Azərbaycan kino sənayesinin inkişaf etdirlməsi üçün çox işlərin görüləcəyi bildirilsə də, hələ də elə bir ciddi addımlar atılmır. Bizimlə birgə SSRİ-dən ayrılıb müstəqil olan dövlətlərin çoxunda kino sənayesi çox yüksək səviyyədə inkişaf edib, çünki onlar ənənələri dağıtmayıb, onun üzərində kinolarını inkişaf etdiriblər.
Bir çox respublikalar Sovet dövründə yarımçıq qalan kino layihələrini bu gün inkişaf etdirir. Məsələn, kino şəhərciyi ideyası kimi layihələr Sovet dövründə yarımçıq qalsa da, bəzi respublikalarda dirçəliş dövrünü yaşayır. Məlumatlara görə, Sovet dövrünün sonlarında Azərbaycanda da kino şəhərciyinin yaradılması gündəmdə olub. Hətta bunun üçün qərar qəbul edildiyi də deyilir. Lakin nədənsə, bizim kino məmurları o zaman qarışıqlıqdan sui-istifadə edərək, bu layihənin icrasını həyata kecirməyiblər. Bu gun də o kino şəhərciyinin yaradılması zərurətə cevrilib. Artıq Özbəkistanda və başqa bəzi keçmiş sovet respublikalarında kinonun inkişafı üçün kino şəhərciyi yaradılır, bəzilərində artıq yaradılıb. Amma bizdə nə kino şəhərciyi yaradılıb, nə də kino agentliyi.
- “Bu ideyanı dirçəltmək mümkün deyil, çünki bunun üçün geniş ərazi lazımdır, bizim kinostudiyanın ərazisinin vəziyyəti də hər kəsə məlumdur”
Tanınmış kinoşünas Aydın Kazımzadə “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycanda da kino şəhərciyinin yaradılması barədə qərar qəbul edilib, lakin sonra bu qərar icra edilməyib. “Dəqiq bilirəm ki, bizdə də kino şəhərciyinin yaradılması məsələsi var idi. 1963-cü ildə kinoya gəlmişəm. O dövrlərdə arxivdə işləyərkən əlimə sənəd keçdi ki, Azərbaycanda kino şəhərçiyinin yaradılması üçün böyük ərazi ayrılıb. Həmin ayrılmış ərazidə kino şəhərciyi olmalı idi və onun yanında da kinostidiyanın tikintisi nəzərdə tutulurdu. Bu barədə kitablarımdan birində yazmışam. Sonra kino şəhərciyinin yaradılması maliyyə probleminə görə qalıb. Bu ideyanın yaranması, təşəbbüsün irəli sürülməsi keçən əsrin 30-40-cı illərinə aiddir. Müharibə başladı və müharibə nəticəsində də bu məsələ itib-batdı. Buzovnada kino şəhərciyinin yaradılması nəzərdə tutulurdu və sonradan həmin ərazidə pioner düşərgəsi inşa olundu”.
Kino şəhərciyi ideyasının baş tutmadığını deyən A.Kazımzadənin sözlərinə görə, “Azərbaycanfilm” Kinostudiyası tikilərkən onun ətrafının böyük bir kino məkanına çevirilməsi nəzərdə tutulsa da, kino ilə bağlı qurumlar ora köçmək istəməyiblər. “Kinostudiya tikilərkən nə üçün orada kino şəhərciyi nəzərə alınmamışdı” sualına cavab verən A.Kazımzadə bildirdi: “İndiki kinostudiya tikilərkən ətrafı kino şəhərciyi kimi nəzərdə tutulmuşdu. Hətta Kino Komitəsini də ora köçürəcəkdilər. Orada kinostudiya, Kino Komitəsi, Kinolaşdırma İdarəsi olmalı idi. Bir sözlə, kinoya aid nə var idisə hamısı bir yerə yığışdırılmalı idi. Ona görə də, kinostudiyanın sahəsini çox böyük götürmüşdülər. Amma sonradan bu işlər alınmadı. Bizdə belədir, dövlətin tapşırığının icrası bir kənarda qalır, hər kəs birinci öz məsələsini həll edir. Bizdə nə Kino Komitəsi, nə Kino İttifaq, nə də o biri qurumlar fəaliyyət göstərdikləri binadan çıxıb kinostudiya yerləşən əraziyə gəldi. Çünki o ərazidə bu qurumların hamısı üçün bina tikiləcəkdi. Heç bir qurum gəlmək istəmədi. Bu qurumların göstərdiyi münasibət sayəsində kino şəhərciyi kimi gözəl ideya xırda-xırda parçalandı, batdı. Orada kino şəhərciyi əvəzinə bir pavliyon – bina tikdilər. Filmləri çəkəndə orada kənd həyatını çəkirdilər. Hətta Moskvadan Bakıya qonaq gələndə kinostudiyanın nəzdində olan o binada qalırdı. Yəni bunlar da vardı. Amma sonra nə oldu? Keçən əsrin 90-cı illərində kinostudiyanın sahələrini satmağa başladılar. “Ləvəngi” kafesi yarandı, içəridə restoranlar, sauna tikildi. Digər tərəfdən torpağı bina tikənlərə satdılar, kinostudiyanın ərazisində yaşayış binaları tikildi. Ərazisini satdılar və beləliklə də kinostudiyanın yeri daraldı. Bu da bizim kinoya münasibətimiz... Başqa ölkələrdə kino ilə bağlı çox işlər görülür, deyirsiz ki, kino şəhərciyi də yaradılır. Bizdə isə hələ ki, bu ideyanı dirçəltmək mümkün deyil, çünki bunun üçün geniş ərazi lazımdır, bizim kinostudiyanın ərazisinin vəziyyəti də hər kəsə məlumdur. Çünki kinostudiyanın həyətində başqaları üçün tikilmiş yaşayış binası (düzdü, orada kino işçilərinə də pulla 5-10 dənə ev veriblər-A.K) tikilib. Bu binaları, “Ləvəngi” kafesini, başqa tikintiləri, maşın təmiri yerni sökən, onları oradan çıxaran olmayacaq. Satılıb hamısı”.
O qeyd etdi ki, Sovet dövründə xaricdən Bakıya gələn nümayəndələr kinostudiyaya gələndə “Azərbaycanfilm”in möhtəşəm binasına heyrətlə baxırdılar. “O vaxt Sovet dövründə keçirilən festivalda iştirak üçün Türkiyədən bizə kino işçiləri gəlmişdilər. Onlar kinostudiyanın həyətinə, binasına baxanda heyran qaldılar, dedilər ki, Türkiyədə dövlətin belə kinostudiyası yoxdur, ayrı-ayrı şirkətlərin öz binaları var. Amma bu möhtəşəm kinostudiya sizdə var. Görün, biz o möhtəşəm kinostudiyanı nə günə qoyduq. Bu gün demək olar ki, kinostudiya az qalır dağıla. Qərar var idi ki, kinostudiya əsaslı şəkildə təmir olunsun, pul da ayrılmışdı. Bizim kinomuzun maddi-texniki bazası yenilənməlidir. Kinonun inkişafından danışırıqsa, yeni avadanlıqlar alınmalıdır. Dünyada elə avadanlıqlarla işləyirlər ki, bizdə yoxdur. Biz gedib o avadanlıqları İrandan, Gürcüstandan gətiririk. Əsas baza yaradılmalıdır, ordan-burdan gətirməklə olmaz. Özümüzün olmalıdır...”- deyə A.Kazımzadə qeyd etdi.
İradə SARIYEVA