Kasıb ölkələrin vaksin problemini İlham Əliyevə qədər kimsə belə dəqiq gündəmə gətirməyib - BMT kürsüsündə haqlı ittiham...

24 Sentyabr 2021 17:35 (UTC+04:00)

“...Azərbaycan dəfələrlə açıq şəkildə peyvəndlərin zəngin ölkələr tərəfindən öz ehtiyaclarından daha artıq miqdarda alınması ilə bağlı narazılığını ifadə edib. Biz davam edən “peyvənd millətçiliyi” və peyvəndlərə çıxışla əlaqədar inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında dərinləşən qeyri-bərabərliklə bağlı narahatlığımızı bir daha vurğulayırıq. Belə hərəkətlər inkişaf etməkdə olan ölkələrin öz əhalisini qorumasını əngəlləyir. Beynəlxalq hesabatlara əsasən, bugünə qədər dünyada mövcud olan peyvənd dozalarının 75 faizindən çoxu 10 zəngin ölkə tərəfindən alınıb, aşağı gəlirli ölkələrdə isə peyvəndlənmə 2 faizdən azdır...”

Bunu BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində Prezident İlham Əliyev videoformatda çıxışı zamanı deyib.

Azərbaycan Həkimlər Birliyinin İdarə Heyətinin üzvü, professor Ədalət Rüstəm “Bakı-Xəbər”ə bildirdi ki, Prezident İlham Əliyev bu vacib məsələni dəfələrlə gündəmə gətirib və bunu beynəlxalq aləmin diqqətinə çatdırıb: “Prezident İlham Əliyev kasıb ölkələrin peyvnədlə bağlı yaşadığı ciddi problemi gündəmə gətirməklə dünyada az gəlirli ölkələrin olduğunu, insanların əziyyət çəkiyini dünya birliyinin yadına saldı. Bu gün “peyvənd millətçiliyi” dünyanın böyük problemlərindən birinə çevrilib və həddən artıq varlı, imkanlı ölkələr tələb olunandan artıq vaksin alıb, amma imkansız, kasıb ölkələr vaksin almaqdan məhrum olublar. Prezident İlham Əliyevin BMT tribunasında bir daha gündəmə gətirdiyi bu məsələ bütün dünyanı düşündürməlidir. Təsəvvür edin ki, bir ölkə normadan artıq dozada peyvənd alıb əhalisini peyvəndləndirir, amma qonşusu kasıb olduğu üçün peyvənd ala bilmir. Görün necə böyük bir problemdir. Varlı ölkələr elə bilirlər ki, nə qədər çox peyvənd alıb anbarlara doldursalar, bir o qədər pandemiyadan tez xilas olarlar. Bu doğru yanaşma deyil. Çünki əgər onun qonşuluğunda yerləşən ölkədə peyvəndlənmə bir-iki faiz təşkil edirsə, yoluxma günü-gündən çoxalırsa, fəlakətlər baş verirsə, mütləq bunun zərbəsini o da hiss edəcək. Yəni demək istəyirəm ki, dünyada qonşuluq münasibətləri, himanizm, insanlıq deyilən bir məfhum var. Azərbaycan Prezidenti BMT tribunasından səsləndirdiyi haqlı ittihamla “peyvənd millətçiliyi” yaradanlara başqa ölkələrlə qonşu olduqlarını, onların daşıdığı mənəvi vəzifəni, humanizmi və dünyanın bir parçası olduqlarını xatırlatdı. Onların yadına saldı ki, pandemiya bütün dünyanın ağrısıdı, qayğısıdır, bundan xilas olmaq ümümbəşəri həmrəylikdən keçir”.

Prezident İlham Əliyevin səsləndirdiyi bu haqlı iradın, ittihamın nəticəsiz qalmayacağına inandığını deyən professor Ə.Rüstəmin sözlərinə görə, ola bilsin ki, bundan sonra peyvənd monopoliyası yaradan ölkələr bir az rəhmə gəlib kasıb ölkələrə də dəstək göstərsin: “Cənab Prezidentin fikirlərini birmənalı olaraq yüksək dəyərləndirirəm və hesab edirəm ki, onun səsləndirdiyi haqlı iradın nəticəsi olacaq, bu dövlətlər nəticə çıxaracaqlar. Həddindən artıq çox peyvənd dozası alan ölkələrin kasıb ölkələrə jestlər edəcəyi gözləniləndir, hamısı olmasa da, bir neçəsi humanist addım ata bilər. Çünki bu belə gedə bilməz. Bu qeyri-bərabərlik, qeyri-humanist münasibətlər davam edə bilməz”.

İradə SARIYEVA