Mədəniyyət sistemimizdə iki böyük Dövlət proqramının qüsurlu icrasına görə konkret məsuliyyət olmalıdır...

5 May 2022 19:20 (UTC+04:00)

Mədəniyyətin ən müxtəlif sahələrinin inkişafı üçün dövlət xüsusi proqramlar həyata keçirir və bu proqramın icrası üçün kifayət qədər maliyyə vəsaiti ayırır. Kino, teatr, incəsənət, maddi irs və sair sahələrin daha güclü inkişaf etməsi dövlətin əsas hədəflərindən biridir. Amma təəssüflər olsun ki, mədəniyyət sahəsində qəbul olunan Dövlət proqramlarının çoxunun tam olaraq icra edilmədiyi barədə fikirlər, iddialar mövcuddur.  

Məsələn, "Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının təkmilləşdirilməsi və inkaşıfına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”nın, eləcə də “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın icrası zamanı ciddi nöqsanlara yol verildiyi barədə iddialar çoxdur.

Mədəniyyət sahəsində qəbul olunan dövlət proqramlarının çoxu niyə tam şəkildə icra olunmayıb? Onların icrasına mane olan amil nədir?

Yeni Yazarlar və Sənətçilər Birliyinin sədri, analitik-ekspert, yazıçı-kulturoloq Aydın Xan Əbilov bizimlə söhbətində təəssüflə bildirdi ki, Dövlət proqramlarının çoxunun icrasında ciddi nöqsanlara yol verilir və ümumiyyətlə, bəndləri tamamilə Dövlət Proqramları da var. “Yalnız mədəniyyət sahəsi ilə bağlı Dövlət Proqramının icrasında ciddi problemlər yoxdur, bu başqa sahələrdə də var. Bir sıra proqramlarda da bu hal baş verir. Dəfələrlə cənab Prezident bu kimi məsələlərlə bağlı sərt təpkilər göstərsə də, sərt ifadələr səsləndirsə də, təəssüf ki, Dövlət proqramlarını icra etməli olan aidiyyatı qurumların nümayəndələri öz məsuliyyətlərini dərk etmək istəmirlər. Təsəvvür edin ki, icra hakimiyyəti orqanlarında və başqa qurumlarda əliəyri məmurlar işdən çıxarıldılar, ağır şəkildə cəzalandırıldılar, lakin bu başqalarına dərs olmur. Çox güman ki, dövlət qurumlarının nəzarəti gücləndirə biləcək yeni bir strukturun yaranmasına ehtiyac var. Sualınıza gəlincə, mədəniyyət sahəsi üzrə problemlər hələ də qalır. Nazir də getdi, müavini də, Dövlət Xidmətinin rəisi də həbs olundu, amma bu sahədəki problem həll edilmədi. Mədəniyyətin müxtəlif sahələri üzrə Dövlət Proqramlarının tam icra olunmaması acı təəssüf doğurur. Bir nazirin dəyişməsi ilə problemin həll edilməsi mümkün deyil, bu istiqamətdə ciddi struktur islahatları getməli, peşəkar kadrlar prosesə cəlb edilməlidir. Mədəniyyət sahəsindən anlayışı olmayan məmur bu sahədə qəbul edilən Dövlət Proqramının bəndlərini necə tam icra edə bilər? Çünki onların əhəmiyyətini dərk etmir. Çox təəssüf ki, mədəniyyət sahəsində problemlər get-gedə dərinləşir. Bu sahədə vəziyyət o qədər gərgindir ki, hətta Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva da bu məsələ ilə bağlı çox ciddi faktlar irəli sürüb. Xüsusən də "Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının təkmilləşdirilməsi və inkaşıfına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı” barədə fikir bildirib, mədəni irsmizlə bağlı biabırçı vəziyyəti qabardıb. Biz ölkəmizin müxtəlif yerlərində işgüzar səfərdə olarkən hər qarışda tarixi abidələr, tarixi tikililər görürük. Onların vəziyyətinin acınacaqlı olduğundan təəssüf hissi keçirik. Bu gün Lənkarandakı tarixi abidələrin böyük əksəriyyəti dağılmaq təhlükəsi ilə üzləşib. Onlar dağılır. Halbuki, dövlət Lənkaranda böyük yol salıb, orada infrastruktur layihələrinə capital qoyulub, ölkənin daxilindən və  xaricindən, xüsusən də İrandan gələn turistləri Lənkəran iqtsadi zonasına cəlb etmək istəyirik, amma oradakı abidələr dağılıb gedir. Eləcə də Bakının ətrafındakı abidələrin vəziyyəti ürəkaçan deyil. Dövlət öz üzərinə düşən vəzifəni yerinə yetirib bu sahələrin inkişafı üçün Dövlət Proqramları qəbul edir. Dövlət kino sahəsi ilə bağlı da genişmiqyaslı işlər görüb, Kino Agentliyi yaradıb. Bundan əvvəl də kinoya böyük dəstək göstərilib. Deməyim odur ki, dövlət bu qədər iş görüb, amma bu sahələr yenə də axsayır. Cəmiyyətin kinodan, mədəniyyətdən gözləntiləri özünü doğrultmur. Düşünürəm ki, bu Dövlət Proqramlarının tam icra olunamamasında günahkar məmurlardır və məmurlar üçün daha ciddi cəza mexanizmləri işlənib hazırlanmalıdır.  Bu sahələrə barmaqarası baxan şəxslər cəzasız qalmalı deyil”.

A.X.Əbilov təklif edir ki, hər iki ildən bir dövlət məmurları attestasiyadan keçirilməlidir. Onun sözlərinə görə, necə olur ki, həkimlər, müəllimlər attestasiyadan keçirilir, amma dövlət qurumlarında çalışan məmurlar attestasiyadan keçirilmir? O hesab edir ki, məmurlar etdikləri hər bir qanunsuz əmələ görə cavab verməlidir. O vurğuladı ki, kino, mədəni irs, dil və başqa sahələrdə qəbul edilən Dövlət proqramları tam icra olunsaydı, bu gün o sahələrdə bu qədər problem olmazdı.

İradə SARIYEVA