Qırıq pəncərə şüşələrinə yaxınlaşmaq olmaz, çürümüş döşəmələrdə qaçmaq olmaz. Bu tapşırıqlar şagirdlərə verilib və bunun üçün nəzarətçilər də təyin edilib. Söhbət Lənkəran rayon Boladi kəndinin 2 nömrəli tam orta məktəbindən gedir.
Şəraitsiz vəziyyətdə olan bina 1964-cü ildə tikilib istifadəyə verilib və 8 illik məktəb kimi fəaliyyət göstərib. Sonradan 90-cı illərdə təhsil ocağına tam orta məktəb statusu verilib. Məktəb 2 korpusdan və 21 otaqdan ibarətdir. Ancaq problem ondadır ki, hazırda 234 şagird qəzalı və təhlükəli şəraitdə təhsil almaq məcburiyyətindədir. Çünki məktəb olduqca qəzalı vəziyyətdədir. Yağış yağanda sinif otaqlarına su damır. Dərd orasındadır ki, məktəbin hər an uçmaq təhlükəsi var. Küləkli havada məktəb uçacaq deyə şagirdləri həyətə çaxarırlar. Hər gün müəllimlərdən, texniki işçilərdən növbəçilər təyin edilir ki, uşaqlara nəzarət etsinlər. Çünki hər an məktəbin uçması baş verə bilər. Hətta müəllimlər siniflərin qapısını çox ehtiyatla açıb-bağlayırlar ki, hansısa hadisə baş verməsin. Məktəb yer üstündə tikildiyi üçün istilər düşdükcə altında ilanlar olur. Kənd sakinləri dəfələrlə şəxsən təhsil nazirinə müraciət etsələr də xeyri olmayıb.
Lənkəran Şəhər Təhsil Şöbəsindən bildiriblər ki, məktəb uyğunlaşdırılmış binada yerləşir. Bir neçə dəfə məktəbə baxış keçirilərək lazımı məlumatlar toplanıb Təhsil Nazirliyinə göndərilib. Yeni məktəbin tikilməsi nəzərdə tutulub, amma bunun nə zaman olacağı bəlli deyil. Allah eləsin, o vaxta qədər məktəbdə hansısa bədbəxt hadisə baş verməsin.
- “Məktəblərin bərbad gündə olması təhsilin keyfiyyətinə ciddi mənfi təsir edir”
Məsələyə münasibət bildirən ekspert Rəsul Cahangirlinin fikrincə, ümumiyyətlə, Cənub bölgəsində bərbad durumda olan məktəblər çoxdur: “Nəinki Lənkəranda, Astara və Lerikin bir sıra kəndlərində də məktəblər bərbad gündədir. Xüsusən də ucqar kəndlərdə. Nə yaxşı ki, modul tipli məktəblər hesabına problem qismən həll edilir. Əgər modul tipli məktəblər olmasaydı o zaman vəziyyət daha biabırçı olardı. Ancaq məsələ ondadır ki, modul tipli məktəblər şagird sayı az olan kəndlərdə quraşdırılır. Şagird sayı çox olan kəndlərdə yeni məktəblər inşa edilməlidir. Təhsil naziri Emin Əmrullayev müsahibələrin birində qeyd etdi ki, ölkədə 1000-ə yaxın qəzalı və köhnə məktəb var. Fiziki baxımdan qısa müddətdə bu problemi həll etmək mümkün deyil. Yaxşı, bəs o zaman Boladi tam orta məktəbi şagirdlərin üstünə uçsa nə olacaq? Kim bu məsuliyyəti üstünə götürəcək? Olmazmı ki, daha pis vəziyyətdə olan məktəblərin yenilənməsi qabağa salınsın? Mütləq gərək hansısa fəlakətli hadisə baş versin, ondan sonra müvafiq addımlar atılsın. Hesab edirəm ki, çıxış yolu daha pis vəziyyətdə olan məktəblərin təmir edilməsindən və yaxud da yenidən tikilməsindən keçir. Nəzərə almaq lazımdır ki, məktəblərin bərbad gündə olması təhsilin keyfiyyətinə ciddi mənfi təsir edir”.
Bir sözlə, ekspert hesab edir ki, bölgələrdə bərbad durumda olan məktəblərin yenilənməsi sürətləndirilməsə bunun ciddi fəsadları olacaq.
Vidadi ORDAHALLI