Rusiyanın Ukraynaya hücumuna qarşı növbəti maneə - “Şimal Axını 2” qaz kəməri tam bağlanacaq

18 Yanvar 2022 18:34 (UTC+04:00)

Rusiya ilə Qərb arasında siyasi fikir ayrılıqlarının mərkəzinə çevrilmiş “Şimal Axını 2” qaz kəməri ətrafında problem davam edir.

Qeyd edək ki, Ukraynadan yan keçməklə, Baltik dənizinin dibi ilə Almaniyaya uzanan “Şimal axını 2” qaz kəmərinin Rusiyanın qaz ixrac imkanını iki dəfə artıraraq ildə 110 milyard kubmetrə çatdırması planlaşdırılır.

Ancaq Rusiyanın dövlət qaz şirkəti “Qazprom”un rəhbərliyi ilə layihələndirilən və sentyabrda başa çatdırılan layihə ABŞ və digər ölkələri, o cümlədən Ukrayna və Polşanı geosiyasi baxımdan narahat edir.

Digər tərəfdən Rusiya ilə Ukrayna arasındakı gərginlik də “Şimal Axını 2” qaz kəmərinin reallaşması qarşısında ciddi problemə çevrilir.  Rusiya-Ukrayna sərhədində böhranla bağlı açıqlama verən Almaniyanın xarici işlər naziri Annalena Baerbok bildirib ki, Rusiya gərginliyi artırarsa, Almaniya “Şimal Axını 2” layihəsi ilə bağlı tədbirlər görəcək.

“Şimal Axını 2” layihəsi Avropa qanunvericiliyinə tam uyğun gəlmədiyi üçün sertifikatlaşdırma prosesinin dayandırıldığını xatırladan Baerbok, Rusiya gərginliyi artıracağı təqdirdə, tərəfdaşları ilə birlikdə “Şimal Axını 2” layihəsi ilə bağlı lazımi tədbirləri görəcəklərini bildirib.

Ukrayna da Almaniya ilə Rusiya arasında təbii qazı birbaşa təmin edəcək “Şimal axını 2” xəttinin istifadəyə verilməsinə qarşı çıxır.

Rusiya isə “Şimal axını 2” qaz kəmərinin lisenziyasını gecikdirməməklə bağlı Almaniya və Avropa İttifaqına çağırış edib. "Alman auditorları və Avropa Komissiyası tərəfindən həyata keçirilən lisenziyalaşdırma prosesi süni şəkildə uzanmamalı və siyasiləşdirilməməlidir. Proses mövcud qaydalara ciddi riayət edilməklə həyata keçirilməlidir" – deyə Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir.

Bu arada, Ukrayna ilə Rusiya arasında müharibə olacağı təqdirdə indiki durumda ən çox qaz nəqlinin zərər görəcəyi bildirilir. Almaniyada nəşr olunan “Süddeutsche Zeitung” qəzetinə danışan Ukraynanın enerji inhisarçısı “Naftoqaz”ın rəhbəri Yuri Vitrenko “Rusiya Ukraynaya hücum edərsə, ilk bombalar qaz xətlərinə dəyəcək. Beləliklə, Almaniyaya təbii qaz axını dayanacaq” deyə xəbərdarlıq edib.

Qəzet ABŞ-ın enerji inhisarçılarının fövqəladə vəziyyətdə Avropaya təbii qaz nəqli üçün araşdırmalara başladığı yazıb. Hətta rəsmi şəxslərin enerji inhisarçıları ilə Avropaya qaz nəqli məsələsini müzakirə etdiyi iddia edilir. Bununla belə bildirilir ki, ABŞ, Rusiya qazı kəsiləcəyi təqdirdə, Avropanın ehtiyacını ödəməkdən uzaqdır.

Tahir TAĞIYEV