Ərazisində erməni məbədi tikilməsinə izn verən dövlətlər peşman olublar - erməni filosofun yazdıqları...

29 Noyabr 2021 16:45 (UTC+04:00)

Bilirik ki, dünyanın bir çox ölkəsində erməni-qriqoryan məbədləri fəaliyyət göstərir. Ermənilər harada məskunlaşırlarsa, orada özlərinə kilsə tikirlər. Bu kilsələr isə çox zaman sonradan həmin dövlətlər üçün baş bəlasına çevrilir. 

Erməniləri zaman-zaman ifşa edən erməni filosofu və tarixçisi Filip Ekzoyants maraqlı bir məsələni gündəmə gətirib. “Dünyanın bir çox ölkələri vaxtilə öz ərazilərində ermənilərə məbədlər tikmələrinə icazə verdiklərinə görə peşman olublar” - deyə Ekzoyants bildirib.

Qeyd edək ki, ermənilər müxtəlif ölkələrdə tikdikləri bu məbədlərin içində, yaxud qarşısında “soyqırım abidələri” inşa edirlər və bu da çox zaman həmin dövlətlərin özlərinə problem yaradır.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, professor Qasım Hacıyev “Bakı-Xəbər”ə bildirdi ki, Filip Ekzoyants son dövrlər ermənilərin tarixi saxtalaşdırmaqları, uydurma tarix yazmaqları, cəfəngiyyatları barədə məlumatlar verir və bütün bunları tənqid edir. “Bütün bunları biz görürük, müşahidə edirik. Amma burada incə bir məqam var. Ola bilsin, Ekzoyants da bəzi dırnaqarası tənqidçilər kimi əvvəlcə özünü “obyektiv tarixçi” kimi tanıdır, sonradan isə öz mənfur fikrini, niyyətini ortaya qoyur. Belələri ermənilər arasında çoxdur. Düzdür, çox da etiraf etməyi xoşlamırlar, həmişə uydurma, saxta, deyək ki, çox fövqaladə şəkildə elə tarix düzəltmək istəyirlər ki, onu başqaları da qəbul etsin. Başqaları qəbul etməsə də özlərindən eyforiya yaradırlar. Amma Ekzoyants, başqalarından fərqli olaraq, məsələlərə bir az obyektiv yanaşır və ermənilərin saxtakarlığına aid çoxlu tutarlı fikirləri, faktları var”.

Q.Hacıyevin sözlərinə görə, F.Ekzoyants son açıqlamasında əsasən bir məsələni nəzərdə tutur. O qeyd etdi ki, üç-beş erməni bir yerə yığışanda əsl xarakterlərini ortaya qoyurlar, bu da başqa xalqları ciddi narazı salır. “Ermənilər xarici ölkələrdə kilsə tikirlərsə, bunu din, ibadət məqsədilə tikmirlər, burada çox çirkin təbliğat işləri ilə məşğul olurlar. Onlar kilsədən öz saxta “tarix”lərini təbliğ etmək üçün istifadə edirlər, bir çox məbədin qarşısında qondarma “soyqırım abidələr”i qoyurlar. Burada başqa bir məqam da var ki, ermənilər vaxtilə məbəd tikmək adı ilə götürdükləri ərazilərin ətrafını da mənimsəyirlər və oranı “qədim erməni torpağı” elan edirlər. Məbədlərin yerləşdiyi ərazilərlə və onun ətrafı ilə bağlı miflər, əfsanələr yaradırlar ki, bura “qədim erməni torpağı olub”. Hətta çox zaman o məbədlərin ətrafında qanunsuz olaraq erməni məhəllələri salırlar, yerli əhaliyə maneçilik törədirlər və sair.

Xatırlayıram ki, İranda da, Gürcüstanda da, başqa qonşu dövlətlərdə də onlar belə çirkin işlər görüblər. Elə Azərbaycanda da, ayrı-ayrı ölkələrdə də əvvəlcə dini ibadətgahlardan yapışıblar, sonra isə ərazi iddialarını ortaya qoyublar. Eçmiədzinə (Üçkilsə, Üç müəzzin) necə sahibləndikləri heç kəsə sirr deyil. Saxta ideologiya yaradıb onu dini mərkəzləri kimi tanıtmağa başladılar. Uzun illər bunun uğrunda saxta məlumatlar əsasında təbliğatlar apardılar. Ermənilər hər yerdə deyir ki, Gürcüstanın Samstxeti-Cavaxetiya bölgəsi guya ermənilərə aiddir. Guya qədimdən onların olub, indi də onlarındır. Böyük saxtakarlıqdır. Bu iddialarını, hətta Avropa ölkələrində də davam etdirirlər, hətta özlərini “ən dürüst xristian” adlandırmaqdan belə çəkinmirlər, bu da yerl xristianları qıcıqlandırır. Ermənilərdən şikayətlər həddən artıq çoxdur. Sirr deyil ki, ermənilər məbədlərin ərazisində saxta “soyqırım abidələri” qoyur, kilsənin içində xüsusi guşələr yaradıb öz yalanlarını təbliğ edirlər. Bu məbədləri inşa etdirərkən əsas məqsədlərindən biri  bu ölkələri də onların “dərd-sərinə şərik” kimi təqdim etmək olub, bu da o ölkələri peşman duruma salıb. Bu həmin dövlətlərin və yerli əhalinin xoşuna gələn hal deyil”.

Q.Hacıyevin sözlərinə görə, amma hansı dövlətlər ki, türk düşmənləridir, onlar ermənilərin saxta “soyqırım” siyasətinə qoşulur, türk xalqına hörməti olanlar isə ermənilərin bu təbliğatına etiraz edir.

İradə SARIYEVA