Prezident problem qaldırdı - “yeni kadrları korlanmaqdan" necə qoruyaq?..

14 Yanvar 2022 17:49 (UTC+04:00)

Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində ölkədə korrupsiyaya qarşı aparılan mübarizədən və islahatlardan, o cümlədən kadr islahatlarından danışıb.

Prezident bildirib ki, korrupsiya ilə bağlı məsuliyyətdən  heç kim boyun qaçıra bilməz, heç kim qanundan üstün deyil, qanun qarşısında hamı bərabərdir, heç kimin əvvəlki xidmətləri nəzərə alınmayacaq: “Xüsusilə bu əyri yola gedən insanların xidmətləri daha çox “ayı xidməti”nə bənzəyir. Ona görə hesab edirəm ki, bunu hər kəs artıq görüb və bilib. Ona görə bizim addımlarımız çox sərt olacaq, cəzalarımız da çox sərt olacaq. Amma bu, işin bir tərəfidir. Artıq 18 ildir ki, mən Prezident vəzifəsində işləyirəm və mənim təşəbbüsümlə çoxlu kadr dəyişikliyi edilib. Əfsuslar olsun, bəzi hallarda kadr dəyişikliyi vəziyyətin müsbətə doğru dəyişməsinə aparmır. Çünki yeni kadr təyin edilir, müəyyən müddət ərzində özünü verilmiş təlimatlara uyğun aparır, amma sonra vaxt keçdikcə, necə deyərlər, köhnə, əyri yola gedir. Ona görə burada cəza tədbirləri ilə yanaşı, kadrların düzgün seçilməsi məsələsi öz rolunu oynamalıdır. Bu sahədə son vaxtlar, Azərbaycan ictimaiyyəti görür ki, çox ciddi kadr islahatı aparılıb. Hakimiyyətin demək olar ki, bütün qollarında ciddi kadr islahatları aparılıbdır. Hökumətdə, Milli Məclisdə, Prezident Administrasiyasında, nazirliklərdə, yerli icra orqanlarında artıq böyük dərəcədə ciddi kadr dəyişikliyi baş verib və bu, hesab edirəm ki, korrupsiyaya qarşı mübarizədə önəmli rol oynayacaq. Eyni zamanda, biz cəmiyyətdə də elə ab-hava yaratmalıyıq ki, ictimai nəzarət güclənsin. Siz yaxşı bilirsiniz ki, mən dəfələrlə bu məsələ ilə bağlı öz fikirlərimi bildirmişəm. Mən daim bunu deyirəm, vətəndaşlara müraciət edirəm, biganə qalmayın və nəzarət edin. İctimai nəzarət bir çox məmurları bu cinayət xarakterli işlərdən çəkindirəcək. Ona görə ictimai nəzarətin hansısa institusional formatı da gərək işlənilsin. Sizin, media nümayəndələrinin bu sahədə çox böyük rolunuz var. Deyə bilərəm ki, mən bəzən xoşagəlməz hallar haqqında sizdən öyrənirəm, sizdən bu xəbəri tuturam və dərhal reaksiya verilir. Deyə bilərəm ki, bir çox hallarda mediada olan məlumatlar təsdiqlənir. Elə məlumatlar var ki, onlar qərəzli xarakter daşıyır. Amma məlumatların mütləq əksəriyyəti təsdiqlənir və dərhal ölçü götürülür. Ona görə dövlət məmurları bilməlidirlər, onların işinə təkcə Prezident Administrasiyası yox, həm ictimaiyyət, həm də media nümayəndələri nəzarət edir”.

Göründüyü kimi, ölkə başçısı yeni təyin olunan kadrların da bir müddət sonra əyri yollara meyl etdiklərini bildirib. Bunun üçün hansı addımlar atılmalıdır ki, yüksək postlara yalnış təqdimatlar Prezidentə verilməsin?

Sosial məsələlər üzrə ekspert İlqar Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu həm maraqlı, həm də ağrılı bir mövzudur: “Bilirsiniz ki, Prezident kadrlarla bağlı məsələni, bu mövzuya olan iradını ilk dəfə deyil dilə gətirir. Bu mövzunu məhz sizinlə dəfələrlə müzakirə edib, təkliflərimizi də vermişik. Əslində kadr inkubatoru deyilən bir sistemli mexanizm formalaşmalıdır. Kadr inkubatoru dövlət  idarəetmə aparatı üçün  kadr hazırlığı işini həyata keçirməlidir. Bununla yanaşı, cəmiyyətdə yüksək etimad qazanan idarəetmə sistemləri var. Bura vətəndaş cəmiyyəti institutlarını, mətbuatda çalışan savadlı jurnalistləri aid edə bilərik. Bu kadr bazasından da istifadə edilməlidir. Gürcüstanda bu ciddi şəkildə  həyata keçirilir. Rayonlara olan icra başçıları ilə bağlı tətyinatlara diqqət edək. Son təyinatlar vaxtilə Kərəm Həsənovun rəhbərlik etdiyi keçmiş Əmlak Komitəsindən olub. Həmin qurumun özünün də imici yaxşı olmayıb. Belə kadrların sonradan özlərini doğrultmadığının şahidi oluruq. Prezidentin iradlarını nəzərə alıb, ortaya fərqli mənzərə qoymaq istəyirlərsə, alternativ kadr bazasından istifadə edilməlidir. Prezidentin ehtiyat fondu tərəfindən  rayonlara ayrılan vəsaitlər icra başçıları tərəfindən oğurlanır. Yenidənqurma adı altında saxta, şişirdilmiş rəqəmləri daxil edib, mənimsəmə aparırlar. İndi rüşvəti  güya dayandırıblar, büdcədən ayrılan pulları mənimsəyirlər. Biz siyasi sistemdə ciddi irəliləyişlərə nail ola bilməyəcəyik. Son vaxtlar şahidi oluruq ki, xarici dil bilən kadrları daha çox vəzifəyə təyin edirlər. Mənə elə gəlir ki, bu istiqamətdə daha çox xalqın dilini bilən gənc kadrlara üstünlük verilməlidir”.

Məhəmmədəli QƏRİBLİ