Xocalıdakı tarixi kurqanlarımızı məhv edirlər...

13 May 2022 07:40 (UTC+04:00)

Rusiya sülhməramlılarının Xocalı kurqanlarını məhv etməsi barədə məlumatlar yayılıb. Xocalı kurqanları  rus sülhməramlılarının qurbanına çevrilib. Rusiya sülhməramlıları kurqanlardan istehkam kimi istifadə edirlər. Xocalıdakı kurqanlar Xocalı-Gədəbəy mədəniyyətinə mənsub olan qədim tarixin öyrənilməsində olduqca önəmli yeri tutur. 

Bu barədə Tarix İnstitutunun baş mütəxəssisi Səbuhi Hüseynov mətbuata məlumat verib.

S.Hüseynov bildirib ki, Xocalıdakı kurqanlar Xocalı-Gədəbəy mədəniyyətinə mənsub olan qədim tarixin öyrənilməsində olduqca önəmli yer tutur:

“Xocalı kurqanları tarixin bir dövrünü e.ə. XIV – VIII əsrləri, yəni son tunc – ilk dəmir dövrünü əhatə etməklə bütün Qafqazda müxtəlif tip abidələr qrupunun bir yerdə toplandığı yeganə yerdir. H.Cəfərovun yazdığına görə, Xocalıda kurqanların 5 tipi müəyyən edilib.

Xocalı düzü çox zəngin arxeoloji material vermiş eyniadlı kurqanları ilə elmi ədəbiyyatda məhşurdur. XX əsrin əvvəllərində burada tədqiqat aparan tədqiqatçılar Xocalının qədim dövrdə müqəddəs bir yer sayıldığını və ətraf ərazilərdə vəfat edən insanları gətirib məhz bu yerdə basdırdıqlarını yazırdılar. Lakin bu gün Xocalı kurqanlarının elmi əhəmiyyətindən danışmaq fikrim yoxdur. Çünki bu barədə bir çox tədqiqatçılar artıq öz sözünü deyib və Azərbaycan tarixinin bir sıra qaranlıq səhifələri bu kurqanların materialları sayəsində öyrənilib…

Məsələ isə başqadır. Rus sülhməramlıları Xocalı Hava Limanı ərazisində yerləşən Xocalı kurqanlarından hərbi məqsədlər üçün istifadə edirlər. Xocalıda olan kurqanlardan bir neçəsi 44 günlük müharibədən sonra Qarabağa gətirilmiş sülhməramlıların qurbanı olub. Belə ki, dövrümüzə qədər gəlib çatmış 3 böyük kurqandan biri tamamilə dağıdılaraq üzərində hərbi istehkam qurulub. Bunu süni peyk görüntülərinin əvvəlki illərlə müqayisəli təhlili də göstərir.

Ətəyinə yaxın yerləşdirilmiş rus sülhməramlılarının hərbi istehkamı Xocalı kurqanlarından ən böyüyü – Haça təpə kurqanını öz qurbanına çevirməkdədir. Bunu da süni peyk görüntülərindən görmək mümkündür...”

Mütəxəssis qeyd edib ki, Xocalı kurqanları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 saylı qərarı ilə təsdiq edilmiş Azərbaycanın arxeoloji abidələrindən dünya əhəmiyyətli 43 saylı inventardır. Tarix və mədəniyyət abidələrinin qorunması haqqında Azərbaycan Respublikası qanununun 18-ci maddəsinə görə, abidələr hərbi məqsədlər üçün istifadə edilə bilməz.

Bundan başqa, 1954-cü il Haaqa Konvensiyasına görə, tarixi abidələr, arxeoloji qazıntılar kimi daşınan və daşınmaz mədəni dəyərlərin müdafiə edilməsini bu konvensiyaya qoşulmuş iştirakçı dövlətlərin qarşısında vəzifə kimi qoyur. Bu fikirləri də S.Hüseynov bildirib.

AMEA-nın Sosiologiya və Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru, BAO başqanın müavini, siyasi şərhçi Faiq Ələkbərli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, şübhəsiz, Rusiya sülhməramlılarının öz nəzarətlərində olan məlum ərazidə həyata keçirdiyi işlər qətiyyən ürəkaçan deyil: “Xüsusilə də Xocalı kurqanlarının Rusiya “sülhməramlılarının” qurbanına çevirilməsi acı bir gerçəklikdir. Əvvəlcə burada erməni terrorçuları, separatçıları müəyyən çirkin addımlar atıblar. Bildiyimiz kimi, erməni separatçıları işğal dövründə abidələrimizə qarşı çirkin niyyətlər həyata keçiriblər, kurtqanlarımızı, digər abidələrimizi məhv ediblər. Eyni zamanda da bizim abidələri oğurlayıblar. Çox təəssüflər olsun ki, indi də ermənilərin hərəkətlərini Rusiya sülhməramlıları təkrar edir. Onlar Xocalı kurqanlarından bu və ya digər şəkildə öz maraqlarına uyğun olaraq istifadə edirlər. Bunlar qəbuledilməzdir. Bilirik ki, Xocalı-Gədəbəy mədəniyyəti məhz böyük bir tarixi mədəniyyətdir, dünyanın ən qədim mədəni irslərindən biridir. Bu anlamda Xocalı-Gədəbəy mədəniyyətinə aid olan Xocalıdakı kurqanların Rusiya sülhməramlılarının hansısa istehkam kimi istifadə etməsi qəbuledilməzdir. Şübhəsiz ki, bununla bağlı müəyyən addımlar atılmalıdır. Artıq bu məsələnin dünyada ictimailəşdirilməsinə zərurət var. Çünki Xocalı-Gədəbəy mədəniyyəti təkcə Azərbaycan Respublikasına, Azərbaycan xalqına aid deyil, dünya mədəniyyətinə, bəşəriyyətə aid bir mədəniyyyətdir”.

F.Ələkbərlinin sözlərinə görə, bəşəriyyətə aid mədəniyyətin dünyanın gözü önündə məhv edilməsi və xüsusilə də hərbi istehkamlar kimi istifadə olunması olduqca mənfi bir haldır. F.Ələkbərlinin fikrincə, hər halda bununla bağlı BMT-nin müfaviq qurumu olan UNESCO-ya, eləcə də digər tarix – mədəniyyət abidələrinin mühafizəsi ilə məşğul olan    

Beynəlxalq təşkilatlara müraciət edilməsi vacibdir. “Bütün bunlarla yanaşı məsələ ilə bağlı Rusiya dövlətini xəbərdar etmək, addımlar atmaq lazımdır. Xocalıdakı kurqanların bu şəkildə istifadə edilməsinin mümkünsüzlüyünü ortaya qoymalıyıq. Ümumiyyətlə, buradakı vəziyyətin bu şəkilə salınması yolverilməzdir. Rusiya sülhməramlılarının öz məqasədlərindən tamamilə kənara çıxması, belə addımlar atması qəbuledilməzdir. Rusiya tərəfi bu barədə məlumatlandırılmalıdır və bunun qarşısı alınmalıdır. Həmçinin də UNESCO və Avropanın müvafiq təşkilatlarına Xocalı-Gədəbəy mədəniyyətinə aid bəşər əhəmiyyətli kurqanlar və üzləşdiyi təhlükə haqqında məlumatlar verilməlidir. Ümid edirik ki, qısa zamanda bu məsələ öz həllini tapacaq”- deyə F.Ələkbərli qeyd etdi.

İradə SARIYEVA