Vətən müharibəsi qazisinin öz medalını satışa çıxarması hüquqi məsuliyyət yaradırmı?..

24 Sentyabr 2021 16:22 (UTC+04:00)

Xəbər verildiyi kimi, Azərbaycanda Vətən müharibəsi qazisi aldığı “Xocavəndin azad olunmasına görə” medalını satır.

Qazi İsgəndərov Səid İman oğlu bu barədə satış elanı verib. “Bu medalları müharibədə canımı ortaya qoyub qazanmışam. İndi yardım olunmadığı üçün satıram. Kim istəsə, alsın. Vətən müharibəsinin medalıdır”, - qazi qeyd edib. Səid İsgəndərov bildirib ki, diqqətdən kənar qaldığı üçün belə bir addım atıb.

Maraqlıdır, dövlət tərəfindən verilən orden və medalların, dövlət təltiflərinin satılması nə dərəcədə düzgündür? Ümumiyyətlə, dövlət təltiflərinin satılması hüquqi məsuliyyət yaradırmı?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirildi ki, S.İsgəndərov işsiz deyil, hazırda “Azərpoçt” MMC-də əməliyyatçı (aylıq əməkhaqqı 320 manat) işləyir. Ona Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta”) tərəfindən sığorta ödənişi (550 manat) və “YAŞAT” Fondu tərəfindən maddi-məişət şəraitinin yaxşılaşdırılmasına dəstək olaraq maddi yardım (2500 manat) edilib: “Onun istəyi daha yüksək əməkhaqqı olan işdə çalışmaq və ya özünüməşğulluq proqramına cəlb edilməkdir. İşsiz olmadığı üçün həmin proqrama cəlb edilməsi mümkün olmasa da, İsgəndərov ərazi məşğulluq mərkəzinə müraciət edib və yüksək əməkhaqqı olan vakansiyalarla tanış ola bilər. İstəyinə və əmək bacarıqlarına uyğun olduğu halda yüksək əməkhaqqı olan işlə təmin olunacaq. Səid İsgəndərov ona ölkəmizin ərazi bütövlüyü ilə əlaqədar əlillik dərəcəsi təyin edildiyi halda dövlət tərəfindən mənzillə təmin edilmək üçün qeydiyyata alına bilər. O, həssas qrupların ərzaq dəstəyi ilə təminatı proqramı ilə əhatə olunmaq üçün qeydiyyata alınıb”.

Hüquqşünas Hüseyn Axundov bildirdi ki,Vətənin müdafiəsi üçün verilən dövlət təltiflərinin satışa çıxarılması nə hüquqi, nə də mənəvi baxımdan düzgündür: “O medalı satmaq olmaz. Çünki dövlət təltifidir, ona görə də mülki dövriyyədə olmayan maldır. Məlumdur ki, dövriyyəyə buraxılan mallar barədə xüsusi siyahı var. Medal isə həmin siyahıda yoxdur. Dövriyyədə adı olmayan malın satışa çıxarılması hüquqi baxımdan düzgün deyil”.

Günel CƏLİLOVA