“Qaralovla Usubov kimi deyirdilər, onu tuturduq" - sabiq KQB-çi istintaq rəisi prokurorların da əməlinı açdı...

13 May 2022 18:17 (UTC+04:00)

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin sabiq rəisi, general-mayor Mövlam Şıxəliyev, onun müavini Yasin Məmmədov və idarənin şöbə rəisləri Vüsal Ələkbərovla Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir. Zərərçəkən Qulam Bağırov dindirilib.

O, ifadəsində təqsirləndirilən Sahib Ələkbərovun həbs olunmasını istəyib: “Sahib Ələkbərov 2009-cu ildə mənə hədə-qorxu gələrək külli miqdarda pul tələb etdi. Məni girov götürməklə qardaşımdan 135 min dollar pul aldı. Pulu verməyəcəyim təqdirdə vaxtilə polis tərəfindən araşdırılan və adımın keçdiyi, xitam olunmuş cinayət işini tələb edib MTN-də istintaq olunacağını bildirdi. Cinayət işi üzrə xitam qərarını Baş prokurorun birinci müavini Rüstəm Usubovun qərarı əsasında ləğv etdirdi. Həbs adlı girovluqda olduğum zaman ailə üzvlərimi məcbur etdi ki, külli miqdarda pulu ödəsinlər. Ailəmə demişdi ki, tələb etdiyi məbləğ verilməsə, məni içəridə çürüdəcəklər. Sahib Ələkbərovun əməlində ağır cinayət tərkibi mövcuddur və ona bu maddə ilə ittiham irəli sürülməlidir”.

Təqsirləndirilən Sahib Ələkbərov isə ifadəyə belə münasibət bildirib: “Mən müstəntiq idim, Mövlam Şıxəliyevə məruzə edirdim. O da birbaşa Zakir Qaralova, Rüstəm Usubova məruzə edirdi. Onların birbaşa yazılı və şifahi göstərişlərini icra edirdim. Deyirdilər ki, həbs et, edirdim, azad et, edirdim. Həbs edəndə hansı maddə ilə vəsatətin yazılmasını tapşırırdılar. Azad ediləndə də yenə də onlar deyirdi, mən də azad edirdim. MTN-in istintaq idarəsində yeganə namuslu, vicdanlı müstəntiqlərdən olmuşam, Allahımı tanımışam”.

Doğrudan da, prosessual normalara görə, prokurorluğun  icazəsi olmadan nə kimisə azad etmək, nə də kimisə həbs etmək olar. Bu baxımdan da, səslənən ittihamlara aydınlıq gətirmək üçün Zakir Qaralov və Rüstəm Usubovun məhkəmədə ifadə vermələri təmin olunmalıdırmı?

Hüquqşunas Şəmsəddin Əliyev “ Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, məhkəmədə kifayət qədər ziddiyyətli ifadələrə rast gəlinir:

“ Bütün bunların aydınlaşması üçün verilən vəsatətlərə obtektiv hüquqi qiymət verilməlidir. Ortaya çıxan zəruri faktları araşdırıb, ədalətli hökmün verilməsi  üçün  mütləq mənada lazımi şəxslərin məhkəmədə dindirilməsi təmin edilməlidir. Prosesual qanunvericilik kimisə hansısa mənsubiyyətinə, sosial vəziyyətinə görə şahid kimi dindirməyi qadağan etmir. Müstəntiqin tələbləri əsas sayılırsa, prokuror və ya hakim həmin vəsatətə münasibətini açıqlamalıdır. Düşünürəm ki, bu təmin olunacaq. Təəssüfedici hal budur ki, müstəntiqlər əsasən istintaqa nəzarət edən prokurorun bütün göstərişlətinə əməl edirlər. Bəzən  prokurorların belə müdaxilələri korporativ maraqlar naminə edilir. Mənim istəyim bundan ibarətdir ki,  həqiqətin ortaya çıxması üçün  adı mühüm məqamlarda hallanan şəxslərin dindirilməsini hakim təmin etməlidir. Bu, hüquqi və sosial ədalətin təmin olunması baxımından çox zəruridir. Bu gün bizimlə düşmən olan ölkənin başçısının baş prokurorluğa dəvət edilərək, ifadəsinin alınması ilə bağlı qərar verilib. Hüququn alilyini təmin etmək üçün heç kimə qarşı ayrıseçkiliyə yol verilməməlidir. Nəzərinizə çatdırım ki, “MTN işi” ilə bağlı məhkəmələrdə belə vəsatətlər çox verilir”.

Məhəmmədəli QƏRİBLİ