlarına xidmət edir”.

O qeyd edib ki, Rusiyanın aqressiv siyasətinə görə artıq heç bir müttəfiqi yoxdur.

Əslində bu, Rusiya üçün böyük və sarsıdıcı zərbədir. Çünki adətən belə halların olması ölkədəki xaotiklikdən xəbər verir. Biz analoji hallarla “ərəb baharı” deyilən tarixi mərhələdə üzləşmişik. Həmin vaxtda mühüm sirr daşıyıcısı sayılan diplomatlar kütləvi şəkildə istefa verdi. Nəticəsi də göz qabağında oldu. İndi Rusiya ilə bağlı bənzər problemin yaşanmasını nə ilə izah etmək olar?

Politoloq Elşən Mustafayev “Bakı-Xəbər”ə bildirdi ki, bu, sıradan bir hadisə deyil: “ Əvvəla, istefa verən diplomatın ranqı yüksəkdir. Rusiyanı BMT kimi mühüm təsisatda  təmsil edən diplomatın istefası ciddi mətləblərdən xəbər verir. İkincisi, bu istefanın baş verdiyi zaman kəsiyinə diqqət edək. Rusiyanın müharibə apardığı dönəmdə baş verir. Özü də diplomat Rusiyanın ədalətsiz müharibə apardığını deyərək bu addımı atır. Belə vəziyyətdə hər bir diplomat da döyüşdə olmalıdır. Ölkəsinin maraqları uğrunda mübarizə aparmalıdır. Ancaq bu diplomat Rusiyanı biabır edib istefa verir. Bu, ordunu götürüb əsir düşən generala bərabər bir istefadır və Rusiyanın xarici siyasət kursunda çatların əmələ gəldiyini sübut edir.

Müharibədən əvvəl Rusiya kəşfiyyat orqanlarının hazırladıqları hesabatlara əsasən, rəsmi Moskva Ukraynanı ildırımsürətli hücumla ələ keçirməli idi. Fəqət baş verən hadisələr, eyni zamanda Qərbin Ukraynaya dəstəyi ilə müharibə həm uzandı, həm də Rusiyanın əleyhinə çevrilməyə başladı.

Qərb və NATO Ukraynaya dəstək verərək müharibə aparır. Qərb müharibəyə həm hərbi texnika, silah və sursatla yardım edir, eyni zamanda müxtəlif ölkələrdən olan döyüşçülər oradadır.

Qərb prosesi hazırki formada inkişaf etdirərək, Rusiyanı diz üstə çökdürmək məqsədi güdür. Görünən odur ki, müharibə hələ çox uzanacaq. Bu səbəbdən, indi də xarici siyasətlə bağlı Rusiyaya zərbələr endirirlər. Bu istefanın arxasında da Rusiyanı istəməyən qüvvələrin əlinin olmasına şübhə yoxdur. Bəli, “ərəb baharı” dönəmində biz bənzər hadisələrə şahidlik etdik. Diplomatların istefası ölkədəki vəziyyətin gərginliyindən xəbər verir. Bu prosesin silsilə hal ala biləcəyi də istisna edilmir. Çünki “ərəb baharı” zamanı biz bənzər hadisələrdə rikoşet effektini gördük”.

Məhəmmədəli QƏRİBLİ