Bankların dollar satışını məhdudlaşdırması ən müxtəlif şayiələrə səbəb olub…

19 Yanvar 2022 17:37 (UTC+04:00)

Son zamanlar bankların artıq dollar satmaması ilə bağlı vətəndaşlar narazılıq edir. Həmçinin bəzi firmalar dolların bahalaşacağı proqnozunu əsas götürüb indidən əldə olan mallarının qiymətini qaldırıblar.

Qeyd edək ki, bu günlərdə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov mətbuata bildirib ki, valyuta satışında “qara bazar”ın çiçəklənməsində maraqlı olan qüvvələr var. “Ölkədə ajiotajı yaradan “qara bazar”lardı. Çünki bu, onlar üçün qazanc yeridir, onun yaxşı işləməsi üçün mütəmadi olaraq belə informasiyaları tirajlayırlar. Ola bilər ki, bəzi bank filiallarının “qara bazar”la əlaqəsi var və dolları bankda yox, əl altdan baha qiymətə satırlar. “Qara bazar”a “krışalıq” edən məmurlar var. Bunlar faktlardı”, – millət vəkili vurğulamışdı.

V.Əhmədov Mərkəzi Banka və hüquq-mühafizə orqanlarına çağırış edərək, “qara bazar” məsələsini son qoymağa çağırmışdı: “Niyə “qara bazar”da istənilən qədər valyuta olmalıdır, amma bankda yox? Azərbaycanın kifayət qədər valyuta ehtiyatları var. Bunu normal tənzimləmək lazımdır ki, ajiotaj yaranmasın”.

Qeyd edək ki, 2015-ci ildə baş verən devalvasiyadan sonra ölkədə sərbəst valyuta satışı qadağan edilib. 2016-cı ilin yanvarında Azərbaycanda fəaliyyət göstərən banklar filial və şöbələrindən kənarda fəaliyyət göstərən mübadilə şöbələrini bağlayıb. Bu addım Mərkəzi Bankın İdarə Heyətinin təsdiqlədiyi “Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları”na əsasən atılıb.

Bu qaydaya əsasən, mübadilə şöbəsi bankın səlahiyyətli idarəetmə orqanının qərarına əsasən bankın özünün, filial və ya şöbəsinin yerləşdiyi ərazi vahidində (rayon, şəhər, şəhər rayonu, qəsəbə, kənd) yaradılır və Mərkəzi Bank tərəfindən verilən icazə əsasında fəaliyyət göstərir. Beləliklə, bu qəbildən olan valyutadəyişmə məntəqələrinin lisenziyası ləğv olunub. Həmin dövrdə banklardan kənar valyuta satışı ilə bağlı qadağalar müvafiq qanunvericiliyə də daxil edilib. 

Hazırki məqamda bankların dollar satışını dayandırması əhali arasında çaşqınlığa səbəb olub.

Maraqlıdır, banklar dollar satışını niyə dayandırıb? 

Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov qeyd etdi ki, bəzi banklarda dollar çatışmır və artıq problem var: “Ümumilikdə məsələ belədir ki, qanunla bankların xarici valyuta satmaq vəzifəsi yoxdur. Valyuta əməliyyatları bank əməliyyatları növlərindən biridir və deyə bilər ki, məndə dollar yoxdur. Yaxud dollar, avro olmasın, tutalım, mən Afrika ölkəsinin valyutasını bizim bankdan istəsəm deyəcəklər yoxdur. Yəni bizdə istənilən ölkənin valyutasını satmaq vəzifəsi yoxdur. Bankların əsas vətəndaşlardan əmanət qəbuletmə, bank hesabı açma, pul köçürmə vəzifələri var ki, ondan banklar imtina edə bilməz. Bircə kredit verməkdən imtina edə bilər ki, sizin maliyyə vəziyyətiniz buna uyğun gəlməsin. Valyuta mübadiləsi əməliyyatları əsas bank əməliyyatları sırasında deyil”.

Ekspertin sözlərinə görə, bankların valyuta satmaması ilə bağlı yayılan xəbər ajiotajdır: “Yəni hamı dərhal fikirləşir ki, nəsə baş verir, milli valyuta üçün problem var. SSRİ-ni xatırlada bilərəm ki, orada xarici valyuta almaq olmurdu və biz də ora daxil idik. SSRİ-də xarici valyutanı əldə etmək cinayət idi. İndi o dövrdə deyilik. Normal bazar iqtisadiyyatı, hüquqi dövlət, demokratik cəmiyyətdə tələbat olan hər bir şeyi almaq mümkün olmalıdır. Bəli, qanunla banklar deyə bilər ki, mən dollar satmıram. Lakin bizə deyilir ki, hər şey qaydasındadır, yəni milli valyutamız sabitdir, Mərkəzi Bank ötən il dedi ki, heç bir təhlükə yoxdur. Əgər təhlükə yoxdursa, niyə belə problem çıxmalıdır? Əvvəl biz gördük ki, banklarımız başlayıblar əhalidən 1,7 məzənnə ilə dollar almağa, yəni Mərkəzi Bank da banklara həmin məzənnə ilə dollar satır. Bu o deməkdir ki, Mərkəzi Bank banklara kifayət qədər dollar satmır. Yəni bu birmənalı belədir".

Ekspert onu da qeyd etdi ki, hazırda Mərkəzi Bank bankların dollara olan tələbatını ödəmir: “Mərkəzi Bank bunu etmirsə, deməli Mərkəzi Bank nədənsə çəkinir və çox dollar satışa çıxarmaq istəmir. Həmçinin bəzi banklarda dollar çatışmır ki, onlar bu gün əhaliyə dollar satsınlar. Artıq problem var. Bank kommersiya müəssisəsidir. Onun işi-gücü alıb-satmaqdır. Əgər satmırsa, deməli valyuta yoxdur. Burada iki məqam var. Hamımız xatırlayırıq ki, 2015-ci ilin fevral və dekabr aylarında devalivasiya olub. O vaxt bir neçə həftə əvvəl dollar tapmaq olmurdu. Lakin o vaxtkı vəziyyətlə indiki vəziyyət eyni deyil. Həmin vaxt neftin qiyməti aşağı idi. Amma indi neftin qiyməti kifayət qədər yüksəkdir. Niyə devalvasiya olsun ki? Yəni hesab edirəm ki, devalvasiya üçün heç bir əsas yoxdur və böyük ehtimal da olmayacaq. O zaman sual olunur ki, bəs baş verənlər nədir? Burada ikinci variant var ki, kimlərsə “qara bazar”a şərait yaradır. Bu məsələ çox təhlükəlidir. İki ildən çoxdur ki, Azərbaycanda bir il ərzində vətəndaşların dollar alışına 20 min manatlıq limit qoyulub. O zamandan da ölkədə “qara bazaar” var. Harada məhdudiyyət qoyuldusa, orada demək “qara bazar” var. İndiki vəziyyət dollara ehtiyacı olan sahibkarları məcbur edir ki, “qara bazar”a getsin. Orada da artıq təbii ki, dolları baha satırlar. Əgər bankların məzənnəsi 1,7025-dirsə “qara bazar”da daha çoxdur. Deməli, kimlərsə burada maraqlıdır. Bu məsələ artıq araşdırılmalıdır. Mərkəzi Bank deyir ki, banklara nə qədər dollar lazımdı satıram, buna baxmayaraq banklar əhalidən Mərkəzi Bankın məzənnəsi ilə dollar almağa başlayıblar. Deməli, nəsə burada düzgün gəlmir. Eyni zamanda bankların əksəriyyəti dollar satmır, əgər satırsa da demək az satır. Bu da o deməkdir ki, dollar çatmır. Dediklərim mənim mülahizələrimdir, sadəcə məntiqlə deyirəm ki, vəziyyət belədir. Əgər belə deyilsə, o zaman desinlər başqa cürdür”.

Günel CƏLİLOVA