Ermənistanın sərhəd danışıqlarını ardıcıl pozduğuna dair faktlar açılır...

19 May 2022 20:05 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev Litva Prezidenti Gitanas Nauseda ilə görüşlərindən sonra mətbuata bəyanatında bildirib ki, Ermənistan tərəfi sülh prosesi ilə bağlı razılaşdırılmış görüşü ləğv edib.

Dövlət başçısı bildirib: "Azərbaycan işçi qrupunu vaxtında yaradıb  və nümayəndə heyətini ezam etməyə hazır idi. Bu, erməni tərəfi ilə razılaşdırılmışdı. Yeri gəlmişkən, sərhədlə bağlı ilk görüşün keçirilməsini təklif edən Ermənistanın Xarici İşlər Nazirliyi olub. Azərbaycan həmin təklifi qəbul etdi və biz nümayəndə heyətini göndərməyə hazır idik. Lakin, sonuncu gün - aprelin 29-da Ermənistan artıq razılaşdırılmış görüşü ləğv etdi. Bu, çox məyusedici məsələdir. Daha məyusedici isə, yenə də Ermənistanın ilkin təklifindən irəli gələrək, 7-11 may tarixlərində sərhəddə yeni görüşün keçirilməsi təklifimizdən də Ermənistanın imtina etməsi oldu. Beləliklə, indiyədək, biz Ermənistandan hər hansı yeni tarixləri gözləyirik ki, işə başlayaq. Çünki bu cür məsuliyyətsiz mövqe, əlbəttə ki, narahatlıq doğurur".

Əslində Ermənistanın bu addımları ciddi şübhə doğurur. Əvvəl razılaşıb, sonra görüşdən imtina etməkdən belə nəticəyə gələ bilərik ki, sanki hansısa kənar qüvvə Ermənistanı bu prosesdən çəkindirir. Bu barədə ekspertlər nə düşünür?

Təhlükəsizlik məsələləri üzrə ekspert Elşən Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki,

Ermənistanı bu prosesdən çəkindirən başlıca amil Rusiyadır: “Məlumdur ki,  Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı müzakirələr uzun müddətdir davam edir. Bu məsələ ilə əlaqədar Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin görüşləri olub, ondan sonra Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında birbaşa telefon danışıqları baş tutub, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında görüşlər keçirilib. Görüşlərün ümumi nəticəsində  razılıq əldə olunub ki, sərhədlərin delimitasiyası və demarkasiyası üçün komissiyalar yaradılsın. Komissiyalar artıq yaradılıb. Ancaq Prezidentin də açıqlamasından sonra gördük ki, Ermənistan bu yöndə olan görüşlərə əvvəl razılıq verir, sonra imtina edir. Şahidi olduq ki, bu istiqamətdə fəaliyyət daha çox Brüssel görüşündın sonra oldu. Ancaq sonra Ermənistan rəsmiləri Moskvaya dəvət edildi və onlara mövqelərini dəyişməklə bağlı təzyiqlər olundu. Avropa bu istiqamətdə fəallığını artırandan, xüsusilə də sülh sazişinin imzalanmasına hazırlıq barədə razılıq əldə olunandan sonra biz qəflətən Rusiyanın aktivləşməsini və prosesə ciddi şəkildə müdaxilə etməyə başlamasını gördük. Bu həm də onu göstərdi ki, artıq vasitəçilərin arasında rəqabət, mübarizə mühiti formalaşıb. Çünki vasitəçilik həm də tərəflərə təzyiq etmək imkanını yaradır. Artıq məlumat verilir ki,  Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası və təhlükəsizliyi ilə bağlı komissiyalarının iclasının bu həftə Moskvada keçirilməsi planlaşdırılır. Elə bu xəbərdən aydın görünür ki, Ermənistanı idarə edən dirijor çubuğu kimin əlindədir. Moskva bu gedişi ilə Brüsseli tam oyundankənar vəziyyətə salmış oldu”.

Məhəmmədəli QƏRİBLİ