Satanovskinin daha bir "şeytan düşüncəsi" - Ukrayna və Polşa Reç - Pospolita qurur...

24 May 2022 16:29 (UTC+04:00)

Məlum olduğu kimi, Ukrayna prezidenti Vladimir Zelenski Ali Radada çıxış edərək, Polşa rəhbərliyi ilə ölkələr arasında sərhəd keçidinin sadələşdirilməsinə dair razılıq əldə olunduğunu açıqlayıb:

"Biz doğmayıq. Aramızda heç bir sərhəd və ya maneə olmamalıdır. Ukrayna və Polşa xalqları uzun müddətdir ki, mental olaraq sərhədləri bölüşmürlər. Ona görə də biz bunu yaxın vaxtlarda müvafiq ikitərəfli sazişə çevirmək qərarına gəldik".

O əlavə edib ki, Ukraynadakı hazırkı vəziyyət “Ukrayna və Polşaya istər-istəməz ortaq keçmişlə bağlı mübahisələri unutdurdu”.

Qeyd edək ki, artıq  Zelenski Ukraynada Polşa vətəndaşları üçün genişləndirilmiş imkanlar haqqında qanun layihəsinin qəbul edildiyini açıqlayıb. Zelenskinin çıxışı Kiyevdə səfərdə olan Polşa lideri Anjey Dudanın Radadakı çıxışından dərhal sonra baş tutub. Duda Ukrayna tərəfinə mehriban qonşuluq haqqında yeni saziş bağlamağı təklif edib.

Ancaq Rusiya tərəfi Ukraynanın bu addımına tamamilə başqa bir don geyindirməyə çalışır. Məsələn, Rusiyanın tanınmış politoloqu olan Yevqeni Satanovski deyib ki, Zelenski bu addımı ilə Ukraynanın əhəmiyyətli bir hissəsini Polşaya birləşdirmək istəyir. O bunu, hətta bir vaxtlar tarixdə mövcud olmuş Reç-Pospolita dövlətinin bərpasına cəhd kimi şərh edib. Rusiyanın bu iddialarını nə dərəcədə əsaslı saymaq olar?

Tarix üzrə fəlsəfə doktoru Səyyar Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, rusiyalı ekspertin dediyi ciddi tarixi dəlillərə əsaslanmır:

“Ortaya tarixlə bağlı bir iddia qoyulursa, mütləq mənada onun tarixi əsaslandırmasını da verməyi bacarmalısan. Satanovskinin açıqlamasında isə biz siyasi avantüra meyllərini görürük. Əvvəla, bunu iddia etmək üçün Reç-Pospolita barədə dəqiq bilgin olmalıdır. İş burasındadır ki, Zelenski hətta Ukraynanın bir hissəsini Polşaya birləşdirsə belə, yenə də deyilən dövlətin prototipi yaranmayacaq.

Reç-Pospolita və yaxud Polşa-Litva ittifaqı XVII əsrdə Avropanın ən güclü dövlətlərindən biri olub. Reç-Pospolita 1 iyul 1569-cu ildə Lyublin şəhərində imzalanan razılaşmaya görə yaranıb. Həmin müqaviləyə görə, Litva, Polşa və Prussiya tək dövlətə çevrilərək birləşdilər. Reç-Pospolita dövləti indiki Litva, Latviya, Belarusu, həmçinin Ukrayna, Polşa və Estoniyanın böyük hissəsini və Rusiyanın bəzi qərb rayonlarını əhatə edirdi.

 Reç-Pospolita güclü olduğu dövrlərdə İsveç, Osmanlı və Rusiya ilə fasiləsiz müharibələr aparıb və hətta XVII əsrin əvvəllərində Rusiyaya hərbi müdaxilə edib. Reç-Pospolita dövləti XVIII əsrin sonuna doğru getdikcə zəifləyərək Rusiya, Prussiya və Avstriya arasında bölündü. Bu baxımdan da, deyilən dövləti yaratmaq üçün Polşa gərək Rusiya və onun sadiq müttəfiqi Belarusu da ilhaq etsin. Hesab edirəm ki, bütün bu əsassız versiyalar  Rusiyanın Ukraynada  apardığı müharibəyə haqq qazandırmaq üçün ortaya atılır. Bunun başqa izahı yoxdur”.

Məhəmmədəli QƏRİBLİ