Azərbaycan-Türkiyə tandemi yeni pillədə - qlobal geosiyasət sxemi dəyişməyə doğru gedir... - Aydın QULİYEV yazır...

14 May 2022 18:55 (UTC+04:00)

Birlikdə Füzuli Beynəlxalq aeroportunun açılışından sonra İlham Əliyevlə Ərdoğanın  Rizə-Artvin aeroportunun açılışında da iştirak etmələri Azərbaycan-Türkiyə qardaşlığının dönməz yüksəlişdə olduğunu göstərən dəyərli hadisədir.

Xüsusilə son 20 ildə iki ölkənin münasibətlərində elə bir təmayül özünü göstərib ki, beynəlxalq münasibətlərin müasir tarixində bunun bənzərini tapmaq sadəcə mümkünsüzdür. Bu təmayül iki xətti özündə birləşdirir. Bu xətlərin biri ölkələrimizi bir-birinə daha da yaxınlaşdıran birgə addımların düşünülməsi və həyata keçirilməsidir. Digəri isə, düşmən ölkələrin aravuran siyasətlərinin neytrallaşdırılmasından ibarətdir. Əliyev də, Ərdoğan da bu illər ərzində hər iki xətt üzrə birgə siyasətin nə qədər vacib olduğuna gərəkli önəmi veriblər. İki ölkəni yaxınlaşdıran siyasətin dönməz və davamlı olmasının səbəbləri barədə çox müzakirələr aparılıb, çox təhlillər verilib. Ən çox yürüdülən mühakimələrdən biri budur ki, prosesin kökündə milli eynilik faktoru dayanır. Sözsüz ki, uğurlu münasibətlərin qurulmasında və dərinləşməsində bu faktorun önəmli rolu danılmazdır. Lakin milli eyniyyət faktoru hər nə qədər təsirli olsa da Türkiyə-Azərbaycan qardaşlığının bu günkü dinamikasının kökündə duran motivlərin heç də tam mənzərəsini əhatə edə bilmir. Ən azı kəskin məntiqli belə bir sual ortaya çıxır ki, digər türk kökənli dövlətlərin münasibətləri niyə bu səviyyədə deyil? Və ya sual olunur ki, milli eyniyyət özlüyündə bu qədər həlledicidirsə, bu faktor ərəb ölkələrinin münasibətlərində niyə özünü göstərə bilmir?..

Məsələ burasındadır ki, milli kök eyniliyi bu günkü Azərbaycan-Türkiyə qardaşlığının dinamikliyini və möhkəmliyini təmin edən tək faktor deyil. Qiymətlidir, lakin tək deyil. Başqa bəzi faktorlar da var ki, həm öz növbələrində Azərbaycan-Türkiyə münasibətlərinin dərinləşməsinə təsirlərini göstərir, həm də iki ölkənin ortaq misilsiz dəyərinə çevrilmiş milli kök eyniliyinin gücünü artırır, ona həlledici xarakter vermiş olur.

Milli kök eyniliyinin həlledici xarakter almasında yaradıcı liderlər və onların birlik amili ön sırada dayanır. Məsələn, ritorik olaraq "orada Ərdoğanın, burada Əliyevin olmadığı" kimi şərt daxilində Türkiyə-Azərbaycan qardaşlığının səviyyəsini və ya bu əməkdaşlıqda milli kök eyniliyinin hansı rolu oynadığını sual edə bilərik. Son 15-20 ildə iki liderin qarşılıqlı anlaşma və birgə hərəkət müstəvisində nail olduqlarını göz önünə gətirsək çox böyük bir siyahı alınar. Orada iqtisadi, siyasi, nəqliyyat, ticarət, enerji, humanitar - mədəni xarakterli o qədər layihələr var ki, barəsində saatlarla yazmaq olar. Əliyevin olmadığı siyasi məkanlarda Azərbaycanın mənafelərinin Ərdoğan tərəfindən, Ərdoğanın olmadığı məkanlarda isə Türkiyənin mənafelərinin Əliyev tərəfindən necə prinsipial müdafiə olunduğuna dair çoxlu faktlar sadalamaq olar. Əliyev-Ərdoğan səmimi dostluq və əməkdaşlıq münasibətlərinin bir faktor kimi ortada olmadığı halda, Türkiyə-Azərbaycan münasibətlərinin kasadlıq dərəcəsini təsəvvür etmək belə çətindir. Belə yüksək münasibətlər və əməkdaşlıq şəraitində Rizə aeroportu kimi obyektlərin tikintisi təbii haldır.

Vətən müharibəsindən sonra Rizə aeroportu kimi kommunikasiya obyektinin yaradılmasının real iqtisadi, siyasi əhəmiyyəti ilə bərabər həm də rəmzi mənası və mesajları var. Məlumdur ki, 44 günlük müharibədə Azərbaycan-Türkiyə tandeminin gücü sübuta yetdi, bunu dostlar da, düşmənlər də gördü. O vaxtdan bu faktora rəğbətlə yanaşı ona qarşı qısqanclıq zəminində dağıdıcı münasibətlər də ortaya çıxıb. Rizə aeroportu bir kommunikasiya, əlaqə, əməkdaşlıq obyekti olaraq həmin qüvvələrə iki ölkə arasında  mehribanlığın getdikcə güclənəcəyi barədə birmənalı mesajlar verir.

Son 15-20 ildə iki ölkənin iqtisadi inkişaf tempində və istiqamətlərində o qədər oxşarlıqlar yaranıb ki, bunlar daim münasibətlərin yeni etaplarının yaranmasını şərtləndirir.

Türkiyə-Azərbaycan əməkdaşlığı həm ümumtürk inteqrasiya müstəvisində, həm də Avrasiya regionunda geosiyasi mənzərəni dəyişmək gücü göstərir. Türk dövlətlərinin əməkdaşlığı adi məşvərət səviyyəsindən siyasi təşkilat səviyyəsinə qədər yol keçib. Sıralar genişlənib, Macarıstan bu birliyə qoşulub, Orta Asiyanın indiyədək kənarda qalmış ölkələri də ona qoşulub. Eyni sözləri qeyri-türk inteqrasiya təşkilatları barədə də demək olar. Azərbaycanın və Türkiyənin birgə səyləri ilə İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi qurumların necə dəyişdiyinə, təkmilləşməsinə dair çoxlu faktlar göstərmək olar.

Beynəlxalq hava limanı xüsusi parametrlərə malik təzahürdür. Hər yerdə beynəlxalq aeroport tikmək və ya hazır aeroporta beynəlxalq status vermək olar. Lakin bununla hər şey bitirmi? O işləyəcəkmi? Səmərəli olacaqmı? Müqayisə üçün deyək ki, Ermənistanda beynəlxalq hava limanlarının sayı çox məhduddur. Bəlkə də tək Yerevandadır. Beynəlxalq limanlar ilk növbədə ölkənin geosiyasi əhəmiyyətinin göstəricisidir. Ermənistan kimi ölkələrin geosiyasi əhəmiyyəti yalnz Rusiyanın mənafe kriteriyaları ilə ölçüldüyü üçün bu ölkədə beynəlxalq aeroportlar şəbəkəsi səmərə verə bilməz. Beynəlxalq aeroport eyni zamanda ölkənin böyük idxal-ixrac və turizm potensialının olmasını tələb edir. Ermənistanda bunlar da yoxdur. Türkiyədə və Azərbaycanda isə var. Nəzərə alsaq ki, Azərbaycanın da böyük idxal-ixrac və turizm potensialı olduğu üçün beynəlxaq aeroportlar şəbəkəsi burada da böyük səmərə ilə işləyəcək. Füzuli, Laçın, Kəlbəcər beynəlxaq aeroportları Avrasiyanın əhəmiyyətli qovşaqlarına çevrilə bilər. Bir vaxt gələr ki, Azərbaycan və Türkiyə beynəlxalq aeroportlar şəbəkəsinin miqyasına görə bölgənin ən qabaqcıl ölkələri statusunu alacaq.

Bəlkə də Azərbaycan-Türkiyə tandemi regionda yeganədir ki, baş verən ətraf kataklizmlərdən ziyan görmür və görməyib.Suriya, Əfqanıstan, Ukrayna, İraq, Qazaxıstan proseslərinə hər iki ölkə eyni münasibət sərgilədi ki, bu da münasibətlərin daha da güclənməsinə təkan verir.

Türkiyə-Azərbaycan münasibətləri yeni mərhələyə çıxır. İndiyə qədər bu münasibətlər əsasən regional geosiyasətin dəyişdirilməsini, formalaşdırılmasını əsas tuturdusa, növbəti mərhələdə qlobal geosiyasətin dəyişdirilməsinə təsir imkanlarından danışacağıq. Artıq ilk əlamətlər var. Azərbaycanla Türkiyə dünya idarəçiliyinin əsaslarının dəyişdirilməsi, BMT islahatlarının aparılması, yeni sülh və təhlükəsizlik sxemlərinin yaradılması yönümündə eyni siyasət aparırlar...

Qarşıda uzun yol var...

Aydın QULİYEV