Taksilərə və elektromobillərə sığortaçılardan anlaşılmaz münasibət…

13 May 2022 17:48 (UTC+04:00)

Avtomobil sürücüləri bəzi hallarda icbari sığorta üçün müraciət etdiklərində imtina ilə qarşılaşırlar. Sürücülərin şikayətlərinə görə, əksər sığorta şirkətləri əsasən taksi fəaliyyətində istifadə edilən avtomobilləri qeyri-rəsmi şəkildə sığortalamaqdan imtina edir. Və sürücülərə elə qeyri-rəsmi formada da bildirilir ki, “taksi işləyən maşınlar çox tez-tez qəza keçirirlər, onları sığorta etmək şirkətə sərf etmir”.

Azərbaycan qanunlarına əsasən, bütün avtomobillər sığorta olunmalıdır. Və bu sığortanı da qanuni şəkildə lisenziyası olan şirkətlər həyaka keçirməlidir: bu, o şirkətlərin borcu və işidir. Ancaq bu gün sığorta şirkətləri taksi fəaliyyətini həyata keçirən avtomobillərin icbari sığortasını təmin etməkdən imtina edir. Həmçinin, son vaxtlar şirkətlər elektromobillərin də sığortasını həyata keçirmirlər.

Məlumat üçün bildirək ki, qüvvədə olan qaydalara əsasən, mühərrik həcmi 1500 kubsantimetrədək olan avtomobillərin sığorta haqqı 50 manatadək, 2000 kubsantimetrədək olan avtomobillərdə isə 75 manatadək təşkil edir. Sığorta şirkətinin verdiyi təminat isə istənilən mühərrikli avtomobil üçün 5000 manat təşkil edir.

Qeyd edək ki, qanunvericilikdə Bonus-malus sistemi də nəzərdə tutulub. Bu qaydaya görə, avtomobili qüsursuz, yəni qəzasız idarə edənlər növbəti ilə daha aşağı sığorta haqqı ödəyirlər (təminat olduğu kimi 5000 manat qalmaqla) – bu, Bonus qaydasıdır.

Qəza törədənlər  isə növbəti ilə daha yüksək sığorta haqqı ödəməlidirlər – bu, Malus qaydasıdır. Amma reallıqda bu qayda da birtərəfli işləyir – qəzası olan avtomobil sahibləri müxtəlif üsullardan (o cümlədən avtomobili başqa şəxsin adına sığorta etməklə) istifadə etməklə sığorta haqqını növbəti il də aşağı məbləğdə ödəməyə nail olurlar. Bu da sığorta şirkətləri üçün sərfəli olmayan vəziyyət yaradır.

Bu səbəbdən də sığorta şirkətləri kiçik mühərrikli avtomobilləri sığorta etməkdən yayınır. Səbəb isə odur ki, qəza baş verərsə 45 manatlıq sığorta haqqı müqabilində 9500 manatlıq sığorta ödənişi edilməsi  sığorta şirkətinə sərf etmir. Qeyd edək ki, imtina halları daha çox Bakı, Abşeron və Sumqayıt şəhərlərində qeydiyyatda olan kiçik mühərrikli avtomobilləri əhatə edir. Bu avtomobillərin icbari sığortası üzrə agentlərə komissiya da verilmir.

Sığorta sahəsi üzrə ekspert Eldəniz Cəfərov bildirdi ki, Azərbaycanda mühərrik ölşüsü 50 kub sm-dən başlayaraq nəqliyyat vasitələrinin hamısı mütləq şəkildə icbari sığorta olunmalıdır: “Məlumat üçün bildirim ki, icbari sığorta ilə yanaşı ölkədə həmçinin, avtomobillərin kasko sığortası da mövcuddur. Kasko sığorta könüllü sığorta olsa da, daha səmərəli sığorta növü hesab olunur. Avtomobillə qəza və digər bu kimi hallar baş verdikdə kasko sığortası daha əlverişli hesab edilir. Təəssüf ki, biz son zamanlar ölkədə sığorta ilə bağlı xeyli problem yaşayan sürücülərə rast gəlirik. Sürücülər bəzi sığorta şirkətlərinin qəza zamanı onların sığortalarının vaxtında ödənməməsi və digər bu kimi problemləri daha çox dilə gətirirlər. Bildirirlər ki, onlar şirkətlər tərəfindən get-gələ salınırlar. Ümumiyyətlə, sürücülərə, vətəndaşlara qarşı belə haqsız davranan sığorta şirkətlərinin lisenziyası dövlət tərəfindən geri alınmalıdır. Həmin şirkətlərin lisenziyası alındığı zaman isə onlar artıq nə icbari, nə də kasko sığortası edə bilirlər. Bunu etmək lazımdır, dövlət qurumları belə sanksiyanı tətbiq edə bilərlər. Yəni bu sığorta icbaridir, vətəndaş ilbəil məcburi qaydada onu ödəyir və belə olan halda da hər bir sığorta şirkətinin də borcudur ki, vaxtlı-vaxtında həmin vətəndaşların ödəmələrini etsin, süründürməçiliyə yol verməsin”.

Günel CƏLİLOVA