Brüssel görüşü ərəfəsində Ermənistan nazirinin Xankəndi səfərinin təxribatçı məzmunu...

23 May 2022 18:25 (UTC+04:00)

Ötən həftə Ermənistanın əmək və sosial məsələlər naziri Narek Mkrtçyan Azərbaycanın Rusiya sülhməralılarının müvəqqəti nəzarətində olan Qarabağ bölgəsinə qanunsuz səfər edib. O, Xankəndidə Qarabağ separatçılarının başçısı Arayik Arutyunyanla görüşüb.

Görüşdə sosial təminat sahəsində əməkdaşlıqla bağlı məsələlərin müzakirə olunduğu bildirilib. Arutyunyan qeyd olunan nazirliklə birgə işinin səviyyəsini yüksək qiymətləndirib. Eyni zamanda, Ermənistan Əmək və Sosial İşlər Nazirliyinə müharibə nəticəsində müəyyən əraziləri tərk etmiş “Artsax” sakinlərinin sosial problemlərinin həllinə yönəlmiş yardım proqramlarının həyata keçirilməsinə görə təşəkkür edib.  

O da məlumdur ki, mayın 22-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla görüş keçirib. Üçtərəfli görüşdə bir sıra məsələlər müzakirə olunub. Məhz Brüssel görüşü ərəfəsində erməni nazirin Qarabağa qanunsuz səfəri nə deməkdir? Bu təsadüfdürmü?

Məsələyə münasibət bildirən hərbi ekspert Ramil Məmmədlinin fikrincə, vacib bir görüş ərəfəsində Qarabağa edilən qanunsuz səfər əsla təsadüf deyil: “Burada bir sıra məqsədlər olub. Rusiya sülhməramlıları erməni nazirin Qarabağa keçməsinə icazə verməklə, bu və ya digər formada Brüssel görüşünə qabaqcadan kölgə salmağa çalışıblar. Rusiya danışıqların müsbət inkişafında maraqlı olsaydı, məhz belə bir görüş ərəfəsində qanunsuz səfərə imkan verməzdi. Ən azından, bunu təxirə salmağa çalışardı. Məsələnin digər maraqlı tərəfi odur ki, Ermənistan da görüş ərəfəsində belə bir təxribata gedir. Qarabağa hansısa müxalifət təmsilçisi, QHT nümayəndəsi qanunsuz səfər etsəydi, hardasa bunu anlamaq olardı. O mənada ki, sadalananlar rəsmi tərəf deyil. Ancaq biz görürük ki, erməni nazir Brüssel görüşünə bir gün qalmış Qarabağa gedir. Bu o deməkdir ki, Ermənistan sülh sazişinin imzalanması ilə bağlı proseslərin sürətlənməsində maraqlı deyil. Ona görə də bütün bunların üst-üstə düşməsi təsadüfü deyil. İrəvan hər vasitə ilə çalışır ki, proses uzansın. Bir il 6 aydan çoxdur müharibə başa çatıb. Ancaq Ermənistan kommunikasiya xətlələrinin açılması, delimitasiya və demarkasiya işləri ilə bağlı nəzərəçarpacaq praktiki addımlar atmır. Düzdür, bir sıra müsbət məzmunlu vəddlərlə çıxış edirlər, amma bunların həyata keçirilməsi ilə bağlı addımları görmürük. Bununla belə, həlledici məqamlarda atəşkəsi pozub təxribat törədirlər”.

Hərbi ekspert onu da əlavə etdi ki, erməni rəsmiləri davamlı olaraq Qarabağa qanunsuz səfərlər edəcəksə, o zaman Azərbaycan sərt addımlar atmalı olacaq.

Vidadi ORDAHALLI