Mediamızla bağlı qanunvericilik müasir tələblərlə necə uzlaşır…

12 May 2022 17:31 (UTC+04:00)

“Media haqqında” yeni qanunun qəbul edilməsinə həqiqətən böyük ehtiyac var idi. Dövrün çağırışı, son illərdə texnologiyanın inanılmaz inkişafı, cəmiyyətimizdə və dünyada yeni şəraitin yaranması üçün media məkanında vahid, mükəmməl, effektiv bir Qanuna ehtiyac duyulduğunu heç kim inkar edə bilməz.

1999-cu ildə qəbul olunmuş və qüvvədə olan “Kütləvi informasiya vasitələri haqqında” qanun bugünə kimi dəfələrlə dəyişdirilib və müasir çağırışlarla uzlaşmırdı. Keçən 20 ildən artıq müddətdə çox şey dəyişib, media anlayışına yeni baxışlar yaranıb, sosial media adlı bir sektor yaranıb, televiziya sahəsində yeni bir sistem (internet TV-lər) və s. formalaşıb. Bundan əlavə, keçən müddət KİV haqda Qanunun müasir tələblərə cavab vermədiyini, bir çox problemlərin yaranmasına səbəb olduğunu, medianın inkişafına artıq təkan verə bilmədyini əyani göstərdi.

Belə bir şəraitdə dünya təcrübəsinə əsaslanaraq, inkişaf etmiş ölkələrin media qanunvericiliyinə uyğun olaraq, ölkəmizdə də yeni Media Qanununun qəbul olunması şərt idi.

“Media haqqında” yeni qanun layihəsi qəbul olunduqdan sonra ictimaiyyət və media arasında qarşılıqlı etimad güclənə və gələcəkdə ölkəmizdə doğru, keyfiyyətli və professional informasiya istehsalı aparıla bilər.

Azərbaycanda jurnalistikanın inkişafına və eyni zamanda dövrün tələblərinə cavab verən hüquqi tənzimlənməyə böyük ehtiyac var. Müasir dövrün tələbləri nəzərə alınaraq hazırlanan bu qanun layihəsi qəbul olunduqdan sonra təcrübədə hansı nəticələrin əldə olunduğunu zaman göstərəcək. Yeni qanun layihəsi bu gün cəmiyyətimizdə etibarsızlıq mühiti və narahatlıq yaradan, el arasında “reket jurnalistika” dediyimiz problemin həllində mühüm rol oynaya bilər.

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, filologiya elmləri doktoru Vüqar Zifəroğlunun sözlərinə görə, Qanunla tanış olduğumuz zaman görürük ki, bu həm media subyektlərinin dəqiq təsnifatını verir, həm də sosial prioritet ön planda olur: “Dövlət-media və  media-cəmiyyət münasibətlərinin tənzimlənməsi, həmçinin cəmiyyət üçün aktual olan bir sıra məqamlar açıq şəkildə öz əksini tapır. Nəzərə almaq lazımdır ki, “media haqqında” qanun bundan əvvəlki dövrlərdə kütləvi informasiya vasitələrinin tənzimlənməsini hüquqi cəhətdən həyata keçirən bir neçə qanunun ümumiləşmiş vahid forması kimi ortaya çıxır. Gün-gündən inkişaf edən media sahəsinə yeni qanun olduqca müsbət təsir göstərəcək. Burada bir sıra yeniliklər var. Məsələn, media savadlılığını buna misal gətirmək olar. Bizdə indiyə qədər istər kütləvi informasiya vasitələri haqqında, istərsə də bu fəaliyyət növünə dolayısı ilə aid ola biləcək qanunvericilik aktlarında bu cür müasir məqamların əksini tapmasının şahid olmamışdıq. Hesab edirəm ki, kifayət qədər maraqlı və müasir tələblərə cavab verən qanundur. 

Media sürətlə dəyişən sahədir. Buna görə də gələcəkdə müəyyən yeniliklər olarsa, qanunda yəqin ki,  bu öz əksini tapacaq. Qanunda ən çox diqqətimi çəkən məqam dövlət-media və cəmiyyət-media münasibətlərinin tənzimlənməsi məsələsi, həmçinin informasiya və iş prosesi ilə bağlı tələblərin konkretləşdirilməsidir. Bunlardan başqa media savadlılığı kimi vacib məsələlərin qanunvericiliyə gətirilməsi də diqqət cəlb edən müsbət hallardan biridir. Belə qanunun qəbul edilməsi müəyyən mənada jurnalistin fəaliyyətinin hüquqi müstəvidə daha aydın, konkret və azad olması cəhətdən çox əhəmiyyətlidir. Jurnalistikamızın hazırkı vəziyyətinə müsbət təsirləri olacaq. Media istənilən dövlət və cəmiyyət üçün ciddi strateji əhəmiyyəti olan sahədir. Müasir dövrdə informasiya ən ciddi təsir vasitəsi, həm də silahdır. Təsadüfi deyil ki, bu gün “informasiya ekologiyası”, “informasiya müharibəsi” kimi anlayışlardan danışırıq. Üstəlik, bu tək bizdə yox, beynəlxalq jurnalistikada da ən vacib problemlərdir”.

Nəzərdə tutulan məsələlərdən biri də, bütün dünyada olduğu kimi, bizdə də Media Reyestrinə daxil edilmiş jurnalistlərə vahid jurnalist vəsiqəsinin təqdim olunmasıdır. Bu, könüllülük prinsipi əsasında həyata keçirilsə də, media mühitinin sağlamlaşmasına müsbət təsir göstərəcək. İndi ortalıqda 50 mindən artıq saxta jurnalist vəsiqəsi ilə dolaşan var ki, bu da medianı gözdən salmaqla yanaşı, cəmiyyətə də problem yaradır, reketçiliyə, dezinformasiya yayılmasına şərait yaradır. Ona görə də, əsil jurnalistlərin ümumi bir reyestri olması məqsədəuyğun hesab edilir. Bir çox ölkələrdə, o cümlədən Türkiyədə bu sistem çoxdan fəaliyyət göstərir həm də effektli şəkildə. Reyestr və vahid vəsiqə əsil jurnalistlərə azad və peşəkar işləmək üçün böyük imkanlar açır, onlara bəzi imtiyazlar verir.

Dəyişən dünyada yeni terndlərin, yeni çağırışların yaranması ölkəmizdə də media, jurnalistika ilə bağlı sağlam mühit, rəqabətli şərait, inkişafa təkan verilməsini tələb edir. Son vaxtlar media sahəsində  qəbul olunan qanunlar  bu sahədə vəziyyəti fundamental olaraq dəyişəcəyinə ümid etmək olar.

Məhəmmədəli QƏRİBLİ
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.