Ağ Evin sözçüsü Cen Psaki iddia edib ki, Rusiya Ukraynaya müdaxiləyə zəmin hazırlamaq məqsədi ilə Ukraynanın şərqinə təxribat törətmək üçün bəzi qruplar yerləşdirib.
Baki-xeber.com xəbər verir ki, CNN-ə açıqlama verən bir ABŞ rəsmisi bildirib ki, Rusiya Ukraynaya müdaxiləyə zəmin hazırlamaq məqsədilə Ukraynanın şərqində təxribat əməliyyatı keçirmək üçün bir qrup agent yerləşdirib. Rəsmi, rus agentlərinin küçə döyüşləri və Rusiyanın dəstəklədiyi qüvvələrə qarşı təxribat hərəkətləri həyata keçirmək üçün partlayıcılardan istifadə üzrə təlim keçdiyinə dair sübutlar əldə etdiklərini iddia edib.
ABŞ rəsmisinin iddiasını təsdiqləyən Psaki, Rusiyanın Ukraynanın şərqində aldatma əməliyyatları aparmaq üçün artıq bəzi agentlərini bölgəyə yerləşdirdiyi barədə məlumatlarının olduğunu deyib.
Rusiyanın sözügedən əməliyyatları Ukraynanın işğalına zəmin hazırlamaq üçün planlaşdırdığını deyən sözçübildirib: "Biz bunu əvvəllər də görmüşük, 2014-cü ildən əvvəl də görmüşük. Bunlar təxribat aktlarını və Ukraynanın guya Rusiya qüvvələrinə hücuma hazırlaşması kimi ittihamları əhatə edir”.
İddia edilən agentlərin şəhər döyüşlərində xüsusi təlim keçmiş insanlar olduğunu deyən Psaki Moskvanın sosial media kanalları vasitəsilə Ukrayna haqqında dezinformasiya yaydığını iddia edib.
Psaki həmçinin iddia edib ki, Rusiya ordusu yanvar, fevralın ortaları arasında Ukraynaya müdaxilə edə bilər.
ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi də Rusiyanın Ukraynada təxribat əməliyyatları həyata keçirmək üçün öncədən Ukraynanın şərqinə öz agentlərini yerləşdirməsi iddialarını təsdiqləyib.
Məlumatın sadəcə ABŞ kəşfiyyatının analizi olub-olmaması ilə bağlı suala Kirbi, kəşfiyyatın müxtəlif mənbələrdən toplanmış bir şey olduğunu və bu xüsusi kəşfiyyat məlumatının qaynağına dair açıqlama verməyəcəyini deyib.
Kirbi qeyd edib ki, Ukraynada ABŞ 200 əsgəri var və onların təhlükəsizliyi ilə bağlı Rusiya ilə əlaqə saxlaya biləcək bir çox kanal var.
Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sullivan da sözügedən iddialarla bağlı Rusiyaya xəbərdarlıq edib.
Bundan əvvəl Ukrayna Müdafiə Nazirliyi "Rusiya xüsusi təyinatlı qüvvələrinin Ukraynanı işğal etmək üçün Rusiya qüvvələrinə qarşı təxribatlar hazırladığını" iddia edən bəyanatla çıxış etmişdi.
Tahir TAĞIYEV