MQ status məsələsini kənara qoyaraq humanitar işlərlə məşğul olsun - Ceyhun Bayramovun bəyanatını bu sadə formada başa düşəkmi?..

3 Dekabr 2021 16:50 (UTC+04:00)

Xarici işlər naziri Ceyhun Bayramov Stokholmda ATƏT Xarici İşlər Nazirləri Şurasının 28-ci iclasında çıxışı zamanı deyib ki, ATƏT-in Minsk Qrupu postmünaqişə kontekstində Ermənistan və Azərbaycan arasında normallaşmaya yardım edə bilər.

Nazir bildirib ki, indiki kritik dövrdə sülh və sabitliyin möhkəmləndirilməsi üçün bütün beynəlxalq ictimaiyyət tərəfindən birgə səylərə ehtiyac var: “Hazırda Beynəlxalq İctimaiyyətin edə biləcəyi ən yaxşı şey yanlış gözləntilərə yönəlməmək, əksinə, bütün səylərini üçtərəfli bəyanatın tam tətbiqinə, eləcə də Ermənistan və Azərbaycanla birlikdə regionda etimad inşası ilə bağlı birgə işləməyə fokuslamaqdır. ATƏT-in Minsk Qrupu da postmünaqişə kontekstində Ermənistan və Azərbaycan arasında normallaşmaya yardım edə bilər. Dəyişmiş reallıqlar fonunda biz həmkarlarımızı və tərəfdaşlarımızı inkişaf və əməkdaşlıq üçün regiondakı yeni perspektivli fürsətləri dəyərləndirməyə və onun üstünlüklərindən yararlanmağa çağırırıq”.

Ceyhun Bayramovun bu mövqeyində əslində ATƏT-in Minsk Qrupu ilə bağlı Azərbaycanın mövqeyi konkret ifadə olunur ki, təsisat bundan sonra status məsələsi ilə yox, humanitar məslələrlə məşğul olsa daha məqsədəuyğun olar. Bir sözlə, buradan  Minsk Qrupuna lazımi yerinin göstərildiyi qənaətinə gəlmək olarmı?

Ana Vətən Partiyasının sədr müavini Arzuman Abdulkərimov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, əslində Ceyhun Bayramov ATƏT-in Minsk Qrupu ilə bağlı məsələdə Azərbaycanın ənənəvi mövqeyindən çıxış edib:

”Məlumdur ki, Ermənistan Azərbaycanla sülh danışıqları prosesində uzun illər Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsinə çalışmış və son müharibədən sonra kənarda qalmış ATƏT-in Minsk Qrupunun vasitəçiliyində israr edir. Azərbaycan ATƏT-in Minsk Qrupunun fəaliyyətindən narazıdır və bu narazılığı həm 44 günlük müharibə zamanı, həm də müharibədən sonra bir neçə dəfə təkrarlayıb. Prezident İlham Əliyevə görə, münaqişənin dinc yolla nizamlanmasında ATƏT-in Minsk Qrupu heç bir rol oynaya bilməyib. Öncə Minsk Qrupunun canlanmasında maraqlı olan tərəfə baxaq - bu, rəsmi İrəvandır. ATƏT-in Minsk Qrupunun vasitəçiliyini Ermənistana cazibədar göstərən onun hazırladığı, amma icra edə bilmədiyi Madrid prinsipləridir. Həmin layihədə ərazi bütövlüyü ilə yanaşı, xalqların öz müqəddəratını həll etmək müddəası da öz əksini tapıb.

Azərbaycan üçün isə Qarabağın statusu məsələsi mövcud deyil, amma Ermənistanın siyasi rəhbərliyi Dağlıq Qarabağın statusu məsələsində israr edəcəyini deyir. Azərbaycan Ermənistanla sülh danışıqlarında ATƏT-in Minsk Qrupunun iştirakı ilə bağlı çağırışlara birbaşa imtina cavabı verməyib. Amma ötən payız baş vermiş və 44 gün davam etmiş müharibə müddətində və ondan sonra da Azərbaycan rəhbərliyi Minsk Qrupunun fəaliyyətini tənqid edib. Prezident İlham Əliyev ötən ilin dekabrında ölkəyə gəlmiş ATƏT-in Minsk Qrupunun həmsədrlərini və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edərkən onlara demişdi ki, Minsk Qrupu münaqişənin həllində heç bir rol oynamayıb və Ermənistanı Azərbaycan ərazilərindən çıxmağa vadar edə bilməyib. Görürsünüz ki, Ceyhun Bayramov da Minsk Qrupu üçün fəaliyyət sahələrini göstərir. Yaxşı olar ki, ATƏT-in Minks Qrupu üçtərəfli bəyanatların icrasını dəstəkləməklə bölgədə sülh və inkişafın təmin olunmasına töhfə versin. Ermənistanı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə vadar etsin. İki ölkə arasında yaranmış sərhəd delimitasiyası və demarkasiyası problemini yoluna qoymaq üçün də Minsk Qrupu heç bir səy göstərmir. Artıq həmsədrlərə iş qalmayıb, çünki onlar 30 il mənasız danışıqlar aparıblar, heç bir nəticə olmayıb. Dağlıq Qarabağ termini də artıq yoxdur, Qarabağ, Şərqi Zəngəzur termini var. İndi Rusiya vasitəçilik edir, proseslərdə Türkiyənin də fəallığı nəzərə çarpır. Onların aktiv səyləri ilə bölgədə sülhü təmin etmək olar. Təəssüf ki, Minsk Qrupunun həmsədri olan Fransa açıq şəkildə Ermənistanı dəstəkləyir. Çox düz olaraq qeyd edilib ki, onlar humanitar problemlərin həlli ilə məşğul olsalar yaxşıdır”.

Məhəmmədəli QƏRİBLİ