Azərbaycanın regionda əsas iqtisadi üstünlükləri beynəlxalq qurumların hesabatlarında...

11 May 2022 16:55 (UTC+04:00)

Qeyri-neft sektorunun inkişafı istiqamətində ölkə hökumətinin atdığı addımlar artıq öz praktik nəticələrini verməkdədir. Elə bunun nəticəsidir ki, iqtisadi inkişafda qeyri-neft sektorunun xüsusi çəkisi artır.

Bu arada qeyd edək ki, 2022-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycanın ixracı 11,8 milyard  dollar, qeyri-neft sektoru üzrə 965,5 milyon  dollar təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2021-ci ilin eyni dövrü ilə müqayisədə 268,6 milyon  dollar və ya 38,5 % artıb. Bundan başqa, cari ilin yanvar-aprel ayları ərzində vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 55,2 % artaraq 5 milyard 35,4 milyon manat təşkil edib və proqnoz 150,5 % səviyyəsində icra olunub. Burada da qeyri-neft sektorunun payı yüksək olub. İqtisadiyyat naziri Mikayıl Cabbarov bu xüsusda qeyd edir: "Ölkə iqtisadiyyatının bərpası prosesinin sürətləndirilməsi və vətəndaşlarımızın rifahının daha da yüksəldilməsi istiqamətində prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların nəticəsi olaraq dövlət büdcəsinə vergi daxilolmalarında növbəti dəfə yüksək göstəricilər əldə olunub". M.Cabbarovun sözlərinə görə, qeyri-neft-qaz sektorundan daxilolmalar 49,7 % artaraq 3 milyard 430,2 milyon manat olub və proqnoz 133,5 % yerinə yetirilib. Ölkədə qeyri-neft sektorunun inkişafı dünya miqyasında da izlənir və təqdir edilir. Hətta Avropa Yenidənqurma və İnkişaf Bankının son hesabatında qeyd edilir ki, 2021-ci ildə Azərbaycanda iqtisadiyyatın bərpası qeyri-enerji sektorları hesabına baş verib, iqtisadiyyatın qeyri-karbohidrogen hissəsi 2021-ci ildə 7,2 %-lik artım göstərib.

Qurumun proqnozuna əsasən, Azərbaycan ÜDM-inin artım tempi 2022-ci ildə 4,5 %, 2023-cü ildə isə 2,5 % olacaq: “Enerji daşıyıcılarının qiymətinin artması, çox güman ki, ən azı qısamüddətli perspektivdə Azərbaycanda iqtisadi artımı dəstəkləyəcək. Güclü ixrac gəlirlərinin qeyri-enerji sektorlarını yüksək artım tempində saxlayacağı gözlənilir, hərçənd, kənd təsərrüfatı məhsullarının Rusiya və Ukraynaya ixracına zərər dəyə bilər”. Hesabat müəllifləri qeyd edirlər ki, ərzaq qiymətlərinin yüksək olması inflyasiyanın 2022-ci ilin yanvar-mart ayları arasında illik orta hesabla 12,2 %-ə qədər sürətlənməsinə səbəb olub. Azərbaycan Mərkəzi Bankı 2021-ci ilin əvvəlindən yenidən maliyyələşdirmə dərəcəsini beş dəfə artıraraq 2022-ci ilin martında 7,75 %-ə çatdırıb. Avropa Yenidənqurma və İnkişaf Bankı hesab edir ki, 2021-ci ildə Azərbaycanda iqtisadiyyatın bərpası qeyri-enerji sektorları hesabına baş verib, iqtisadiyyatın qeyri-karbohidrogen hissəsi 2021-ci ildə 7,2 %-lik artım göstərib, o cümlədən də xidmətlər və istehsal sahələri hesabına: “Buna baxmayaraq, 5,6 % səviyyəsində olan ümumi ÜDM artımı gözləntiləri üstələsə də, OPEC+ çərçivəsində neft hasilatı kvotaları fonunda neft hasilatının məhdudlaşdırılması ilə yavaşlayır. Tələbata gəlincə, istehlakda bərpa güclü olub, lakin investisiyalar 7,3 % azalıb. Karbohidrogenlərin üstünlük təşkil etdiyi ixrac 2021-ci ildə real ifadədə 17 % artıb, neft və qaza tələbat və onların qiymətlərin artması isə xeyli xarici “əlavələr”ə səbəb olub. 2022-ci ilin birinci rübündə ÜDM artımı illik müqayisədə 6,8 %-ə qədər sürətlənib”. Bank vurğulayıb ki, hazırda müharibə şəraitində olan Ukraynanın iqtisadiyyatı ilə yanaşı, Şərqi Avropa və Qafqaz regionunun digər ölkələri də ticarətin pozulmasından, yüksək enerji və taxıl qiymətlərindən, qaçqın axınından və beynəlxalq maliyyə bazarlarına çıxışın məhdudluğundan əziyyət çəkir: “Ukraynadakı müharibənin təsirləri inflyasiyanın yüksək səviyyədə saxlanmasına, səbəb olacaq, ev təsərrüfatlarının büdcələrinə və dövlət maliyyəsinə təzyiq göstərəcək. Bu regionda Ermənistan və Gürcüstanın Rusiya, Ukrayna və Belarusa ixracat payı yüksəkdir. Onları 2022-ci ildə ciddi azalma gözləyir. Gürcüstan Rusiya və Ukraynadan gələn turist axınının azalmasından da zərər görə bilər ki, bu da onsuz da zərər çəkmiş qonaqqarşılama sənayesinə böyük təsir göstərəcək, Ermənistan isə Rusiyadan pul köçürmələrinin əhəmiyyətli dərəcədə azalması səbəbindən həssas vəziyyətdədir. Moldovanın kövrək iqtisadiyyatı ukraynalı qaçqınların axını qarşısında güclə tab gətirir və zəif enerji dayanıqlığından əziyyət çəkir. Azərbaycan əsas karbohidrogen ixracatçısı və Avropaya potensial alternativ (Rusiya ilə müqayisədə) qaz tədarükçülərindən biri olduğuna görə, ən azı qısamüddətli perspektivdə enerji sektorundakı cari artımlardan faydalana biləcək yeganə region ölkəsidir. Qısamüddətli perspektivdən savayı, mümkün post-münaqişə ssenarilərinin iqtisadi təsirini qiymətləndirmək hazırda çətindir, lakin onlar regiondakı geosiyasi proseslərə çox həssasdır”. "Fitch" beynəlxalq reytinq agentliyi də Azərbaycanın digər region ölkələri ilə üstün mövqedə olduğunu qeyd edir: "Təbii qaz hasilatının artması neft hasilatının tədricən azalmasını qismən kompensasiya etdiyindən, 2023-cü ildə isə ölkənin iqtisadi artımı 2% olacaq. "Fitch" qeyri-neft özəl sektorunun investisiya qoyuluşlarını, iqtisadiyyatın şaxələndirilməsini və ümumi ÜDM-in artım tendensiyasını məhdudlaşdıran böyük və səmərəsiz dövlət sektorunda struktur islahatları üçün zəif perspektivləri görməkdə davam edir".

Ramil QULİYEV