Qeyri-neft ixracımızın gəliri xaricdən aldığımız ərzağın heç yarısını da örtə bilmir...

27 Noyabr 2021 09:38 (UTC+04:00)

Hesablama Palatasının gələn ilin dövlət büdcəsi ilə bağlı rəyində ayrıca toxunulan məsələlərdən biri qiymət artımı səviyyəsinin yüksəlməsi haqqındadır. Palata öz rəyində qiymət artımlarını daha çox xarici amillərə bağlayır.

Rəydə qeyd edilir ki, idxal olunmuş məhsulların yanvar-avqust ayları ərzində 21.7 faiz bahalaşması, o cümlədən dünya bazarlarında ərzaq məhsullarının il ərzində 32.8 faiz bahalaşması istehlak bazarında qiymət artımına təkan verib. Rəydə qiymət artımı səviyyəsinin yüksək olmasına təsir göstərən amillərdən biri kimi də Tarif Şurasının il boyunca mal və xidmət qiymətlərini artırması göstərilib.

Bütün bunlarla yanaşı, narahatlıq doğuran məqam odur ki, qeyri-neft ixracı istehlak məhsullarının idxalından geri qalır. Ölkədə qeyri-neft məhsullarının ixracından əldə edilən gəlirlər hələ də istehlak məhsullarının idxalına sərf edilən vəsaitdən azdır. Tədiyyə balansı barədə məlumatlara görə, 2021-ci ilin birinci yarısında ölkəyə 2 milyard 351 milyon dollar həcmində istehlak malları idxal edilib. Bu rəqəm ölkənin bütün idxalının yarısına bərabərdir. Həmin müddət ərzində Azərbaycanın qeyri-neft ixracından əldə etdiyi gəlir 20 faiz artıb. Ancaq qeyd edilən müddət ərzində Azərbaycanın qeyri-neft ixracı 20 faiz artsa da, hələ də qeyri-neft məhsulları ixracından əldə edilən gəlir istehlak mallarının idxalına sərf edilən vəsaitdən 2.2 dəfə geri qalır.

O baxımdan bu cür xoşagəlməz iqtisadi qeyri-bərabərliyin səbəbini ekspertlər nə ilə izah edir?

Məsələyə münasibət bildirən İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin direktoru Ruslan Atakişiyev bunun səbəbini müxtəlif amillərlə əlaqələndirdi: “Bunun müxtəlif səbəbləri var. Səbəblərdən biri ondan ibarətdir ki, insanlar xarici ölkələrdə istehsal olunan məhsullara üstünlük verir. Həmin məhsullar ya ölkə daxilində istehsal olunmur, ya da istehsal olunan məhsulların keyfiyyəti alıcıların istəklərinə uyğun deyil. Ona görə də bu məsələdə istehlakçı məmnuniyyəti məsələsi önəmli rol oynayır. Azərbaycanda istehsal olunan bir sıra məhsullar rəqabətdə uduzur. Nəticədə istehlakçılar əsasən idxal olunan məhsullara üstünlük verirlər. O üzdən, ölkədə azad rəqabət olmalıdır və keyfiyyətli məhsul istehsalına önəm verilməlidir. Bütün bunlar yetərli səviyyədə olmadığı üçün qeyri-neft məhsulları ixracından əldə edilən gəlir istehlak mallarının idxalına sərf edilən vəsaitlərdən bu qədər geridə qalır. Ölkədə inhisarçılıq və onun təzahürləri tamamilə biznes mühitindən yığışdırılmalıdır ki, belə qeyri-bərabərlik ortadan qalxsın. Yalnız o halda problem öz həllini tapacaq. Əks təqdirdə idxaldan asılılıq artacaq və ölkədəki kapital xaricə axacaq”.

Bir sözlə, ekspert hesab edir ki, sözügedən məsələlərlə bağlı sistemli işlər görülməlidir.

Vidadi ORDAHALLI