Qiymət artımları dünya iqtisadiyyatını yeni fəlakətə sürükləyir...

12 Yanvar 2022 19:48 (UTC+04:00)

Yeni ildə dünya ölkələrinin üzləşdiyi əsas problemlərdən biri də qiymət artımları ilə bağlıdır. Dünyanın ən inkişaf etmiş iqtisadiyyatları da artıq bu problemdən ciddi əziyyət çəkir.

Hesablamalar göstərir ki, avrozonada illik inflyasiya artıq 5%-ə çatıb və 1991-ci ilin avqust ayında qeydə alınmış rekordu yeniləyib. Bu, Avropa Mərkəzi Bankının inflasiya hədəfindən 3% çoxdur. Avropanın aparıcı iqtisadiyyatı olan Almaniyada illik inflyasiya 5,3% təşkil edib. Almaniya Federal Statistika İdarəsinin məlumatına görə, bu, 1992-ci ildən bəri müşahidə edilən ən böyük illik inflyasiyadır. Almaniya tarixində qiymət artımının illik səviyyəsinin rekord həddi isə 7,6% olmaqla 1951-ci ildə qeydə alınıb. 5,3%-lik illik inflyasiya ölkədə “qiymət artımı şoku”na səbəb olub. Almaniyanın “DekaBank”ının baş iqtisadçısı Ulrix Kater bildirib ki, hökumət təcili tədbirlər görməsə, bu, həll edilə bilməyən problemləri artıracaq. Ölkədə gündəlik nəşr olunan “Bild” qəzeti isə, hökumətin inflyasiyanın sürətlənməsində aciz qaldığını yazır. Fransa, İtaliya, İspaniya və digər bir çox Avropa ölkələrində də son 30 ilin ən yüksək qiymət artımları qeydə alınır. ABŞ-da da yüksək qiymət artımları qeydə alınır. Burada illik inflyasiya 6%-i keçib. Postsovet ölkələrində də illik inflyasiya yüksək həddədir. Rusiyada bu göstərici 8,5% olub. Qonşu Gürcüstanda illik inflyasiya 13,9 % təşkil edib, Ermənistanda 10%-dən yuxarıdır. Azərbaycanda isə digər postsovet ölkələri ilə müqayisədə ən aşağı göstəricidir.

İndi real vəziyyətdə dünya ölkələri üçün əsas məqsədlərdən biri inflyasiya göstəricisini aşağı salmaqdır. Bu, iqtisadi artımın təmini üçün də vacibdir. Amma qiymətləri sabit həddə gətirmək elə də asan olamayacaq. Çünki son illər ərzində anomal hava şəraiti, artan istehlak inflyasiyası, enerji və əmək böhranı ilə qidalanan qlobal ərzaq dəyərləri üzərində təzyiqin yüksəlməsi qiymətlərə də təsir edib. Ən qorxulu məqam isə qlobal miqyasda kənd təsərrüfatı məhsullarının qiymətlərindəki artımdır. Bu ilin yazında müşahidə olunan soyuq hava şəraiti Şimal yarımkürəsində, o cümlədən Avropa ölkələri, ABŞ və Kanadada buğda əkinlərinə mənfi təsir edib. Qiymət artımı taxılın, xüsusilə də buğdanın bahalaşmasına görə yaranıb. İlin əvvəlindən bu yana buğdanın qiyməti təxminən 26 faiz artıb. Buğda əsas ərzaq təhlükəsizliyini təmin edən fundamental məhsul olduğundan inflyasiya risklərini də artırır. Elə Dünya Bankı da məsələyə bu prizmadan yanaşır. Ümumiyyətlə, Dünya Bankı ötən ilki artımdan sonra qlobal iqtisadiyyatının artım templərinin koronavirus  pandemiyası fonunda yavaşlayacağını və 2021-ci ildəki 5,5%-dən bu il 4,1%-dək azalacağını vəd edir. Dünya Bankının yeni "Global Economic Prospects" adlı yanvar hesabatında yer alan məlumata görə, artımın səngiməsinə sürətlənmiş inflyasiya və artan borclanma da səbəb olacaq. 2023-cü ildə qlobal ÜDM-nin 3,2% böyüyəcəyi proqnozlaşdırılır: "Omikron” ştamının sürətlə yayılması pandemiyanın iqtisadi aktivliyə potensial təsirinin yaxın gələcəkdə də davam edəcəyi deməkdir. Bundan əlavə, Çin də daxil olmaqla, böyük iqtisadiyyatlarda artımda yavaşlama müşahidə edilir və bu da öz növbəsində inkişaf etməkdə olan ölkələrdə xarici tələbata təsir edəcək". Bankın mütəxəssisləri inkişaf etmiş ölkələrlə inkişaf etməkdə olan ölkələr arasında iqtisadi artım templərində artan uyğunsuzluğa işarə edirlər. İnkişaf etmiş ölkələrdə artım templərinin 2021-ci ildəki 5%-dən 2022-ci ildə 3,8%-ə, 2023-cü ildə isə 2,3%-ə enəcəyi gözlənilir. İnkişaf etməkdə olan ölkələrdə isə iqtisadi artım 2021-ci ildəki 6,3%-dən 2022-ci ildə 4,6%-ə, 2023-cü ildə isə 4,4%-ə qədər azalacaq. Qeyd edək ki, Dünya Bankı sözügedən hesabatda Azərbaycan üzrə proqnozlara toxunmayıb. Belə ki, ölkə üzrə proqnoz bankın oktyabrda dərc olunmuş Avropa və Mərkəzi Asiya regionu üzrə yenilənmiş hesabatında yer alıb və dəyişməz saxlanılıb. Xatırladaq ki, Dünya Bankının proqnozuna görə, 2021-ci ildə Azərbaycan iqtisadiyyatı 5%, 2022-ci ildə 3,1%, 2023-cü ildə isə 2,7% böyüyəcək.

Hazırda Azərbaycanda qiymət artımı ilə bağlı vəziyyət nəzarət edilən çərçivədədir və bu sahədə hökumətin preventiv tədbirlərin miqyasını genişləndirir. Burada əsas mqəsədlərdən biri idxal inflyasiyasının qarşısını almaqdır. Çünki hazırda Azərbaycanda qiymət artımını tətikləyən başlıca faktorlardan biri idxal məhsullarının ölkəyə daha baha qiymətə başa gəlməsidir. İdxal məhsullarının yerli istehsalla əvəzlənməsi, o cümlədən ölkə daxilində ərzaq məhsullarının istehsalının tam dəyər zəncirini formalaşdırmaq Azərbaycanın növbəti 5 il üçün iqtisadi strategiyasında önəmli yer tutur. Buna qədər isə hökumət qiymət artımına nəzarət funksiyasını daha da gücləndirməkdə, haqsız rəqabət hallarının, süni qiymət artımının qarşısının alınmasında genişmiqyaslı fəaliyyət həyata keçirməkdədir. Bundan başqa, hökumət bahalaşmanın təsirlərini minimuma endirmək üçün cari il üçün dövlət büdcəsini əhalinin gəlirlərinin artırılması komponentini nəzərə almaqla formalaşdırıb. Bu da qiymət artımının əhalinin rifah halına təsirini əhəmiyyətli dərəcədə azaldır. Eləcə də Prezident İlham Əliyevin ötən ilin dekabr ayında əməkhaqları, təqaüdlər, sosial müavinətlərin artımı ilə bağlı imzaladığı çoxsaylı fərman və sərəncamlar bunun növbəti real təsdiqidir. Həmin rəsmi sənədlərə müvafiq olaraq əhalinin cari il ərzində gəlir səviyyəsi daha yüksək olacaq və bu da qiymət artımının kompensasiya edilməsi baxımından böyük önəmə malikdir. Sosial rifah halının davamlı xarakteri cari ilin  dövlət büdcəsi fonunda da özünü qabarıq büruzə verir. Bu  ilin dövlət büdcəsinin ümumi xərclərində sosial məqsədlərlə ayrılan vəsaitin xüsusi çəkisi 46,5 faizə bərabərdir. Bu bir daha əhalinin maddi rifah halının davamlı yüksəlişinin dövlət üçün prioritet istiqamət təşkil etdiyini nümayiş etdirir. Eyni zamanda, inflyasıyanın aşağı həddə saxlanılması iqtisadi artımı da təmin edəcək əsas faktorlardan biri olacaq.

Tahir TAĞIYEV