Deputat 11-ci sinif şagirdlərinin təhsil sistemində külli gəlir mənbəyinə çevrildiyini iddia etdi...

24 May 2022 17:28 (UTC+04:00)

Uzun müddətdir cəmiyyətdə gəzən qəribə söz-söhbətlərdən biri də orta ümumtəhsil məktəblərinin X-XI sinif şagirdlərinin dərsdən yayınması ilə bağlıdır. Tez-tez eşidirik ki, filan məktəbin X-XI sinif şagirdləri repititor yanına getdiyi üçün məktəbə gəlmir.

Sözsüz ki, bu məsələ dəfələrlə gündəmə gətirilsə də, Təhsil Nazirliyi deyilənlərə əhəmiyyət verməyib və X-XI sinif şagirdlərinin dərsdən yayınmasına qarşı konkret tədbir görməyib. Yuxarı sinif şagirdlərinin dərsdən yayınması özünü o qədər qabarıq göstərir ki, buna tanınmış təhsil eksperti, millət vəkili Etibar Əliyev də reaksiya verib: Orta məktəblərdə hazırda təhlükəsizlik xidmətlərini genişləndirirlər. Ancaq məsələ burasındadır ki, məktəbin özündə daxili problemlər var. Həmin problemlərdən ən əsası da kütləvi şəkildə dərsdən yayınma hallarıdır. Fikrimcə, dərsdən yayınma halları çox olan halda təhlükəsizlik tədbirləri həmin neqativ halların qarşısını ala bilmir”.

Deputat mətbuata açıqlamasında eyni zamanda bildirib ki, əsasən 10-11-ci sinif şagirdləri kütləvi şəkildə dərsdən yayınırlar: “Buna da məktəb direktorları bilərəkdən göz yumurlar. Burada külli miqdarda vəsaitdən söhbət gedir. Belə ki, direktorlar şagirdlərin valideynləri ilə sövdələşirlər. Şagird isə məktəbdə olmadıqda ona məktəbin də, valideyinin də nəzarəti itir. Birinci bunun qarşısını almaq lazımdır. Digər tərəfdən, xüsusən 10-11-ci sinif şagirdləri dərs zamanı məktəbdə yoxdursa, deməli onlar istənilən təsir altına düşə bilərlər. Bütün dövrlərdə məktəbdə tədris, təlim-tərbiyə, fiziki hazırlıq uşaqları neqativə yönəlməkdən qoruyub. Biz əgər uşaqların dərsdən yayınma hallarının qarşısını ala bilməyəcəyiksə, yuxarı siniflərdə neqativ halların qarşısını almaqda aciz qalacağıq. Bunun üçün valideynlər, xüsusilə məktəb rəhbərliyi məsuliyyət daşıyır...”

Bu məsələdə millət vəkili Etibar Əliyevin haqlı olduğunu deyən tanınmış təhsil eksperti Elşən Qafarov “Bakı-Xəbər”ə bildirdi ki, bu neqativ halla mübarizə çətin bir prosesə çevrilib. “Qaldırılan məsələ reallığı əks etdirir və yuxarı sinif şagirdlərinin, məzunların məktəbdən yayınması birinci il deyil. Bu proses ortalama 25 ildir davam edir”.

Bu halla bağlı Təhsil Nazirliyinin hər hansı mübarizə tədbirləri həyata keçirib-keçirmədiyinə gəlincə, E.Qafarov bildirdi ki, nazirlik bu istiqamətdə tədbirlər görür, lakin bunun kökünü kəsmək çətindir:“Son illər təhsil nazirliyi məsələ ilə bağlı nə qədər mübarizə aparsa da, bu problemi yaradan səbəblər aradan qaldırılmadığı üçün hələ də problem öz aktuallığını saxlayır. Yəni hələ də bu problem var. Diqqət etsək, hələ keçən əsrin 90-cı illərinin ikinci yarısından başlayaraq ümumtəhsil məktəblərinin reytinq cədvəli həmin məktəblərin məzunlarının ali və orta ixtisas təhsil müəssisələrinə qəbulu, yəni abituriyentlərin hazırlıq səviyyəsi ilə ölçülməyə başladı. Halbuki, hər bir ölkənin təhsilinin səviyyəsi abituriyentlərin hazırlıq səviyyəsi ilə ölçülməməlidir, eyni zamanda pedaqoji işçilərin elmi-pedaqoji hazırlığı, informasiya resursları, təhsil proqramları  ilə ölçülməlidir. Amma bizdə uzun illər yalnız abituriyentlərin hazırlıq səviyyəsi ilə ölçüldü. Bu da o nəticəyə gətirdi ki, əvvəllər məktəb direktorları özləri valideynlərdən xahiş edirdilər ki, valideynlər övladlarını kurslara aparsınlar, müəyyən repititor yanına qoysunlar və nəticə daha yaxşı olsun. Sonra artıq məsələ kütləviləşdi və biznesə çevrildi. Məktəb direktorları artıq uşaqların məktəbə gəlməməsi üçün pul tələb etməyə başladılar. Bir şagirdə görə qiymət Bakı şəhərində 1500 manatdan 3000 manata qədər dəyişir. Bu problem yenə də qalmaqdadır. Hazırkı vəziyyətdə, tədris ilinin bitməsinə 3 həftə qalmış bir vaxtda məktəblərdə yuxarı sinif şagirdlərini tapmaq çox müşkül məsələyə dönüb. DİM-in buraxılış və qəbul imtahanlarının tədris ili bitmədən, hətta tədris ilinin bitməsinə 12 həftə qalmış keçirilməsi şagirdlərin davamiyyətinə çox ciddi təsir göstərir. Bu da problemin başqa bir tərəfidir. Vəziyyətdən çıxmaq üçün ilk növbədə nələr etməliyik? Məktəblərin reytinq cədvəli və reytinqin meyarları hazırlanmalıdır. Bu meyarlara yalnız abituriyentlərin hazırlıq səviyyəsi yox, eyni zamanda müəllimlərin peşəkarlıq səviyyəsi, təlim texnologiyaları, informasiya resurslarından istifadə və digər məsələlər də daxil edilməlidir. DİM-in buraxılış və qəbul imtahanları tədris ili bitdikdən, yəni iyunun 14-dən sonra keçirilməlidir. Digər bir tərəfdən, icbari təhsildən yayınmaya görə cərimələr tətbiq edilməlidir. Bu, İnzibati Xətalar Məcəlləsinin 181-ci maddəsində göstərilir. Ümumilikdə təhsil elə bir sahədir ki, bura kompleks yanaşmaq lazımdır. Problemlər var və hamımız o problemləri görürük. Amma o problemlərin həlli üçün ilk növbədə həmin problemləri yaradan səbəblər aradan qaldırılmalıdır. O səbəblər aradan qaldırılmadan problemləri həll etmək mümkün olmayacaq”.

İradə SARIYEVA