Əliyevlə Rəisinin Aşqabadda “Zəngəzur dəhlizi” müzakirələri proseslərə real təsirsiz ötüşməyəcək...

29 Noyabr 2021 18:57 (UTC+04:00)

Aşqabadda Prezident İlham Əliyevin İran Prezidenti Seyid İbrahim Rəisi ilə görüşündə Zəngəzur dəhlizi haqda müzakirə aparılıb.

Söhbət zamanı Azərbaycanla İran arasında Şimal-Cənub nəqliyyat dəhlizi, həmçinin Zəngəzur nəqliyyat dəhlizi çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Zəngəzur dəhlizinin reallaşması nəticəsində İranın da bundan faydalanacağı və bu nəqliyyat qovşağından istifadə edə biləcəyi imkanları vurğulanıb. Görüşdə Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbədən sonra regionda geosiyasi vəziyyətin dəyişdiyi bildirilib, bölgə ölkələrinin regional məsələlərin həllində iştirakının vacibliyi diqqətə çatdırılıb. Eyni zamanda, ölkələrimiz, habelə Azərbaycan, Rusiya və İran arasında enerji qovşağının yaradılması məsələləri müzakirə edilib.

Bütün bu deyilənlərin fonunda, Zəngəzur dəhlizi ilə bağlı İranla müzakirələrin aparılmasının nə kimi əhəmiyyəti olacaq? Ekspertlər bunu necə dəyərləndirir?

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Elşən Manafov buna bir neçə aspektdən yanaşdı: “Aşqabadda İƏT-in 15-ci Zirvə görüşü çərcivəsində Azərbaycan Prezidentinin keçirdiyi göruşlər, müzakirə olunan məsələlər ətrafında əldə edilmiş razılıqlar dövlətimizin nüfuzundan xəbər verir. Bu, təşkilatda təmsil olunan digər ölkələrlə ikitərəfli və çoxtərəfli münasibətlərin perspektivdə daha da inkişaf etməsində və genişlənməsində müstəsna əhəmiyyət kəsb edəcək. İbrahim Rəisinin İranda keçirilən son prezident seçkilərində qalib gəlməsindən sonra bu, Azərbaycan və İran dövlət başçılarının ilk görüşü idi. Tərəflər bu iki dövlət arasındakı münasibətlərə qardaş xalq və dost ölkələr arasında münasibətlər kimi dəyər verməklə regionda əməkdaşlıq, təhlükəsizlik, dayanıqlı sabitliyin bərqərar olmasında qarşılıqlı maraqların olduğunu ortaya qoydular. Azərbaycan Prezidenti Türkmənistan qazının İran ərazisindən keçməklə ölkəmiz üzərindən Qərbə nəqli ilə bağlı əldə edilmiş razılığı tarixi hadisə kimi dəyərləndirib. Rəisi ilə aparılmış danışıqlarda İran Zəngəzur dəhlizinin istifadəyə veriləcəyi ilə bağlı Soçidə verilmiş bəyənatı dəstəklədiyini bildirib. Soçidə əldə edilmiş razılıqların bölgədə dövlətlər arasında əməkdaşlığın genişlənməsinə töhfə verəcəyini qeyd edib. İranla bu yöndə müzakirələrin aparılması Zəngəzur dəhlizinin əhəmiyyətini daha da artıracaq. Rəsmi Tehran bölgədə əməkdaşlığın genişlənməsinə, təhlükəsizlik və sabitliyin təmin olunmasına töhfə verəcək 3+3 formatına dəstək verdiyini bəyan etməklə ciddi addım atdı. Bölgənin tranzit imkanlarının genişlənməsində, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat kommunikasiya yollarının iqtisadi baxımdan rentabelliyinin təmin olunmasında Zəngəzur nəqliyyat dəhlizi özunəməxsus rol oynayacaq. Habelə, münaqişə tərəfləri arasında delimitasiya və demarkasiya problemləri həll olunacağı təqdirdə, bölgədə nəhayət ki, dayanıqlı sabitliyin bərqərar olunacağının şahidi olacağıq”.

Politoloq onu da qeyd etdi ki, Zəngəzur dəhlizinin imkanlarından yararlanmaq İranın da xeyrinə olacaq.

Vidadi ORDAHALLI