Erməni Şirvanzadəni Azərbaycanın ilk Xalq yazıçısı statusuna kim soxuşdurub?

10 May 2022 17:58 (UTC+04:00)

Doğrudanmı, Azərbaycanın ilk Xalq yazıçısı erməni Aleksandr Şirvanzadə (Movsesyan) olub? Necə ola bilər ki, Azərbaycan ədəbiyyatında heç bir xidməti olmayan erməni əsilli bir şəxs Azərbaycanın ilk “Xalq yazıçısı” adını alıb? Şirvanzadəni bizim ədəbiyyatımıza kimlər peyvənd etmək istəyib? 

Təbii, Şirvanzadənin adını çoxlarımız ölməz şairimiz Bəxtiyar Vahabzadənin “Namus”u yoxdurmu Şirvanzadənin?” misralarından tanıyırıq. Həmin dövrdə B.Vahabzadənin bu şeiri ermənilərin etirazına səbəb olub, onlar şairi millətçilikdə ittiham ediblər.

Təpədən - dırnağa daşnak olan və anti-Azərbaycan mövqeyi tutan Şirvanzadə “Xaos”, “Namus”, “Hami”, “Neft zavodunda yanğın”, “Cinli”, “Şərəf üçün”, “Fatma və Əsəd” kimi əsərlərin müəllifidir.  Bildiyimiz kimi, “Namus”dan başqa heç birinin adı qalmayıb.

Məlumata görə, Şirvanzadəyə Azərbaycanın Xalq yazıçısı adı 1930-cu ildə verilib, o,  eyni ildə Ermənistan SSR-in də Xalq yazıçısı adını alıb...

Ekspertlər qeyd edir ki, ilk Xalq şairimiz isə Səməd Vurğundur. O, bu ada 1956-cı ildə, ölümündən bir neçə ay əvvəl layiq görülüb. Maraqlıdır ki, 26 il ərzində heç kimə Xalq yazıçısı və Xalq şairi fəxri adı verilməyib. Səməd Vurğundan 4 il sonra, 1960-cı ildə Süleyman Rəhimova Xalq yazıçısı adı verilib. Bir il sonra isə Mirzə İbrahimov bu adı alıb.

Ekspertlər deyir ki, erməni Şirvanzadənin Azərbaycan SSR-in ilk “Xalq yazıçı”sı kimi tarixə salınması məqsədli şəkildə edilib. Daşnak erməni rəhbərlərin, xüsusən də Mirzoyanın və başqalarının köməyilə Şirvanzadənin “Xalq yazıçı”sı adı alması birbaşa Azərbaycan yazıçılarının qarşısına çəpər çəkməyə xidmət edirdi. Bunun birbaşa bolşevizm siyasəti ilə bağlı olduğunu deyən ekspertlər hesab edir ki, keşmiş SSRİ rəhbərliyi  bu fəxri adı Azərbaycanın çox görkəmli nəsr ustadlarına vermək əvəzinə erməni Şirvanzadəyə verib. Burada da erməni barmağı mühüm rol oynayıb. O dövrdə Əbdürrəhim bəy Haqverdiyev, Cəlil Məmmədquluzadə, Abdulla Şaiq, Məmməd Səid Ordubadi, Yusif Vəzir Çəminzəminli və başqa ustadlar dura-dura bu adın ədəbiyyatda heç bir xidməti olmayan erməniyə verilməsi təəssüf doğurur.

Qeyd edək ki, 2013-cü ildə Azərbaycan Yazıçılar Birliyi Azərbaycanın İlk Xalq yazıçısının Şirvanzadə olduğunu təkzib edib.

Yazıçı Kənan Hacı “Bakı Xəbər”ə bildirdi ki, A.Şirvanzadənin Azərbaycan ədəbiyyatına sırınması təsadüfi deyil və bolşevik-daşnak cütlüyü ədəbiyyatda da bu cür oyunlar qurub: “Aleksandr Şirvanzadənin Azərbaycan ədəbiyyatında heç bir xidməti olmayıb. Bildiyimə görə, ona bu adı ötən əsrin 30-cu illərində, sovet hakimiyyəti yenicə qurulduğu dönəmdə veriblər. Məlum məsələdir ki, o zaman rus proletariatı adı ilə xalqların işğalı siyasəti yürüdülürdü. Azərbaycanda məqsədyönlü şəkildə yüksək vəzifələrə ermənilər təyin olunurdu.

Şaumyan, Mikoyan Bakıda at oynadırdı.

Azərbaycanlıların soyqırımı birbaşa Şaumyanın rəhbərliyi altında keçirilmişdi. Ermənilər özlərini bu coğrafiyada təsdiq etmək üçün minbir üsuldan istifadə edir, tarixi saxtalaşdırır, bizim keçmişi silib yenidən qondarma tarix yaratmağa çalışırdılar. Aleksandr Şirvanzadəni Azərbaycan ədəbiyyatına pərçim edənlər də bu məkrli siyasəti həyata keçirənlər idi. Yəni gələcəkdə desinlər ki, baxın, “ədəbiyyatınızı da biz yaratmışıq”. Əslində isə Aleksandr Şirvanzadə saxta “yazıçı” fiquru idi. Ədəbiyyat tarixində belə uydurma, saxta imzalar olsa da, onlar tarixin toz basmış dərinliklərində unudulmağa məhkumdurlar”.

Yazar Tural Turanın  fikrincə isə, bu, ola bilsin, bizim milli nəsrin Rusiyada qəbul edilməməsi ilə əlaqədar olub: “Bəli, görünən odur ki, o vaxt bizdə nəsr o qədər də güclü inkişaf yolu keçməmişdi və ya Rusiyada ciddi qəbul olunmurdu. Ermənilər isə Aleksandr Şirvanzadəni əsl “Azərbaycan yazıçısı” kimi SSRİ-də tanıda bilmişdilər. Ona 1930-cu ildə Xalq yazıçısı fəxri adı verilib. Bunun da maraqlı tarixçəsi var. Şirvanzadə Şamaxı ermənisi olub. Azərbaycan, erməni və rus dillərində yazırdı. Bu da Kremldəki erməni daşnaklarına şərait yaratdı ki, öz istəklərini həyata keçirsinlər. SSRİ hakimiyyətində təmsil olunan ermənilər fürsətdən istifadə edib Aleksandr Şirvanzadəni  “ən yaxşı Azərbaycan yazıçısı” kimi təqdim ediblər. Bildiyimiz kimi, keçən əsrin 30-cu illərinin əvvəllərinə qədər Azərbaycanda erməni əsilli rəhbərlər hakimiyyətdə idi. Şirvanzadəyə bu adın verilməsində erməni rəhbərlərin rolu vardı. Nəzərə alsaq ki, keçən əsrin 20-30-cu illərində nəsr poeziya qədər uğurla inkişaf etməmişdi, bu amil də öz sözünü deyirdi. Məsələn, 20-ci illərin sonlarında Cəfər Cabbarlı hekayələr yazırdı, daha çox dramaturji sahədə qələmini sınayırdı. İri həcmli nəsr əsərləri, povest və romanlar o qədər də çox olmayıb. İnkişaf mərhələsi əsasən keçən əsrin 40-cı illərindən başladı. Sonra müharibə başladı, 50-ci illərdən sonra Azərbaycan nəsri yeni bir mərhələyə qədəm qoydu.

Burada digər bir amili də qeyd edim. Həmin dövrdə yaşayan qocaman yazıçılarımızdan Əbdürrəhim bəy Haqverdiyev həm dramaturq, həm də nasir idi. Nəriman Nərimanov da artıq dünyasını dəyişmişdi. Bilirsiz ki, Xalq yazıçısı və Xalq şairi adları sağ adamlara verilir. Nəriman Nərimanov dünyasını dəyişməsəydi ilk Xalq yazıçısı adı ona verilə bilərdi. Amma o, 1925-ci ildə vəfat etmişdi. Aleksandr Şirvanzadənin “Namus” əsəri ermənilər tərəfindən ciddi şəkildə Azərbaycan cəmiyyətində təbliğ olunurdu. Həmçinin Ermənistanda da təbliğ olunurdu. O dövrdə Şirvanzadə  “xalqlar dostluğundan”, “qardaşlıqdan” və sair motivlərdən istifadə edərək öz hekayələrini yazırdı. Bu da Sovetlərə sərf edirdi. Bizim həmin dövrdə bolşevik Sovet ideologiyasını təbliğ edən əsərlər yazan yazıçılarımız yox idi. Bizim yazıçılar o dövrdə o mövzuda yazmırdı. Cəlil Məmmədquluzadə Xalq yazıçı adı ala bilərdi. Amma o da “Molla Nəsrəddin” jurnalına, yaxud başqa milli ruhlu yazılarına görə Sovetlərin qara siyahısına düşmüşdü. 1937-ci ildə sağ olsaydı o da güllələnəcəkdi. Azərbaycan yazıçılarının həmin dövrdə bolşevizim ideologiyasını təbliğ etməməsi, bu ruhda əsərlər yazmaması Şirvanzadənin yolunu açmış oldu... Bizim şair və yazıçılar həmişə bir-birinin paxıllığını çəkiblər. Ona görə də, özümüzə quyu qaza-qaza ermənini qabağa çıxarmışıq. Hətta onu da deyim ki, ondan sonra Samvel Qriqoryan Azərbaycanın Xalq şairi adını aldı. Amma bizim Ermənistanda nə Xalq şairimiz, nə də Xalq yazıçımız olub, olmayıb. Bunu siz görə bilməzsiniz”- deyə T.Turan vurğuladı.

İradə SARIYEVA